Tarix : 2009 Sep 07
Kod 13846

Azərbaycanda bu il 121.144 uşaq birinci sinfə gedəcək

Hazırda Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 268,5 manat təşkil edir
Azərbaycan Servisi/Aran Agentliyi

Bu barədə təhsil naziri Misir Mərdanov müəllimlərin respublika konfransında çıxış edərkən bildirib. O deyib ki, ölkə prezidenti tərəfindən yürüdülən siyasət nəticəsində təhsil sahəsinə qoyulan investisiyaların məbləği ilbəil artır: “Baxmayaraq ki, bu il bütün dünyada maliyyə böhranı ili kimi yadda qalıb, ötən ilə nisbətən bu il təhsil sahəsinə 238 milyon manat artıq vəsait qoyulub. 2008-2009-cu tədris ilində Azərbaycan prezidenti tərəfindən 247 müəllimə müxtəlif fəxri fərmanlar verilib”. Təhsil nazirinin sözlərinə görə, 2009-cu ildə dövlət hər bir ali məktəb tələbəsinin təhsil alması üçün orta hesabla 1176 manat xərc çəkib. M. Mərdanov bildirib ki, il ərzində məktəbəqədər təhsil müəssisələrinin sayı 54 müəssisə azalıb: “Bir neçə il əvvəl məktəbəqədər müəssisələrin özəlləşdirilməsi ilə bağlı qərar qəbul olunub. Lakin onlar özəlləşdirmə prosesinə birdən-birə başlamırlar. Buna görə də bağçaların sayı tədricən azalır. Özəl uşaq bağçalarının sayı isə artıb. Yeni dərs ilin əvvəlində 3 özəl uşaq bağçası fəaliyyətə başlayacaq”. Nazirin sözlərinə görə, 2007-ci ildən başlayaraq birinci sinfə gedən uşaqların sayında artım qeydə alınıb. Bu il 121114 uşaq məktəbə ilk dəfə qədəm basacaq. Hazırda Azərbaycanda 1 milyondan çox şagird, yəni şagirdlərin 75 faizə qədəri yararlı məktəblərdə təhsil alır. Son 10 ildə məktəb tikintisi ilə bağlı aparılan proqramlar nəticəsində ikinövbəli məktəblərin sayı 73 faizdən 49 faizə, 3 növbəli məktəblərin sayı 34 faizdən 23 faizə endirilib. Lakin hələ də 600-ə qədər məktəb yararsız vəziyyətdədir. Nazirinin sözlərinə görə, ən ciddi problemlərdən biri də orta məktəblərdə xarici dilin tədrisidir. Təhsil Nazirliyi ötən il 7 orta məktəbdə ingilis dilinin intensiv tədrisinə başlayıb. Bu il isə 50 məktəbdə rus dilinin intensiv tədrisi aparılacaq.

  • Yazılıb
  • da (də) 2009 Sep 07