Tarix göstərib ki, heç bir işğalçı dövlət işğal etdiyi torpaqlarda əbədi olaraq qala bilməz, İran bu işğalı hər zaman pisləyib və pisləməkdə davam edir
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhrami mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə Səfir iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar olduğunu, bu potensiala təkan vermək lazım olduğunu bildirib: “Azərbaycanın inkişafı, irəliləməsi, tərəqqisi - İranın tərəqqisi, inkişafı deməkdir, Azərbaycanın gələcəyi və təhlükəsizliyi İranın gələcəyi və təhlükəsizliyi ilə bağlıdır”. Səfir hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin iştirak olmadan həll edilə bilməz: “17 ildir ki, münaqişənin həlli istiqamətində kənar ölkələr heç bir irəliləyişə nail ola bilmirlər, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticəsi yoxdur. Tarix göstərib ki, heç bir işğalçı dövlət işğal etdiyi torpaqlarda əbədi olaraq qala bilməz, İran bu işğalı hər zaman pisləyib və pisləməkdə davam edir”. Məhəmməd Bağır Bəhrami ölkəsi ilə Ermənistan arasında münasibətlərin məhz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədi ilə qurulduğunu söyləyib. “Heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ öz anası Azərbaycanın qucağına qayıdacaq” bu sözləri səfir Məhəmməd Bağır Bəhrami keçirdiyi mətbuat konfransında deyib. O həmçinin bildirib ki, “Dağlıq Qarabağ öz anası Azərbaycanın qucağına qayıdacaq”.
İqtisadi əlaqələrdən danışan diplomat bildirib ki, keçən ötən il iki ölkə arasında ticarət dövriyyəsi 670 milyon dollar təşkil edib: “Bu il bu rəqəm daha da yüksək olacaq. İran Bakıda 25 mərtəbəli binanın inşası üçün 60 milyon avro sərmayə yatırıb”. Aktauda Xəzəryanı ölkə başçılarının qeyri-rəsmi sammitinə İranın dəvət olunmamasına münasibət bildirən səfir qeyd edib ki, Xəzərin statusu İranın iştirak olmadan müzakirə oluna bilməz. İran xarici işlər naziri Manuçöhr Mottakinin Xəzəryanı ölkələrə məktub ünvanladığını deyən səfir bildirib ki, həm Rusiya, həm də Qazaxıstan prezidentləri görüşdə Xəzərin statusu ilə bağlı heç bir məsələnin müzakirə olunmadığını deyiblər. Səfirin sözlərinə görə, Xəzərin hüquqi statusuna dair qəbul ediləcək Konvensiyanın 70-80 faizi artıq razılaşdırılıb.
İranda prezident seçkilərindən sonra yaranmış vəziyyətə dair sualları cavablandıran səfir bildirib ki, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubi həbsdə deyil: “O dünən İran parlamentinin sədri Əli Laricani ilə iki saatlıq görüş keçirib. Qeyd etmək istəyirəm ki, İranda hamı qanun qarşısında məsuliyyət daşıyır”. İranın Azərbaycandakı səfirliyinin binasına “İranın Bakıda səfirliyi” sözü yazılmış lövhənin vurulmasına münasibət bildirən diplomat deyib ki, burada heç bir xüsusi niyyət yoxdur: “İrandakı xarici ölkələrin səfirliklərinin üzərinə də bu ölkənin Tehrandakı səfirliyi sözləri yazılıb”.