Tarix : 2009 Sep 08
Kod 13876

Məscidlər ətrafında yaranmış təhlükə ilə bağlı İşçi Qrup yaradıldı (reportaj - Press-Peliz)

Məscidlərin müdafiəsinə bütün fitrəti pak, zatı pak olan, özünü halalzadə bilən bütün şəxslər qalxmalıdır
Azərbaycan Servisi/Aran Agentliyi
Deyerler.org Bu gün, sentyabr ayının 7-i "Media Mərkəzi"ndə DEVAMM-ın təşəbbüsü ilə “Sökülən məscidlər” adlı tədbir keçirilmişdir. Tədbirin mövzusu ölkədə son zamanlar sürətlənmiş məscidofobiya prosesləri, həmçinin sökülməsi planlaşdırılan “Fatimeyi-Zəhra (s.ə.) məscidi ətrafında baş verənlər olmuşdur. Tədbir açan DEVAMM sədri, İçərişəhər “Cümə” məscidinin dini icmasının imam-camaatı Hacı İlqar İbrahimoğlu öncəki azan və hicab qadağalarını, həmçinin daha əvvəl dağıdılan iki məscidi xatırladaraq baş verənləri dövlətçiliyə qarşı mənəvi diversiyadan başqa bir şey olmadığını vurğuladı. Hacı İlqar xüsusilə vurğulamışdır ki, ciddi mənbələr bildirir ki, bəzi məmurların əllərində bir siyahı vardır ki, orada çoxlu sayda məscidin sökülməsi planlaşdırılır. Bütün bunların Bakının İslam mədəniyyətinin paytaxtı olduğu bir ildə baş verdiyini xatırladan DEVAMM sədri gələn ildə nələrin baş verə biləcəyini proqnozlaşdırmağın çox çətin olduğunu ifadə etdi. Hacı İlqar bütün bu narahatlıqlardan çıxış edərək məsələ ilə bağlı işçi qrupunun yaradıldığını elan etdi. Bu işçi qrupa ölkənin tanınmış ilahiyyatçı alimləri və xadimləri daxil olmuşlar. İşçi qrupun tərkibinin genişləndirilməsi də nəzərdə tutulmuşdur.

Daha sonra çıxış edən işçi qrupun üzvü, "Məşhədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli baş verənləri yalnız dindarların problemi kimi qələmə verilməsini pisləmişdir: “Mən belə düşünürəm ki, bu bütövlükdə Azərbaycan xalqının mənəviyyatına qarşı təcavüzdür. Bütövlükdə biz cəmiyyət olaraq bunun qarşısında dayanmalıyıq. Xüsusilə də ziyalılar və cəmiyyətin bütün kəsimləri bu məsələnin qarşısında dayanmalıdırlar. Baş verənlərə etirazlar bildirilməlidir. Məscidlərə qarşı baş verənlər düşünülmüş və məqsədyönlü siyasətdir. Ona görə də bunun qarşısı alınmalıdır.”

İşçi qrupunun digər üzvü, “Mənəvi Saflığa Dəvət” İB-nin sədri Hacı Elşən Mustafa inanca qarşı yürüdülən bu məmur özbaşınalığını bütövlükdə cəmiyyətin və insanlığın problemi kimi dəyərləndirmişdir: “İllərdir hər mübarək Ramazan ayı öncəsi dinlə bağlı mövzularda diversantların fəallığı hiss olunur. Sanki dövlətlə dindarların arasında uçurumlar yaratmağa çalışırlar. Dövlət başçısı məscidlərin açılışında iştirak etdiyi, birinci xanımın bir neçə məscidin tikintisində yaxından iştirak etdiyi bir vaxtda kimlərsə sanki qol gücü göstərərək məscidləri sökürlər. Ermənilər məscidləri yandırır, amma sökmürlər. Sovet məscidləri anbarlara, muzeylərə və digər sahələrə çevirirdi, amma sökmürdü. Hətta bağlayırdı, amma sökmürdü. Nə qədər mənəviyyatsız olmalısan ki, ermənidən də, sovetdən də artıq məscidlərə qarşı amansız olasan”.

