Tarix : 2009 Sep 07
Kod 13844

LAÇIN DƏHLİZİNİ ÖLÇMƏYƏ XÜSUSİ MİSSİYA GƏLİR

Qarabağ danışıqlarında mühüm mərhələ Nizamlama prosesində fəallaşma başlayır; tərəflərin “qəfil anlaşacağı” da istisna deyil
Azərbaycan Servisi/Aran Agentliyi
Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin qurulmasına dair razılaşmaların imzalanmasına qədər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda da bir sıra mühüm addımlar atıla bilər. Türkiyədə AKP hökumətinə bağlı “Yeni Şafak” qəzeti diplomatik mənbələrə istinadən bu barədə yazıb. Qəzetin yazdığına görə, sentyabrın ikinci yarısında Laçın dəhlizi ilə bağlı texniki araşdırmalar aparmaq üçün regiona ATƏT-in xüsusi missiyası gələcək.Missiya bu ilin avqustunda Moskvada əldə edilmiş razılaşmaya uyğun olaraq Laçın dəhlizinin enini araşdırmaqla məşğul olacaq. Daha sonra bu barədə xüsusi hesabat hazırlanaraq Minsk Qrupuna təqdim olunacaq. Missiyanın Laçın dəhlizinin təhlükəsizliyinin təmin edilməsi barədə məsələləri də araşdıracağı bildirilir. Qəzetin istinad etdiyi mənbələr bu missiyanın göndərilməsini Qarabağ danışıqlarında mühüm mərhələ kimi qiymətləndirib. Xəbər verildiyi kimi, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda Laçın dəhlizinə dair prinsipial anlaşma əldə olunub. Azərbaycan prezidenti İlham Əliyev də xarici mətbuata müsahibələrində təsdiq edib ki, Dağlıq Qarabağdan Ermənistana quru dəhlizinin verilməsi barədə anlaşma var. Lakın məlumatlara görə, dəhlizin təhlükəsizliyinin təmin edilməsi və eni barədə məsələlər hələ danışıqlar mövzusudur.
“Yeni Şafak” bildirir ki, Qarabağ danışıqlarında dönüş nöqtəsi oktyabrın 5-dən 7-dək Moldovada MDB sammiti zamanı prezidentlər arasında aparılacaq danışıqlarda əldə oluna bilər. Bu danışıqlara qədər Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü də gözlənilir. Həmçinin, həmin sessiyada Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ermənistanlı həmkarı Edvard Nalbəndyanla görüşəcək. Kişinyov sammitindən az əvvəl-oktyabrın 2-də və 3-də isə Qarabağ məsələsini Naxçıvanda Türkiyə və Azərbaycan prezidentləri müzakirə edəcəklər. Həmçinin sentyabrın ikinci yarısında Xəzər məsələlərinə dair Qazaxıstanın Aktau şəhərində keçiriləcək toplantıda Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli təmas zamanı Qarabağ probleminə toxunmaq imkanları var.
Qeyd edək ki, sentyabr ayında Minsk Qrupu həmsədrlərinin də regiona gələcəyi əvvəlcədən elan olunmuşdu. Lakin bu məsələdə qeyri-müəyyənlik var. Belə ki, Minsk Qrupunun tərkibi tam deyil. Amerikalı həmsədr Metyu Brayzanın missiyası başa çatıb, ancaq onun yerini kimin tutacağı bilinmir. Rusiyalı həmsədrin də dəyişdiriləcəyi haqda məlumatlar var idi. Hər halda, ehtimal olunur ki, prezidentlərin görüşü ərəfəsində Minsk Qrupu həmsədrləri tam tərkibdə formalaşa biləcək. Maraqlıdır ki, Ermənistanla münasibətlər məsələsi ilə paralel olaraq Qarabağ məsələsində də irəliləyiş əldə ediləcəyi haqda daha çox Türkiyədə əminlik var. Məsələn, xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla proses bitdiyində regionda digər qapalı sərhədlərin də açılacağını demişdi. Onun fikrincə, yaxın aylarda Qarabağ məsələsində konkret irəliləyişlər mümkündür. Davudoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin həllinə dair baza prinsipləri üzərində anlaşma əldə etməyə yaxın olduğu haqda həmsədrlər tərəfindən verilən açıqlamaları xatırladıb. Lakin prezidentlərin son görüşündə iştirak edən Amerikadakı “Heritage” fondunun eksperti Ariel Koen (hərçənd onun prezidentlər arasında danışıqlarda iştirakı faktının özü ilginc sayıla bilər - red.) “Amerikanın səsi”nə açıqlamasında deyib ki, Əliyevlə Sərkisyan heç bir nəticə əldə edə bilmədən ayrılıblar.
Bu baxımdan Türkiyədəki həm diplomatik çevrələr, həm hökumətə bağlı media tərəfindən Qarabağ münaqişəsinin (ətraf rayonların azad edilməsini nəzərdə tutan plan üzrə) həllinin yaxında olduğu haqda ifadə olunan optimizm birmənalı qarşılanmır. İstisna deyil ki, bu cür təsəvvürlər yaratmaqla, Türkiyə hökuməti Qarabağ şərtinin yer almadığı Ermənistan anlaşması ilə bağlı daxildən artmaqda olan tənqidləri yumşaltmağı hesablayır. Eyni zamanda, yaxınlarda Ermənistanla Azərbaycan arasında qəfil anlaşma ola biləcəyi də istisna edilmir. Yəni proses qeyri-müəyyən və ziddiyyətlidir.
  • Yazılıb
  • da (də) 2009 Sep 07