Tarix : 2009 Sep 14
Kod 13997

AZƏRBAYCAN R-da MÜXALİFƏT LİDERLƏRİNƏ QARŞI ŞOK SSENARİ

1993-cü il qiyamı ilə bağlı cinayət işi yenilənib, onların hamısına məhkumluq yaratmaq planı var; bu günlərdə ilk məhkəmə işi Gəncədə başlayır
Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni musavat”ın  verdiyi məlumata görə «1993-cü ilin Gəncə qiyamı və onun qarşısının alınması ilə bağlı zamanında açılmış və sonradan xitam olunmuş cinayət işinə yenidən hərəkət verilib. Yaxın günlərdə bu cinayət işinin bir fraqmenti ilə bağlı Gəncədə məhkəmə prosesi keçiriləcək. Məqsəd bu işdə adı keçən bir nəfər barədə məhkəmə hökmü çıxarmaq və presedent yaratmaqdır. Əslində həmin şəxsə bir epizod üzrə verilmiş ittihamnamə məhkəmə hökmünə çevriləcəyi halda bütün prosesin taleyi əvvəlcədən həll ediləcəkdir. Bundan sonra İsa Qəmbər başda olmaqla Elçibəy iqtidarında yüksək vəzifə tutan və "Gəncə işi"ndə adı keçən şəxsləri yenidən məhkəmə istintaqına cəlb edərək onlar barədə hökm çıxartmaqdır..."
Gizli və qanunsuz sürəc...
Bizim qaynaq bu cinayət işi ilə bağlı qısa cümlələrlə, sürətli məlumat verdiyi üçün start məlumatlar bizdə də həmin janrda və tempdə olacaq. Təxminən belə: «Məhkəmə 1995-ci ilin yanvarında İsa Qəmbər və başqalarının işini geri qaytardı... Bu işin Əbülfəz Elçibəy, Pənah Hüseyn və Surət Hüseynov barədə açılmış cinayət işi ilə birləşdirilməsi qərarı verildi... 1998-in yayında cinayət tərkibi olmaması əsası ilə iş xitama getdi... Prezident seçkilərindən sonra, 1999-cu ilin yayında xitam qərarı ləğv edildi. Bundan sonra iş qanunsuz olaraq dəfələrlə dayandırılıb və yenidən bərpa olunub. Bu barədə təqsirləndirilən şəxslərin heç bir xəbəri olmayıb və bu gün də yoxdur. Bu barədə heç kimə bilgi verilməyib. Ara-sıra kiçik istintaq hərəkətləri aparılır. Zərərçəkənlər, həlak olanların yaxınları dindirilib və sair. 2009-cu ilin mayında isə Elçibəy iqtidarında yüksək vəzifə tutan bir nəfərin işi ümumi cinayət işindən ayrılıb və onunla istintaq hərəkətləri aparılıb. Artıq həmin ayrılmış epizodun istintaqı tamamlanıb, Gəncənin Nizami Rayon Məhkəməsinə göndərilib. Bu günlərdə orada hazırlıq iclası başlayacaq...»
Baş Prokurorluqdakı mənbə bunları söylədi və dediklərinə bircə cümləni əlavə etdi: «İstənilən halda işin yenidən başladılması, bunun məxfi aparılması və bu qədər müddətdən sonra onun məhkəməyə təqdim edilməsi qanunsuzdur və siyasi motivlidir».
Ortaya çoxlu suallar çıxır...
Bu sensasion ipucundan yola çıxaraq xəbərin arxasındakı sürəci araşdırdıq. Hakimiyyətə bu qədər vacib olmasa, üstündən 16 ildən artıq vaxt keçəndən sonra, hələ üstəlik də istintaq və cəza müddətləri bitmiş halda, bu işi yenidən qurdalayardımı? Onun məhz indiki dövrdə bu işi qaldırmasının, İsa Qəmbər, Pənah Hüseyn, İxtiyar Şirin, Surət Hüseynov, Dadaş Rzayev, Qabil Məmmədov,  Sülhəddin Əkbər və başqalarının yenidən məhkəmə istintaqına cəlb edilməsinin anlamı nədir? Hakimiyyət bununla nəyə nail olmaq istəyir? Rejimin texnoloqlarının əsas hədəfində kim və ya kimlərdir? Bu işin hüquqi perspektivləri varmı? Varsa necədir? Məsələn, Müsavat başqanına, yaxud da millət vəkili Pənah Hüseynə yenidən cəza kəsilə bilərmi? Onları və başqalarını həbs təhlükəsi gözləyirmi?
Öncə «bir nəfəri» bulduq...
