Fatimeyi-Zəhra (s.ə.) məscidi dini icmasının sədri Seyid Tofiq Rəsizadə QMİ sədri Allahşükür Paşazadə ilə görüşüb
Azərbaycan Servisi/Aran Agentliyi
Fatimeyi-Zəhra (s.ə.) məscidi dini icmasının sədri Seyid Tofiq Rəsizadə QMİ sədri Allahşükür Paşazadə ilə görüşüb. Bu gün günorta namazından sonra baş tutmuş görüşün təfsilatları haqda “Dəyərlər”ə danışan icma sədri T.Rəsizadə görüşün çox yüksək səviyyədə keçdiyini bildirdi: “Şeyx bildirdi ki, çalışıram. Məscidin sökülməsinə imkan verməyəcəyəm. Müraciətlər etmişəm və ilaxır. Siz də icma olaraq sivil qaydada fəaliyyətinizi davam etdirin”.T.Rəsizadə icma ağsaqqallarının Suraxanı RİH-nin məsulları ilə görüşü haqqında QMİ sədrini məlumatlandırdığını, onun da bu görüşlərdən razı qaldığını və bunu davam etdirilməsini istədiyini deyir. QMİ sədri görüşdə etdiyi müraciətlərin və keçirdiyi görüşlərin nəticələrini gözlədiyini də vurğulayıb. O bu müraciətlər və görüşləri haqqında qəti fikir bildirməsə də nəticənin müsbət olacağına əminliyini də ifadə edib: “A.Paşazadə ölkə başçısı İ.Əliyevdən, xanımı M.Əliyevadan və dövlət məsullarından müsbət nəticə gözləyir”, - deyə Seyid Tofiq görüş haqda fikirlərini açıqlayarkən bildirdi.
Görüş zamanı “Fatimeyi-Zəhra (s.ə.)” məscidinin dini icmasının əhya gecələrindəki ibadətlə bağlı çətinliklərinə toxunan icma sədri Fitr bayramına məscidin açıla biləcəyini də sözlərinə əlavə etdi: “Əhya gecələrinə məscidi açmadılar. Amma ola bilər ki, dünya müsəlmanlarının mübarək Ramazan ayının bayramı olaraq qeyd etdiyi Fitr bayramına məscid açılsın və icmamız da bayramını məsciddəcə qeyd eləsin. İnşallah”! Bizimlə söhbətində Seyid Tofiq onu da bildirmişdir ki, Fatimeyi-Zəhra (s.ə) məscidi açılana qədər bütün görüşlər davam etdiriləcəkdir.
Qeyd edək ki, bundan öncə "Fatimeyi-Zəhra" (s.ə.) məscidi dini icmasının ağsaqqalları Suraxanı RİH-nin məsulları ilə görüşmüşdülər. Bu görüş zamanı RİH-nin məsulları məsələnin müsbət həlli istiqamətində öz ümidlərini ifadə etmişdilər.
Xatırladaq ki, “Fatimeyi-Zəhra məscidi”nin tikintisinə 1996-98-ci illərdə icazə verilib. Bu ərazidə adı çəkilən məscidin tikilməsi təşəbbüsü ilə eks-prezident H.Əliyev özü şəxsən çıxış edib. Amma 2002-ci ildə naməlum səbəblər üzündən məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov (o zaman H.Abutalıb özü Suraxanı RİH-nin başçısı vəzifəsində işləyirdi və həmin sərəncamın özünü də o hazırladıbmış) tərəfindən ləğv edilib. Bu günlərdə isə 2 saylı Bakı İqtisad Məhkəməsi məscidin sökülməsi haqda qərar verib.
deyerler.org