İşçi qrupunun ağsaqqal üzvü Hacı Hacıağa Nuri məscidləri xalqımızın milli rəmzi adlandıraraq Qurandan Saleh peyğəmbərin (ə) dəvə əhvalatını nəql edərək demişdir: “Bunlar ona görə başımıza gəlir ki, azlıq cinayət edən də çoxluq susurdu. Ona görə də Azərbaycanı bəla gözləyir. Bu gün torpaqlarımız azad olunması və digər həyat əhəmiyyətli mövzularla məşğul olmaq yerinə görün bu gün bizi nə ilə məşğul edirlər?” Hacı İlqar İbrahimoğlunun QMİ sədri Allahşükür Paşazadəyə müraciətinə toxunan Hacı Hacıağa Nuri müraciətdəki sualı bir daha səsləndirmişdir: “Allah Qiyamət günü hər birimizdən soruşacaq; Allah evləri sökülərkən sən harada idin?”

İşçi qrupunun digər üzvü olan ilahiyyatçı alim, "Muhəmməd" məscidinin axundu Hacı İqbal komitənin işi üçün xeyir dua edərək bildirmişdir: “Məscidlərin müdafiəsinə bütün fitrəti pak, zatı pak olan, özünü halalzadə bilən bütün şəxslər qalxmalıdır. Və bu müdafiədə sözsüz ki, əqllə, təfəkkürlə aparılmalıdır. Allah Təala bu sahədə bizlərə kömək olsun”.

Dəyirmi masada komitənin işçi qrupundan olan ilahiyyatçı alim Hacı Mir Kazım Əyyubzadə də baş verənlərin dindar və dövlət münasibətlərini pozmağa hesablanmış olduğunu qeyd etdi: “Yəqin ki, ölkə başçısının bunlardan xəbəri yoxdur. Məmur özbaşınalığı sovet hökuməti dövründə də olmayanları bu gün müsəlmanların başına gətirir. Hal-hazırda din və dövlət münasibətləri gözəl getdiyi bir zamanda, ölkə başçısının özünün dindarlara və İslama qarşı ehtiramı olduğu bir zamanda bu insanlar din-dövlət münasibətlərini korlamaqda nə məqsəd güdürlər?, - bunu anlamaq çox çətindir”.

Daha sonra işçi qrupun digər üzvü, Fatimeyi-Zəhra (s.ə) məscidinin dini icmasının nümayəndəsi Seyyid Tofiq Rəsizadə çıxış edərək ümidini ifadə etmişdir ki, inanırıq ki, keçmiş prezident H.Əliyevin başladığı işi oğlu, prezident İ.Əliyev davam etdirəcəkdir: “Müstəqilliyimizi əldə etdikdən sonra eks-prezident Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə biz bu məscidin inşasına başladıq. Sonradan həm dövlət idarələrinin, həm xalqımızın, eləcə də dövlətin çağırışı ilə Suraxanı rayonunun bir sıra sahibkarlarının köməyi ilə “Fatimeyi-Zəhra (s.ə.) məscidinin tikinti işləri 1998-ci ildən davam etdirilmişdir. 2002-ci ildə isə H. Abutalıbov guya ərazidə tikinti işlərinin aparılmadığını əsas gətirərək qeyri-qanuni sərəncam imzalamışdır. Halbuki bizim əlimizdə tikinti işlərinin aparıldığı bütün illəri əks etdirən ətraflı video görüntülər vardır. Bu sərəncamdan sonra ölkə başçısına, onun xanımına, QMİ sədrinə icma olaraq qanunsuz sərəncamın ləğvi haqqında müraciətlər etmişik. Hazırkı merlə dəfələrlə görüşməyə cəhdlər etmişik. Lakin bu görüşlər baş tutmayıb. Biz belə hesab edirik ölkə başçısı bu məhkəmə qərarından xəbərsizdir. Ona düzgün məlumat çatdırılmayıb. Fikrimizcə, Allahın köməkliyi, onun bəndələrinin duaları və prezidentin fərmanı ilə “Fatimeyi-Zəhra” (s.ə.) məscidinin tikintisi davam etdiriləcəkdir”.

Tədbirin sonunda Deyerler.Org informasiya-analitik portalının sökülən iki məscid haqqında "Viranələr" adlı video çarxı nümayiş etdirilmişdir.
Deyerler.org
 
  • Yazılıb
  • da (də) 2009 Sep 08