Tarix : 2009 Sep 14
Kod 14016

XAÇMAZDA SÜRÜCÜLƏR ETİRAZ AKSİYASI KEÇİRDİ

Onlar nəqliyyat müfəttişlərinin döydüyü Mehman Əmirquliyevin dərhal azad olunmasını tələb edir
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Xaçmazda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları nəqliyyat müfəttişlərinin yol verdiyi özbaşınalıqlara etirazlarını bu yolla ifadə ediblər. Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyinin nəzdindəki “Yolların mühafizə xidməti” MMC-nin şimal bölmə rəisi Hikmət Seyidov başda olmaqla baş mütəxəssis Qalib Pənahov, Vüsal adlı şəxs və digər müfəttişlər yük maşınının sürücüsü Mehman Əmirquliyevi avqustun 4-də Dəvəçi rayon ərazisində zorla saxlayaraq vəhşicəsinə döyüblər.
Məhbus sürücünün yaxınları: “Nəqliyyat Nazirliyinin qabağında özümüzü yandıracağıq”
Dəvəçi rayon prokurorunun müavini İlham Kərimli isə sürücünü döyən müfəttişlərin əvəzinə M.Əmirquliyevin özü barədə həbs-qətimkan tədbiri seçib.
Sürücünün döyülmə səhnəsi əks olunmuş videorolik ortaya çıxandan sonra da İ.Kərimli qərarını dəyişməyib. Bu isə sürücü M.Əmirquliyevin yaxınları da daxil olmaqla Xaçmaz sakinlərinin, o cümlədən digər yerli sürücülərin ciddi etirazına səbəb olub.
Sürücülər etirazlarını bildirmək üçün dünən Xaçmazdakı “Daş bazarı” deyilən əraziyə toplaşmışdılar. Onlar qeyri-qanuni şəkildə həbs olunmuş Mehman Əmirquliyevin dərhal azad olunmasını, bu gün də yollarda sürücülərin qarşısını kəsib quldurluq edən Hikmət Seyidovun və onun dəstə üzvlərinin həbs olunmasını tələb ediblər. Sürücülərdən Şəmsəddin Balayevin sözlərinə görə, müfəttişlər bir müddət əvvəl onun da qarşısını kəsərək idarə etdiyi “KamAZ” markalı yük maşınının dövlət nömrə nişanını çıxararaq gediblər: “İdarələrinə getdim, dedilər 100 manat ver, nömrəni qaytaraq. Balalarımın boğazından 60 manat kəsib o quldurlara verdim. Dərdimizi kimə deyək - bilmirik. Sürücülər ANS-ə, ”Xaçmaz" TV-yə müraciət edir, lakin gəlib bizi dinləyib şikayətimizi prezident İlham Əliyevə çatdırmırlar".
“Nömrə dalınca Bakıya gedənlər cibinə 200 manat qoysun”
Ş.Balayevin sözlərinə görə, müfəttişlər sürücülərin avtomaşınlarının nömrələrini Bakı şəhəri ərazisində çıxaranda onlar nəqliyyat qoçularına daha artıq məbləğdə pul ödəməyə məcbur olurlar: “Nömrənin dalınca Bakıya, Qaqarin körpüsünün yanındakı idarəyə getdinsə, cibinə azı 200 manat pul qoymalısan. Başqa yolla nömrə almaq mümkün deyil. Biz prezidentdən kömək istəyirik”.
Digər sürücü Rasim Nəzərov deyir ki, 30 ildir yük maşını idarə edir. Bu illər ərzində yollarda belə haqsızlıqla üzləşməyib: “Bu adamlar əyinlərinə forma geyib faktiki olaraq quldurluq edirlər. Yolda maşını saxlayıb heç sənəd də soruşmadan ”lom"u salıb nömrəni cırıb çıxarırlar. Sonra soruşurlar ki, daşın, qumun sənədi varmı. Çıxarıb verirsən, alıb cırır. Özləri biz sürücüləri mübahisəyə, davaya çəkirlər. Deyirlər ki, daşı artıq yükləmisən. İzah edirik ki, yük maşınının texniki göstəricilərində nəzərdə tutulan qədərdir. Amma nə xeyri?! Nömrəni götürüb gedirlər. Gedirsən nömrənin dalınca, pul almasalar, nömrəni vermirlər".
Başqa sürücülər də eyni problemdən əziyyət çəkirlər. Sürücü Ramin Qəhrəmanov da R.Nəzərovun dediklərini təsdiqlədi. Bildirdi ki, idarə etdiyi “KamAZ”ın texniki sənədlərində maşının 26 ton yükgötürmə qabiliyyətinin olduğu qeyd edilib. Lakin müfəttişlər saxlayıb yükün artıq olduğunu deməklə nömrə nişanını açıb qaçırlar: “Gedirsən, deyirlər ki, pul ver, nömrəni verək. Başqa cür mümkün deyil. Hansı variant onlara sərf eləyirsə, onu da atırlar ortaya. Deyirəm ki, yükün artıq olduğunu necə müəyyən edirsiniz. Cavab vermirlər. Qanuna görə, müfəttişlər maşını tərəziyə çıxarıb çəkməlidir. Bunların tərəzisini heç kim görməyib. 2 həftə əvvəl mənim maşınımı Saraydakı postda saxladılar, məndən 50 manat pul aldılar. Adını da cərimə qoydular. Deyirəm çek ver, deyirlər ki, bizim çekimiz olmur. Heç kimə də çek vermirlər. Bizim sözümüzü nəqliyyat naziri Ziya Məmmədova, onun müavini Cavid Qurbanova çatdırın, qoy bilsinlər ki, işçiləri yollarda başımıza oyun açırlar”.
