Məscidlərin sökülməsi bütün cəmiyyətin problemidir. Ümumlikdə məscidlərin sökülməsinə cəmiyyət məsuliyyət daşıyır
Azərbaycan Servisi/Aran Agentliyi
«2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunan Bakıda bu il artıq iki məscid sökülüb, bir məscid isə bağlanıb. Bütün bunları Azərbaycanı gözdən salmaq üçün edirlər». Bu sözləri ANS PRESS-ə Mənəvi Dünya İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib. Onun sözlərinə görə, məscidlərin sökülməsi heç bir məntiqə sığmır: «Məscidlərin sökülməsi rusvayedici hərəkətdir. Bu cür insanların aqibətini görmüşük. Onlar öz hərəkətlərinə görə Quranda lənət olunub, axirətdə buna görə cavab verəcəklər». Ş.Həsənli deyib ki, belələri ölür gedir, amma məscidlər sonda yenə də bərpa olunur, ibadət evlərinə çevrilir: «Məscidlərin sökülməsi bütün cəmiyyətin problemidir. Ümumlikdə məscidlərin sökülməsinə cəmiyyət məsuliyyət daşıyır». İlahiyyatçı bildirib ki, məscidlərin sökülməsinin qarşısını almaq hər bir vətəndaşın, hər fərdin borcudur: «Düşünürəm ki, məscidlərin sökülməsinə biganə qalmamağımız, hətta sökülməməsi üçün imzatoplama kampaniyasında iştirak etməyimiz, heç olmasa bircə dənə də məscidi sökülməkdən və bağlamaqdan xilas edə bilər». Qeyd edək ki, son zamanlar ölkədə məscidlərin sökülməsi məsələsi yenidən gündəmə gəlib. Rəsmilər bunu həmin məscidlərin qanunsuz tikili olduğunu səbəb gətirərək sökülməsini istəyir. Vətəndaşlar isə fərqli düşünür. Onlar məscidlərin sökülməsinin qarşısını almaq üçün Bakının bir sıra yerlərində buna qarşı imzatoplama kampaniyası keçirirlər.