Əbülfəz Səfərov əlillik dərəcəsini bərpa etmək üçün ondan tələb olunan 500 manat rüşvəti vermədiyinə görə 1 il 7 aydır pensiya ala bilmir
Azərbaycan Servisi/Aran Agentliyi
Nərimanov rayonu, Sabit Rəhman küçəsi-20, mənzil 12-də qeydiyyatda olan YAP üzvü, Qarabağ əlili Əbülfəz Səfərov srağagündən 5 saylı mərkəzi klinik xəstəxanada aclıq aksiyasına başlayıb. Məlumatı alan kimi klinikaya baş çəkdik. Qarabağ savaşında ayağından yaralanaraq əlil olan və əsa ilə də güclə yeriyən Əbülfəz Səfərov bizimlə söhbətində ona qarşı yol verilən haqsızlığa etiraz əlaməti olaraq və tapdanan hüquqlarını bərpa etmək məqsədilə aclıq aksiyasına əl atdığını söylədi. I qrup Qarabağ əlili məmurların rüşvət tələbinə cavab olaraq artıq iki gündür ki, aclıq aksiyasına başlayıb.Ə.Səfərov deyir ki, 2006-cı ildə onun mənzil və maşın növbəsini ləğv ediblər. Bununla yanaşı Nərimanov rayonu 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının sədri onun I qrup əlillik statusunu ləğv edərək II qrupa endirib: “Komissiya sədri R.Şəmiyev, Tibbi-Sosial Ekspertiza Mərkəzinin direktoru T.Teymurov və bu qurumların əməkdaşları F.Qasımov, A.Hüseynov, İ.Hüseynov mən komissiyada olmadığım halda qeydiyyatda olduğum 18 saylı poliklinikanın "forma-88" adlı arayışı olmadan I dərəcəli əlil statusumu ləğv ediblər".
Qarabağ əlili bunun səbəbini komissiya üzvlərinin ondan rüşvət tələb etməsi ilə izah edir: “Komissiya sədri və üzvləri əlillik dərəcəmi bərpa etmək üçün məndən 500 manat rüşvət tələb etdilər. Həmin məbləği tapıb verə bilmədiyimə görə bunların qanunsuz əməlləri, vəzifələrindən sui-istifadə etməsi üzündən 1 il 7 aydır təqaüd almaqdan məhrumam”.
YAP üzvü olduğunu bir daha vurğulayan Ə.Səfərov bütün olanlarla bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət etdiyini söylədi: “Binəqədi Rayon Məhkəməsinin hakimi R.Qəhrəmanova və Bakı Apelyasiya Məhkəməsinin hakimi M.Bağırova tərəfindən qətnamə qəbul edilib. Qətnamədə mənim hüquqlarımın pozulduğu, acınacaqlı vəziyyətdə kirayədə yaşadığım qeyd olunsa da, hər iki hakim 75 faiz sağlamlığımı vətən uğrunda itirməyimi nəzərə almadan qarşı tərəfin xeyrinə qətnamə qəbul edib. Kassasiya şikayəti verməyə də imkanım yoxdur”.
Qarabağ əlili bildirdi ki, imkansız olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə hüquqlarının müdafiəsi üçün vəkil ayırmaq xahişi ilə müraciət edib: “Tapdanan hüquqlarımın müdafiəsi üçün mənə kömək etmələrini xahiş etsəm də heç cür yardım edə bilməyəcəklərini bildirdilər”.
Ə.Səfərovun sözlərinə görə, məmurların bu qanunsuz əməlləri barədə prezident İlham Əliyevə və Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovaya müraciət edib: “Artıq ölkə başçısı problemimlə maraqlanaraq aidiyyəti orqanlara mənimlə maraqlanmaları barədə göstəriş verib. Lakin bu günə kimi məmurlar ölkə başçısının göstərişini heçə sayaraq məndən rüşvət tələb edirlər”.
Qarabağ əlili onu da dedi ki, əgər aclıq aksiyası ilə də hüquqlarını bərpa edə bilməsə, başqa dövlətlərdən sığınacaq istəməli olacaq: “Vəzifələrindən sui-istifadə edən, mənim kimi minlərlə vətəndaşı aldadan məmurlar cəzalandırılmalı və biz vətəndaşların hüquqları bərpa olunmalıdır. Əks təqdirdə başqa varianta əl atacağam. Ölkəni elə bu gündən etibarən tərk etmək və başqa dövlətdən sığınacaq almaq istəyirəm”.
Onu da nəzərə çatdıraq ki, YAP üzvü olan Qarabağ əlili Əbülfəz Səfərovun ailə tərkibi beş nəfərdən ibarətdir. Hazırda kirayədə qalan ailənin isə heç bir üzvü işləmir.