Sürücülər Elbrus Dadaşov və Gülbala Məmmədov da onun dediklərini təsdiqlədilər. G.Məmmədov bildirdi ki, müfəttişlərin əksəriyyəti əvvəllər asfalt zavodunda işləyiblər: “Əyinlərinə forma geyindirib qoyublar yolun kənarına. Qanundan-filandan xəbərləri yoxdur. Əgər Mehman və ya bizlərdən hər hansı birimiz maşına artıq yük vurmuşuqsa, cərimə etsinlər. Yoxsa ki, gəl maşının nömrəsini oğurla apar, sürücünü yolda saxla, döy? Biz prezidentə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə, hüquq müdafiəçisi Vidadi İsgəndərova müraciət etmişik. Gözləyirik ki, prezident bizi eşidib kömək edəcək”.
“Müfəttişlərdən prokurorluğa şikayət etdik, lap pis cəzalandıq”
Sürücü Mənsur Adıgözəlov da müfəttişlərin qeyri-qanuni hərəkətləri ilə üzləşdiyini bildirdi. Qeyd etdi ki, Nəqliyyat Nazirliyinin müfəttişləri onun idarə etdiyi “KamAZ”ı bir neçə gün əvvəl Qaradağ rayonu ərazisində saxlayaraq avtomaşının dövlət nömrə nişanını çıxarıblar. 50 manat pul alandan sonra nömrəni qaytarıblar. Sürücünün çek tələb etməsinə isə heç bir reaksiya verməyən müfəttişlər yollarına davam ediblər.
Bu yerdə sürücü Fərman Kamalov Mənsur Adıgözəlova xitabən sarkazmla “sən hələ yaxşı qurtarmısan” dedi: “Rəhmətliyin oğlu, dünən (srağagün-red.) maşını ”zapravka"nın (yanacaqdoldurma məntəqəsi-red.) yanında saxlayıb yatdım. Gəlib nömrəni oğurlayıb qaçdılar. Səhər getdim, 100 manat alıb nömrəni qaytardılar. Çek istədim, amma vermədilər".
Sürücülər Natiq Məmmədov, Məhərrəm Baxışov və Aydın Məmmədov da Nəqliyyat Nazirliyi müfəttişlərinin qanunsuz hərəkətləri ilə hər gün üzləşdiklərini dedilər. A.Məmmədov bildirdi ki, 6 ay əvvəl 5 sürücü ilə birlikdə Nəqliyyat Nazirliyi müfəttişlərinin özbaşınalıqları barədə Baş Prokurorluğa şikayət ediblər: “Bu ”reket"lərdən yazdığımız şikayəti yolladılar Nəqliyyat Nazirliyinə. Bizi ora çağırdılar. Guya şikayətimizi araşdıracaqdılar. 5 saat qapıda saxlayıb dedilər ki, qəbul edib bizi dinləyəcəklər. Lakin bizi qəbul eləyən olmadı. Xaçmaza qayıdandan sonra şikayət yazdığımıza görə bizim başımıza oyun açdılar. Maşınlarımızın nömrələrini açıb aparırlar. Maşınların nömrələrinə baxsanız, görərsiniz ki, sürücülərin əksəriyyəti onları “svarka”latdırıb. Çünki müfəttiş nömrəni apardısa, evin yıxıldı, gərək gedib pulunu verəsən".
Qeyd edək ki, xaçmazlı sürücülərin dünənki aksiyası insidentsiz ötüşdü. Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə Bakı-Xaçmaz yolunu bağlayacaqlarını dedilər.
Məhbus sürücünün 6 yaşlı oğlu hər gün atasını soruşur
“Daş bazar”ından çıxıb Mehman Əmirquliyevin yaşadığı ünvana yollandıq. Bizi onun qayınanası Şəfiqə Fərmanova qarşıladı: “Mehmanı tutan gündən onun evində qalıram. 3 uşağına mən baxıram. 6 yaşlı oğlu Natiq atasını hər gün bizdən soruşur. Ürəyimiz deşilir, bu yaşımızda yalan danışırıq, uşağa deyirik ki, atan Bakıya daş gətirməyə gedib. Natiqlə qardaşı Naib iki gündən sonra məktəbə getməlidir, amma onlara hələ də paltar, dəftər-qələm almamışıq. Mehman ailəsini zorla dolandırırdı. Onun nə günahı olub? Maşını saxlamayıbsa, cərimə edəydilər də. Mənə o videonu göstərdilər, baxa bilmədim, ürəyim getdi. 12 nəfər onu elə döyüb ki, elə bil əllərinə erməni düşübmüş. Allah onların etdiklərini balalarının qabağına çıxaracaq. Bu müqəddəs Ramazan ayında etdikləri cəzasız qalmayacaq. Onların da balalarının Mehmanın uşaqları kimi gözləri yolda qalan günləri olacaq. Allah bu haqsızlığı götürməyəcək. Biz Mehriban xanıma, İlham Əliyevə müraciət etmişik. İnanırıq ki, rəhbərlərin bu qanunsuzluqlardan xəbəri yoxdur”.
Şəfiqə Fərmanova bildirdi ki, M.Əmirquliyev azad olunana kimi onun övladlarını məktəbə göndərməyəcəklər: “Bu uşaqları dövlətə əsgər böyüdürük ki, gedib bizi düşməndən qorusunlar. Amma uşaqların atasını özümüzünkülər şikəst edirlər. Mehmanı həbsdən azad edənə qədər uşaqları məktəbə də qoymayacağıq. Uşaqları da götürüb gedib Nəqliyyat Nazirliyinin qabağında özümü yandıracağam”.
  • Yazılıb
  • da (də) 2009 Sep 14