Göründüyü kimi, ortaya çoxlu suallar çıxır. Həm də məsələ ilə bağlı hədəfdə olan və adları cinayət işində keçən şəxslərin reaksiyalarını, rəylərini öyrənmək zərurəti gündəmə gəlir.
Onları rahatsız etməzdən əvvəl mənbəmizin işarə verdiyi «BİR ADAM»ı bulmaq qərarına gəldik. «Gəncə işi»ndə adı keçən şəxslərə əlimiz yetdiyi üçün dərhal da bulduq. Bu, Elçibəy iqtidarında ölkənin baş prokuroru olmuş İxtiyar Şirin imiş. Belə məlum oldu ki, gerçəkdən də hörmətli İxtiyar bəylə bağlı fraqmentlər ümumi cinayət işindən ayrılıb və bu yaxınlarda Gəncənin Nizami Rayon Məhkəməsində onunla bağlı hazırlıq iclası olacaq. Bu şok olayla bağlı müxbirimiz ilk olaraq İxtiyar bəylə əlaqə saxlayıb və məsələyə dair onun rəyini soruşub. İxtiyar bəy faktı təsdiqləməklə kifayətləndi və bu günlərdə qəzetimizə geniş məlumat verəcəyini bildirdi.
Pənah Hüseyn olayı bilmirmiş...
Elçibəy iqtidarının baş naziri olmuş millət vəkili Pənah Hüseynin də uzun müddət gizli aparılan sürəcdən xəbəri yoxmuş. Hər halda millət vəkili müxbirimizə belə söylədi. Bütün suallarımıza «məsələni öyrənim, dəqiqləşdirim, sonra danışarıq» cavabını verdi. Və əlavə etdi: «İstənilən halda 1993-cü il iyun qiyamı məhkəmə tərəfindən araşdırılmalı və həqiqət üzə çıxmalıdır. Xalqımız hər şeyi bilməli və əsl cinayətkarlar cəzalarını almalıdır».
Bəs iqtidarın məqsədi nədir?
Mənbəmiz ipucu vermişdi - bir nəfərlə bağlı məhkəmə hökmü çıxarmaq, hüquqi presedent yaratmaq və bundan sonra məhkəmənin qüvvəyə minmiş hökmünü digər cavabdeh şəxslərə şamil etmək. Bizsə bundan çıxış edərək belə versiya irəli sürürük: «Bununla da müxalifətin əsas lideri, Müsavat Partiyasının başqanı İsa Qəmbərə və digərlərinə məhkumluq yaradaraq onu və cinayət işində adı keçən şəxsləri siyasi fəaliyyətdən, seçib-seçilmək hüququndan məhrum edə bilərlər. Bu, iqtidarın 2010 və 2013 seçkilərini hədəfə alan gizli planıdır. Müxalifətin və Qərbin Azərbaycanla bağlı planlarını pozmaq cəhdidir. Digər versiya hakimiyyət daxilində müəyyən qrupların öz mövqelərini qoruyub saxlamaq üçün ictimai-siyasi vəziyyəti gərginləşdirmək planını işə salmasıdır».
Əlbəttə ki, bunlar bizim kiçik informasiyalar əsasında gəldiyimiz ilkin təxminlərdir; məsələ ilə bağlı ən dürüst rəyi müxalifət liderləri özləri verə bilərlər. Ümid edirik ki, onlar ən qısa müddətdə barələrində cinayət dosyesinin olduğunu, «Gəncə işi»nin hələ davam etdiyini və özlərinin bu yaxınlarda məhkəmə önündə dayana biləcəklərini öyrənib buna müvafiq reaksiya verəcəklər.
***
Ən sonda onu da bildirək ki, cinayət işi vaxtilə məşhur 57-ci maddə ilə (vətənə xəyanət) aparılıb və o zaman cavabdehlər güllələnmə cəzası ala biləcəkləri təhdidi altında mühakimə olunublar. İndi həmin maddə aradan qaldırılıb; lakin əvəzində kifayət qədər ağır sayılan 275-ci maddə (silahlı qüvvələrdən konstitusion orqanlara və xalqa qarşı istifadə etmə - red.) var. Xitam qərarı ləğv olunandan cinayət işi bu maddənin əhatəsində aparılır. Həmin maddəyə görə 15 ilə qədər həbs cəzası nəzərdə tutulur. Hörmətli İxtiyar Şirinin ümumi cinayət işindən ayrılmış dosyesi isə nisbətən yüngül - 2000-ci ilə qədər qüvvədə olmuş CM-nin 167-ci maddəsinin 2-ci hissəsi ilə məhkəməyə göndərilib.
Mövzu heç şübhəsiz ki, davam etdiriləcək.
  • Yazılıb
  • da (də) 2009 Sep 14