xarici işlər naziri avropalı həmkarlarına Bakı-Laçın-İrəvan-Naxçıvan-Ədirnə yolundan danışıb; projeyə “Sülh yolu” adı verilib
Azərbaycan Servisi/Aran Agentliyi
Ankara ilə İrəvan arasında imzalanan protokollar həyata keçirilsə, Ermənistan enerji və nəqliyyat sahəsində nəhəng regional layihələrə qoşulacaq. Bu layihələrdən biri də Cənubi Qafqazla Avropanı birləşdirəcək yeni nəqliyyat dəhlizidir. Həmin dəhlizin yaradılması ideyasını ötən bazar günü İsveçdə başa çatan Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısı zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu irəli sürüb. Türkiyə hökumətinə bağlı “Sabah” qəzetinin Ə.Davudoğlunu bu səfərdə müşayiət edən əməkdaşının verdiyi xəbərə görə, söhbət Dağlıq Qarabağdan və Ermənistandan keçən quru nəqliyyatı dəhlizindən gedir.Ankaraya dönərkən təyyarədə “Sabah” əməkdaşı ilə söhbət edən Ə.Davudoğlu deyib ki, o, avropalı nazirlərə Qafqazdakı problemlərin həllinin yaradacağı geniş imkanlar haqda danışıb. Nazir Avropa İttifaqının dəstəyi ilə Qafqaz-Avropa quru nəqliyyatı dəhlizinin həyata keçirilməsini təklif edib. Onun təklifinə görə, Bakıdan yola çıxan avtomobil Dağlıq Qarabağdan və Laçın dəhlizindən keçib Ermənistana daxil olacaq, oradan isə Naxçıvana keçəcək, daha sonra Türkiyənin Ədirnə vilayətindən keçməklə Avropaya yollanacaq.
Ə.Davudoğlunun dediyinə görə, “Sülh yolu” adını verdiyi bu təklifi irəli sürərkən Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb ayağa sıçrayaraq Türkiyə olmadan Avropanın nə Qafqazda heç bir problemi həll edə, nə də qlobal gücə çevrilə bilməyəcəyini həmkarlarına deyib.
“AB Haber” saytının xəbərinə görə, sözügedən ideya əslində neçə vaxtdır müzakirə olunur. Avropa İttifaqının Beynəlxalq Nəqliyyat Daşımaları Birliyinin prezidenti Mixael Neilsen deyib ki, Türkiyənin Ermənistanla münasibətlər qurması və sərhədlərini açması sayəsində Ankara “New Eurasian Land Transport Initiative” adlanan yeni layihədə önəmli mərkəz olacaq. Onun sözlərinə görə, bu layihə Avropa ilə Qafqaz regionu arasına birbaşa avtomobil nəqliyyatı dəhlizinin yaradılmasını nəzərdə tutur.
Türkiyənin irəli sürdüyü Bakı-Laçın-İrəvan-Naxçıvan-Ədirnə yolu layihəsi indiki şərtlər altında fantastik hesab edilə bilər. Çünki bu layihənin həyata keçirilməsi üçün Qarabağ münaqişəsi nizamlanmalı və Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimad bərpa olunmalıdır. Bu da olduqca uzun prosesdir. Lakin göründüyü kimi, Türkiyə Ermənistanı indiyədək mövcud olan və yeni irəli sürülən bütün regional layihələrə cəlb etməyə hazırdır.
Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da təsdiq edib. Onun dediyinə görə, anlaşmalar həyata keçirilsə, Ermənistanın bütün regional layihələrdə iştirak etmək imkanı yaranacaq. Söhbət Bakı-Tiflis-Qars dəmiryol xəttinə Ermənistanın da qoşulması, İranla Türkiyəni birləşdirəcək yeni qaz kəməri və digər layihələrdən gedə bilər.
Lakin şübhəsiz ki, bütün bunların baş verməsi üçün Ermənistanla Türkiyənin anlaşması kifayət etmir, İrəvanın bir çox regional layihələrdə iştirakı Qarabağ münaqişəsi həll edilmədən mümkün olmayacaq. Türkiyə diplomatiyası da bunu nəzərə alaraq Ermənistanla münasibətlərə paralel olaraq Qarabağ münaqişəsinin də həllini tezləşdirmək istəyir. Laçın dəhlizindən Türkiyə ilə Azərbaycanın da istifadəsinə şərait yaradılması məsələsinin isə Qarabağ danışıqlarında müzakirə olunduğu haqda əvvəllər məlumatlar yayılmışdı.
Türkiyədə hökumətə yaxın media Ermənistanla imzalanan protokolları şərh edərkən bu sənədlərin regional layihələr üçün nə dərəcədə geniş imkanlar açdığını yazıb. “Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin inkişafına dair” başlıqlı ikinci protokola görə, tərəflər iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə münasibətləri inkişaf etdirmək üçün alt komissiyalar quracaqlar. Bununla da regionda misli görünməmiş yeni layihələr həyata keçirməyə imkan yaranacaq. Türkiyə bu layihələrə İran və Rusiyanı da qatmağı nəzərdə tutur. Artıq mövcud olan layihələrdə iştirak Azərbaycanın icazəsi olmadan mümkün olmasa da gələcəkdə Türkiyənin İran və Rusiyanın iştirakı ilə Ermənistanla Azərbaycansız bir sıra layihələr həyata keçirmək imkanı da yaranır. Yəni Azərbaycanın nəzəri baxımdan Ermənistanı bir sıra mühüm regional layihələrdən kənarda saxlamağa imkanları olmur.
