Azərbaycan R-da məscidlərə qarşı son zamanlar baş alıb gedən hücumlar bütün dünyanın diqqət mərkəzindədir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda məscidlərə qarşı son zamanlar baş alıb gedən hücumlar bütün dünyanın diqqət mərkəzindədir. Demək olar ki, dünyanın əksər xəbər portalları baş verən hadisəni işıqlandıraraq münasibətlərini bildiriblər. Biz də baş verən hadisələri diqqətdə saxlamaq üçün ölkəmizin bəzi ictimai-siyasi nümayəndələrinin nəzər-diqqətini öyrənməyə çalışdıq.
AMİP nümayəndəsi Əli Orucov: “Qanunu pozmaqla, insanların heysiyyatını tapdalamaqla, sadəcə prosedur qayda həyata keçirilməyib. Əslində bu yanaşma bizi də narahat edir. Bu ilk hal deyil ki, Fatimeyi-Zəhra məscidi sökülür. Bundan qabaq müxtəlif bəhanələrlə bir sıra məscidlər qapısı dindarların ibadət etməməsi üçün bağlanıldı, bəziləri tamamilə nəzarətə götürüldü. Bütün bunlar onu göstəriri ki, Azərbaycanda insanların inancına, dini ayinlərinə də müdaxilə edirlər. Adətən totalitar rejimlərdə, avtoritar rejimlərdə belə hallar baş verir. Çünki onlar ümumiyyətlə insanların müqəddəs saydığı, qiymətləndirdiyi və arxasınca getdiyi ali dəyərlərdən narahat olurlar. Xatırladım ki, postsovet məkanında məscidlərə qarşı, dini ocaqlara qarşı bir səlib yürüşünə başlanılmışdı. İndi də eyni hal müşahidə olunur. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanı idarə edən bəzi məmurlarda eyni baxış hakimdir. Onlar bu əməllərinə qanunsuzluq donunu geyindirmək istəyirlər. Kifayət qədər böyük əraziyə malik məscid necə qanunsuz inşa oluna bilər ki, bütün ölkə üzrə yuxarıdan-aşağıya doğru məmurlar hər bir rayonda at oynadırlar?
Mənə elə gəlir ki, məscidlər sökülməsində ən əsas məqsəd insanları dini təsəvvürlərdən uzaq salmaqdır ki, bunun da arxasında siyasi maraqlar dayanır. Çünki insanların dini inancları artdıqca onlarda haqq-ədalət prinsiplərinin pozulmasına olan etiraz da artır. Belə olan halda isə rüşvətxor, korrupsioner məmurların əli-qolu bağlanır.”
Sənətşünas Ziyadxan Əliyev: “Son zamanlar Azərbaycanda dini obyektlərin sökülməsi ənənə şəklini almaqdadır. Bu çox xoşagəlməz haldır. Sözsüz ki, Azərbaycan gerçəkliyində adi bir daşın daş üstünə qoyulması üçün müəyyən bir ödəniş müqabilində mütləq icazə alınmalıdır. Bu icazəsiz nəsə bir iş görmək sadəcə mümkünsüzdür. Amma indi durub məscidin qanunsuz tikilməsi ilə bağlı iddia qaldırmaq, insanlığa yaraşan hərəkət deyil.
Bizim ölkənin üzərində bir müsəlman adı var. Amma mən əminliklə deyə bilərəm ki, bu adı burada yaşayanların hamısı daşımır. Burada barmaqla sananacaq qədər əsl müsəlmanlar var. Yəni burada müsəlmanların üstünlüyü olsaydı, bu cür ağlasığmaz addımı heç kəs atıb, məscid üzərinə hücuma keçməzdi.
İstisna etmirəm ki, bu cür halların baş verməsində Azərbaycanda fəaliyyət göstərən missioner təşkilatların, onların havadarlarının da rolu az deyil.”
