Tarix : 2009 Sep 14
Kod 14001

RƏSUL QULİYEVİN PARTİYASI DAĞILMAQ TƏHLÜKƏSİ QARŞISINDA

Sentyabrın 20-də ACP-nin Ali Məclisi toplaşır
Azərbaycan Servisi/Aran Agentliyi
Sentyabrın 20-də Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin sessiyası keçiriləcək. Gündəlikdə əsas iki məsələ var: partiyaya yeni sədrin seçilməsi, ACP-nin bələdiyyə seçkilərində iştirak edib-etməməsinin həll olunması. ACP sədrinin müavini Nizami Məmmədov bildirib ki, hələ ki sədrliyə yalnız bir adamın iddialı olduğu məlumdur: ”Partiyanın nizamnaməsinə görə, ACP-nin üzvü olan hər kəs sədr vəzifəsinə namizəd kimi çıxış edə bilər. Mənim bildiyimə görə isə, Ali Məclisin sədri Vaqif Mahmudovdan başqa kimsə partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində deyil".Rəsul Quliyevin müşaviri və Ali Məclisin üzvü Zəminə Dünyamalıyeva isə ACP-nin buraxılmasında israr edir. Z.Dünyamalıyeva “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ACP tamamilə fəaliyyətsiz quruma çevrilib. Ona görə də özünə hörmət edən adam ölü qurumun cəsədini diriltmək kimi mənasız cəhddə iştirakçı olmamalıdır: “Mən mətbuatdan oxudum ki, ACP Ali Məclisinin sessiyası olacaq. İclasın harada olacağından isə xəbərim yoxdur. Hələlik Ali Məclisin üzvüyəm. Şəxsən mənə iclasın olacağı haqda heç bir rəsmi məlumat verilməyib. Bir ildən artıqdır deyirəm ki, partiyanın fəaliyyəti sıfıra bərabərdir. Azacıq reallıq hissi olan istənilən şəxs mənim haqlı olduğumu təsdiq edir və edə bilər. Çünki reallıq göz önündədir. ACP adında partiya yox səviyyəsindədir. Bu vəziyyətin səbəbkarlarından biri də Ali Məclisin sədri Vaqif Mahmudovdur. O, partiya yaranandan Ali Məclisin sədri kimi mühüm vəzifəni daşıyır. İki il yarım müddətdə cəmi bircə dəfə Ali Məclisin iclasını keçirib. Ali Məclis sədri vəzifəsinin öhdəsindən gələ bilməyən birisinin partiyaya sədr gəlmək iddiasına düşməsi gülüncdür. Onu sədr seçmək isə tamamilə məntiqsizlik olar”.
Z.Dünyamalıyeva V.Mahmudovun Akif Şahbazovun istefasından sonra partiyanın sədri səlahiyyətlərini öz üzərinə götürməsinin nizamnamə pozuntusu olduğunu xatırlatdı: “Vaqif Mahmudov bu cür nizamnamə pozuntusuna yol verdi və Fərəməz Cavadovla Yaqub Abbasovu sədr müavini vəzifəsindən uzaqlaşdırmaqla ikinci nizamnamə pozuntusuna imza atmış oldu. Partiyanın qanunu sayılan nizamnaməyə məhəl qoymayan şəxsin həmin partiyaya sədr gəlməsi nə dərəcədə doğrudur? Yəqin ki, bu sualın cavabını Ali Məclis üzvləri həlledici məqamda öz mövqelərində ifadə edəcəklər”.
Z.Dünyamalıyeva Ali Məclisin sessiyasının keçirilməsi üçün yetərsayın olacağına şübhə edir: “Yetərsayın olmasına və sessiyanın baş tutmasına sevinərəm. Əgər yetərsayı yığa bilsələr, Ali Məclis üzvləri ilk növbədə özlərinə hörmət edərək ACP-nin buraxılması qərarını verməlidirlər. Ali Məclis məhz belə bir qərar qəbul etməlidir. Ali Məclisin 20 sentyabr iclası baş tutsa, bir çox məsələlərə nöqtə qoya bilər.
Hansı addımı atsalar, öz işləridir. Bundan sonra orada nə baş verdiyi məni ilgiləndirmir. Çünki mən o partiyadan heç nə gözləmirəm. Bir partiyanın fəaliyyəti yoxdursa, perspektivi mövcud deyilsə, məncə, digər həmkarlarım da bu cür partiyanın buraxılmasını istəyəcəklər".
Z.Dünyamalıyeva sentyabrın 17-də şəxsi işləri ilə əlaqədar Bakıdan kənara gedəcəyini bildirdi və qeyd etdi ki, çatdırsa, sessiyaya qatılacaq: “Mənim mövqeyim hamıya aydındır. Bu mövqe keçməsə, Vaqif Mahmudovun sədr olduğu fəaliyyətsiz bir partiyada Zəminə Dünyamalıyeva olmayacaq. Mən ACP-dəki fəaliyyətimə son qoyacağam”.
Dünən Vaqif Mahmudovla əlaqə saxlayıb mövqeyini öyrənməyə çalışsaq da, onu tapmaq mümkün olmadı. Mövqeyini dərc etməyə hazırıq.
  • Yazılıb
  • da (də) 2009 Sep 14