Bu cür layihələrdən biri Ermənistandan keçməklə İranla Türkiyəni birləşdirəcək qaz kəməri ola bilər. Rusiyada da bu layihənin baş tutmasını mümkün hesab edirlər. Ermənistanın “Armrosqazprom” şirkəti İdarə Heyətinin sədri Karen Karapetyan “Kommersant”a açıqlamasında bu ideyanı mümkün hesab edib. Onun sözlərinə görə, hazırda Rusiya qazının Türkiyəyə, eyni miqdarda İran qazının da Ermənistanın elektrik stansiyalarına və həmin stansiyalarda istehsal edilən elektrik enerjisinin İrana ötürülməsi imkanları haqda müzakirələr gedir. Bu layihə baş tutsa, Ermənistan dolayısı yolla Rusiya-İran və Türkiyə arasında qaz dəhlizinə çevriləcək. Lakin “Kommersant” İrandan Ermənistana, oradan isə Türkiyəyə uzanacaq yeni qaz kəmərinin tikintisini də mümkün sayır.
Qeyd edək ki, Türkiyə-Ermənistan anlaşmasından sonra “Nabucco” qaz kəmərinin də Ermənistandan keçməsi ideyası barədə müzakirələr başlayıb. “Kommersant” qəzeti bu variantın birbaşa Qarabağ məsələsindən asılı olduğunu yazır. Çünki Azərbaycan Qarabağ münaqişəsi həll olunmadan öz enerjidaşıyıcılarının Ermənistandan keçməsinə heç bir halda icazə verə bilməzdi. Lakin Ankara ilə Brüssel arasında “Nabucco”nun Ermənistandan keçməsi ideyası müzakirə olunur. Diplomatik çevrələrdə hesab edirlər ki, qeyri-sabit Gürcüstana nisbətən Ermənistan daha təhlükəsiz dəhliz ola bilərdi.
Türkiyədəki Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan qəzetə açıqlamasında deyib ki, Ermənistan-Türkiyə anlaşması ilə paralel olaraq Qarabağ məsələsi də həll edilsə, bu variant mümkün ola bilər. Onun bildirdiyinə görə, ideya Türkiyə-Ermənistan danışıqlarında müzakirə olunur: “İlin sonuna qədər Avropa İttifaqı ”Nabucco"nun marşrutunu dəqiqləşdirmək istəyir, ona görə də Ankarada İrəvanla münasibətləri normallaşdırmaq səyləri artıb. Hələlik “Nabucco”nun Ermənistandan keçməsi haqda rəsmən danışmaq tezdir, lakin ötən ilin avqustunda Gürcüstandakı müharibədən sonra Avropada da bu ideya gündəmə gəlib. Bizim xarici işlər naziri də bunun yaxşı ideya olduğunu deyib".
Azərbaycandan olan enerji məsələləri üzrə ekspert Sabit Bağırov isə deyib ki, Qarabağ münaqişəsi həll olunmadan bu cür məsələlər real deyil. O, münaqişə nizamlanmadan Azərbaycanın Ermənistanla hansısa regional enerji layihələrində əməkdaşlığını istisna edir.
Lakin Türkiyə ilə Ermənistan arasında enerji əməkdaşlığının qurulması və inkişafı haqda müddəa artıq protokollardan birində yer alıb. Söhbət Azərbaycanın iştirakını nəzərdə tutmayan əməkdaşlıqdan gedə bilər. Çünki sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması Türkiyə və Ermənistana imkan verəcək ki, Rusiya və İranı da cəlb etməklə bir sıra layihələr həyata keçirsinlər. Türkiyə regional enerji mərkəzinə çevrilməyə çalışır və Rusiya ilə bu sahədə yaxın əməkdaşlıq edir. Rusiya bu yaxınlarda Türkiyəyə “Cənub axını” layihəsinə qoşulmaq və “Mavi axın-2" layihəsini həyata keçirmək təklifi verib. Həmçinin Rusiya öz neftini Türkiyə üzərindən Ceyhan limanına çıxarmaqda maraqlıdır. Eyni zamanda İran öz qazını Türkiyə üzərindən Avropaya çıxarmaq üçün səylər göstərir. Ermənistan isə enerji ehtiyatlarına malik olmayan ölkə olaraq bu əməkdaşlıqdan qazana bilər. Sərhədlərin açılması imkan verəcək ki, İran Ermənistan üzərindən Türkiyəyə yeni çıxış əldə etsin. Ermənistan isə ayrıca olaraq Türkiyə üzərindən Avropaya açılmaqla geniş imkanlar qazana bilər. Bura türk sərmayəsinin Ermənistana axıdılması və qarşılıqlı ticarətin artması da əlavə olunsa, İrəvanın sərhədlərin açılmasından qazancı kifayət qədər böyük olacaq.
Doğrudur, Qarabağ münaqişəsi həll olunsa və Azərbaycanla sərhədlər açılsa, Ermənistan daha çox qazana bilərdi. Lakin Türkiyə Qarabağ münaqişəsi həll edilmədən sərhədləri açsa, o zaman Ermənistanın Azərbaycana olan ehtiyacı da xeyli ölçüdə aradan qalxacaq, Azərbaycanın Qarabağ məsələsindəki mövqeləri isə ciddi ölçülərdə zəifləyəcək. Ona görə də Türkiyə iqtidarı Qarabağ məsələsi həll olunmadan sərhədlərin açılmayacağı haqda Azərbaycana verdiyi şifahi vədi yerinə yetirməsə, bu, Ermənistanı gücləndirərək Azərbaycanı zəiflədən addım olardı.