Russiya servisi/Aran Agentliyi
«Rusiya keçmiş Sovetlər İttifaqında olduğu kimi, kolonial statuslu güc mərkəzini yenidən bərpa etmək istəyir. Bununla da Xəzərdə istədiyi kimi hərəkət etmək niyyətindədir. Bu səbəbdən də İranı bütün bu məsələlərdən uzaq tutmaq fikrindədir». Bu sözləri anspress-ə «Xəzər» Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq dövlət müşaviri Vəfa Quluzadə Xəzəryanı dövlətləri prezidentlərinin sabah keçiriləcək dördtərəfli qeyri-rəsmi görüşündə İranın iştirak etməməsi ilə bağlı fikirlərə münasibət bildirərkən söyləyib.
"Rusiya bilir ki, digər Xəzəryanı dövlətləri - Qazaxıstan, Türkmənistan və Azərbaycanı özündən asılı vəziyyətdə saxlaya biləcək və bu dövlətlərlə istədiyi şəkildə rəftar edə biləcək. Amma İranla bu alınmayacaq. Çünki İran kolonial mahiyyətli dövlət deyil və gələcəkdə Xəzərdə Rusiyanın həyata keçirmək istədiyi planlarda İran ona böyük maneələr yarada bilər. Bu səbəbdən də onlar indidən bu dövləti uzaq tutmağa başlayıblar».
V.Quluzadənin sözlərinə görə, Rusiya istəyir ki, onun icazəsi olmadan heç bir dövlət Xəzərdə heç bir layihə həyata keçirə bilməsin: «Rusiya Türkiyə ilə birgə Qara dənizin altından «Mavi axın» qaz boru kəməri çəkir. Amma indi istəyir ki, onun iştirakı olmadan Xəzərin dibindən heç bir boru kəməri çəkilməsin. Özündən etalon nümunəsi icad edir. Xəzərin dibi artıq bölünüb. Rusiya indi də istəyir ki, Xəzərin üstünün bölünməsindən digər dövlətlər vaz keçirsin. Bir sözlə, Rusiya istəyir ki, Xəzərdə ağalıq etsin. Bu ağalıq da Qazaxıstan neftinin Xəzərin üzərindən Azərbaycana nəql olunmasına və Bakı-Tiflis-Ceyhan əsas boru neft kəmərinə qoşulmasına mane olacaq».
Bu səbəbdən də V.Quluzadə İranın digər Xəzəryanı dövlətləri beynəlxalq məhkəməyə verməsini haqlı sayır: «İran bu məsələdə haqlıdır».
Xatırladaq ki, sabah Xəzəryanı region dövlətləri prezidentlərinin dördtərəfli qeyri-rəsmi görüşü keçiriləjək. Dördüncü Xəzəyanı dövlət kimi, İran bu görüşlərə dəvət almayıb. Bununla bağlı İslam Respublikası hər dövlətlə bağlı beynəlxalq məhkəməyə şikayət edəcək. İran rəsmiləri düşünür ki, Rusiya, Türkmənistan, Qazaxıstan və Azərbaycan ümumi maraqları səbəbindən, bu iclasda İranın iştirakı olmadan Xəzər dənizinə dair qərar qəbul etmək istəyirlər. Onlar bu dörd dövlət tərəfindən Xəzərə dair hər hansı bir qərarın qəbul edilməsinə ciddi şəkildə etirazını bildirir və vurğulayırlar ki, Xəzər dənizinin bütün ehtiyatları İran da daxil olmaqla, beş ölkənin hər birinə məxsusdur. Bu səbəbdən Xəzərə dair hər hansı bir qərar birgə qəbul edilməlidir.
Qeyd edək ki, 1921 və 1940-cı illərdə imzalanan sazişlər əsasında İran dörd dövlətlə bağlı beynəlxalq təşkilatlara şikayət edə bilər. Bu sazişlərə əsasən, İran Xəzər dənizinin müzakirəsi ilə əlaqədar olan bütün iclaslarda iştirak etməlidir. Əgər bu ölkələr Xəzərin enerji və ya geosiyası məsələləri üzrə hər hansı bir qərarın qəbul edilməsində İranı uzaqlaşdırsalar, İranın maraqlarına qarşı çıxmış olacaqlar