ABT sədri Hacı Namiq Babaxan: “Ölkədə son zamanlar məscidlərə qarşı aparılan aksiyadan biz də narahatıq. Və baş verən halları qətiyyətlə pisləyirik. Məscidlərin sökülməsinin, ibadətə bağlanmasının Azərbaycanda dinə, İslama təzyiq dalğasının növbəti axını kimi bilirik. Və Bunun dərhal dayandırılmasını tələb edirik. Sözügedən hadisə əvvəldən başlayaraq azanın qadağan edilməsi, dini etiqad azadlığına olan əlavə və dəyişikliklərlə dindarların hüquqlarının məhdudlaşdırılması, məscidlərin bağlanılması, Həcc kvotasının azaldılması ilə planlı şəkildə aparılıb. Son günlərdə isə məhkəmənin Fatimeyi-Zəhra məscidinin bağlanılması ilə bağlı verdiyi qərar bizə Sovetlər Birliyində NKVD-nin məscidlərin sökülməsi ilə bağlı verdiyi qərarı xatırladıb. Sözsüz ki, bizlər əhalisinin 98 faizi müsəlman bir dövlətdə bu cür ədalətsiz qərarın verilməsinə görə, Azərbaycan adından xəcalət çəkirik. Hələ bu azmış kimi məscidin sökülməsinə etiraz edən Azərbaycan dindarlarını polis öz ampluasından çıxış edərək, həmişəki kimi vəhşicəsinə döyüb.
Hesab edirik ki, bu cür məscidofobiyada xarici dövlətlərin də əli yox deyil. Bundan əlavə hazırda Azərbaycanda vəzifə başında olan bəzi məmurların da xarici havadarlarına yaltaqlığıdır. Bu gün belə bir kompaniya başlayıb ki, ənənəvi təriqətləri sıxışdırmaq, qeyri dini təriqətlərə, missionerlərə meydan vermək, sinaqoqların, kilsələrin tikintisini artlrmaq, məscidləri bağlamaq, sökmək. Nəticədə isə bütün bu baş verənləri, daha doğrusu İslama qarşı bu qədər amansız hücumları tolerantlıq hesab edirlər.”
Politoloq Cavid İmamoğlu: “Biz gündəlik dünya mətbuatını izləsək görərik ki, artıq Avropa ölkələrində demək olar hər gün məscidlərlə bağlı müzakirələr aparılır. Amma bu müzakirələr məscidlərin bağlanılması və ya sökülməsi üçün yox, başqa məqsədlər üçündür. Belə ki, onlar müzakirə apararaq minarəsiz məscidlərə minarə qoyulmasını, 2 məscidi olan şəhərdə daha yeni 3 məscid tikilərək sayının 5 çatdırılmasını araşdırırlar. Əgər bu gün bəzilərinin iddia etdiyi kimi Avropaya inteqrasiya ediriksə, onda gəlin biz də məscidlərimi abadlaşdıraq, onların sayını artıraq, nəinki vandallıq edib dağıdaq. Mən bu günlərdə məscid sökülməsi ilə bağlı Azərbaycan tarixinə baş vurdum. 14 əsrlik bir zaman kəsimində bir dənə də olsun məscid söküntüsünə rast gəlmədim. Əksinə o yerdə ki, məscid tikilib, mədrəsə tikilib, tarixin ən şərəfli səhifəsi o səhifədir. İndi bir məsələ var ki, Sovetlər Birliyinin qəddar vaxtında da məscidlərə hücumlar var idi, amma onda məscidləri sökmürdülər. Məscidləri anbar edirdilər, amma sökmürdülər. Biz bu gün internetə məscid söküntüsü ilə bağlı axtarış versək görərik ki, məscid söküntüsü ilə bağlı 2009-cu ildə 2 dənə hadisə var, o da Azərbaycanın adı ilə bağlıdır. Əvvəllər tarixi saxtalaşdırma faktları var idi, hansı ki, onda internet, virtual dünya yox idi. Amma indi tarixi saxtalaşdırmaq olmur. Hər şey internetdə var. Gələcək nəsillər bizə görə utanc hissi keçirəcəklər ki, onların ata-babalarının vaxtında məscidi dağıdıblar.
Bu gün ölkəmizdə yahova şahidləri, satanistlər, admentistlər, HOSTçular at oynadırlarsa, bunun əksinə olaraq isə İslama təzyiqlərin arası kəsilmirsə, kim məni inandıra bilər ki, burada adı çəkilən missioner təşkilatların və ya onların ölkəmizdəki havadarlarının əli yoxdur. Məhz buna görə də, əlaqədar orqanlar Azərbaycanda baş alıb gedən İslamafobiyanın qarşısını almalı, dinə olan təzyiqləri dayandırmalı və Azərbaycan xalqını qeyri-müəyyənlikdən xilas etməlidirlər.”