Tarix : 2009 Sep 07
Kod 13848

Barışdırmaq siyasəti, yoxsa..?

.
Azərbaycan Servisi/Aran Agentliyi
20 ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpağı Ermənistanın tapdağı altındadır. 10 minlərlə azərbaycanlı erməni təcavüzünün qurbanı olub, 1 milyonu isə doğma yurd- yuvasından didərgin düşüb. Belə bir ağrı-acını yaşadığımız dövrdə Azərbaycanla işğalçı dövlət arasında gah "xalq diplomatiyası", gah idman yarışları, gah da başqa vasitələrlə münasibətlər qurulmağa çalışılır. Bu siyasətin davamı olaraq bir neçə gün əvvəl iki nazirimiz yenə də İrəvanda olub. Belə ki, İrəvanda keçiriləcək Avropa birinciliyində azərbaycanlı cüdoçuların təhlükəsizliyini təmin etmək məqsədilə gənclər və idman naziri Azad Rəhimovun, həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun bu səfəri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Və haqlı olaraq cüdoçularımızın Ermənistana səfərinin ləğv edilməsi tələb olunub.

Məsələ ilə bağlı bizimlə söhbətdə Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev bildirdi ki, vəzifəsindən, fəaliyyətindən asılı olmayaraq heç bir azərbaycanlı Ermənistana səfər etməməlidir. Bunun siyasi nöqteyi-nəzərdən düzgün olmadığını diqqətə çatdıran M.Ağayev düşünür ki, yalnız torpaqlar işğaldan azad olunduqdan sonra İrəvanda keçirilən tədbirlərdə iştirak etmək, yaxud bu ölkə ilə münasibətlər qurmaq olar: "Əlbəttə, Azərbaycan Ermənistanda keçirilən hansısa yarışmalara qatılmaqdan imtina etsə, yəqin ki, beynəlxalq idman federasiyaları bunu birmənalı qarşılamayacaq. Onlar hesab edirlər ki, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, idman yarışlarında iştirak edilməlidir. Amma bu, heç də ölkə idmançılarımızın düşmən ölkəyə göndərilməsinə əsas vermir. Əksinə, həmin yarışdan imtina etməklə beynəlxalq ictimaiyyətə Ermənistanın işğalçı, təcavüzkar olduğunu çatdırmaq mümkündür".

Türkiyə idmançılarının İrəvanda keçirilən yarışlara qatılması, hətta Türkiyə prezidenti Abdullah Gülün fotbul matçını izləmək üçün Ermənistana getməsi Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Bəs, bu baxımdan bizim nazirlərimizin, cüdoçularımızın İrəvandakı yarışlarda iştirakını necə qiymətləndirmək olar? A.Gülün Amerikanın təsiri nəticəsində Ermənistana səfər etdiyini deyən YZP sədri bundan əlavə Türkiyənin öz dövlət maraqlarını həyata keçirdiyini söylədi: "NATO dövləti olaraq Türkiyə bütün qonşu ölkələrlə münasibətləri genişləndirib regional gücə çevrilməyə çalışır. Buna baxmayaraq, həm Azərbaycan hökuməti, həm də cəmiyyət qardaş Türkiyənin Ermənistanla münasibət yaratmasını istəmir. Bu baxımdan özümüzünkülərin də İrəvana getməsinə rəsmi dövlət səviyyəsində icazə verilməməlidir".
  • Yazılıb
  • da (də) 2009 Sep 07