Tarix : 2009 Sep 17
Kod 14068

ŞEYX YENƏ MƏMURLARA MEYDAN OXUDU

“Onlar məmur acgözlüyü ilə dövləti də, əqidələrini də pula satarlar”; dini liderin qəzəbinin səbəbi bu yazıda
Azərbaycan Servisi/Aran Agentliyi
“Mən ”Fatimeyi-Zəhra" məscidinin nümayəndələri ilə görüşdüm. Sonra isə məscidlə bağlı rəyim də əlavə olunmaqla, onların xahişini dövlət başçısına yazılı şəkildə çatdırdım". Lent.az-ın məlumatına görə, bunu dünən keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O, istənilən məscidin bu və ya digər formada sökülməsinin əleyhinə olduğunu bildirib: “Mən Şeyxəm və mənim səlahiyyətim dövlət qurumlarında çalışanlarınkı qədər deyil. Bizə müraciət olunanda sadəcə həmin məscidlə, yaxud dini icma ilə bağlı rəy veririk. Özü də belə məsələlərdə mən həmişə müsbət rəy verirəm. Mən hansısa məscid sökülməsinin əleyhinə olmuşam, ölənə qədər də əleyhinə olacağam. Çünki mənim əqidəm belədir”.
Şeyx məscidlərin “qanunsuz tikili” kimi sökülməsi barədə danışarkən isə bir sıra məmurları, xüsusən icra hakimiyyəti başçılarını tənqid edib: “Məmur acgözlüyü ilə dövləti də, əqidələrini də pula satarlar. Əgər bir yerə icazə vermisənsə, sonra onun qanunsuz tikili olduğunu necə deyirsən? Birincisi, əvvəlcədən icazə verməyəydin, əgər icazə vermisənsə daha ”qanunsuzdur" demə. Əgər tikilən məscid sökülərsə, həmin məscidin tikintisinə icazə verən məmurlar da cəzalandırılmalıdır". APA-nın məlumatına görə isə daha sonra A.Paşazadə bildirib ki, indiyə kimi Həcc ziyarətində iştirak etmək üçün cəmi 800-ə yaxın insan sənəd verib: “Biz isə bundan dəfələrlə artıq insanın pulunu qabaqcadan ödəmişik. Aparılan müxtəlif təbliğatlar öz bəhrəsini verir. Bu il heç, deyəsən, nəzərdə tutulan 2 min nəfəri də Həccə apara bilməyəcəyik”.  QMİ sədri deyib ki, Azərbaycandan Həcc ziyarətində iştirak etmək üçün 8500 insanın iştirakı mümkündür. Onun sözlərinə görə, lazım gələrsə, bu rəqəmi öz nüfuzundan istifadə edib 11-12 min nəfərə qədər artıra da bilər: “Kim istəyir Həccə gedə bilər. Konkret kvota yoxdur”.
A. Paşazadə deyib ki, Həcc ziyarətinin, ümumiyyətlə, baş tutmaması mümkün deyil: “Belə bir hadisə bir dəfə Məhəmməd Peyğəmbərin (s) zamanında baş verib. Ona Kəbə evinə yaxınlaşmağa imkan verməyiblər. Lakin ondan sonra indiyə kimi tarixdə belə bir hadisə baş verməyib. Əgər qonşu ölkələr Həccə gedirsə, biz niyə getməyək? Heç kəs bu məsuliyyəti boynuna götürə bilməz. Bizim Həcc missiyasını təşkil etməyimiz isə çox ölkələrdən yaxşıdır”. Şeyxülislam onu da bildirib ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bayram namazı həm sentyabrın 20-si, həm də 21-də qılınacaq. Şeyx deyib ki, Ramazan bayramının məhz hansı günə düşməsi ilə bağlı müxtəlif elmi araşdırmalar var.
Onun sözlərinə görə, bayram namazını bəzən şiə və sünni məzhəblərinə mənsub olanlar ayrı-ayrı vaxtlarda qılırlar: “Kim nə zaman istəyirsə, onda da bayram namazını qıla bilər. Bu, hər kəsin şəxsi işidir. Heç kəs bu məsələdə məcbur edilə bilməz. Ancaq həm sentyabrın 20-si, həm də 21-də bayram namazı qılınacaq. Əsas məsələ təbliğatdır. İnsanları fitrə verməyə, savab işlər görməyə dəvət etməkdir. İndi biz sünni və şiələr üçün eyni vaxtda azan verilməsini təmin etmək istəyirik. Fikrimiz var ki, bu iki məzhəb üçün ortaq bir zaman müəyyən edək”.
A. Paşazadə deyib ki, Ramazan bayramında imkansızlara, xəstələrə yardımlar edilməli, hər kəs əlindən gələn yaxşılığı əsirgəməməlidir. A.Paşazadə bildirib ki, 60 illik yubileyi, şeyxülislam kimi fəaliyyət göstərməsinin 30 illiyinin tamam olması ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün ondan artıq dövlət başçısı Azərbaycana gələcək.
Yubileyinin Ramazan ayına təsadüf etdiyini qeyd edən şeyxülislam bu səbəbdən tədbirlərin noyabr ayında baş tutacağını deyib.
A. Paşazadə deyib ki, noyabrın 6-7-də baş tutacaq tədbirlərdə Rusiya, Türkiyə prezidentləri və baş nazirləri, Orta Asiya ölkələrinin dövlət başçıları, İran və Latviya prezidentləri, Gürcüstan və Rusiya patriarxları, dünyanın tanınmış din xadimləri iştirak edəcək. Şeyxülislam tədbirlə bağlı Roma papasına da dəvət göndərildiyini deyib. O da məlum olub ki, Özbəkistan prezidenti İslam Kərimov  A. Paşazadəyə Səmərqəndin məşhur Registan meydanının qızıldan hazırlanan maketini hədiyyə edib. “Mediaforum”un məlumatına görə, A.Paşazadə yas mərasimləri barədə də danışıb. Şeyxülislam deyib ki, qəbiristanlıqlarda filan qədər yeri zəbt edib heykəl qoymaq şəriətə uyğun deyil.
Şeyxülislam qəbiristanlıqlarda yerləri zəbt edib bahalı başdaşı qoyduranların imkanlı adamlar, eyni zamanda məmurlar olduğuna işarə vurub: “Mən bu mövzuda ayrı söz demək istəmirəm. Bəzi məmurlar buna o dərəcədə aludə olublar ki, bir söz deyəndə xətirlərinə dəyir. Elə bilirlər ki, bu yolla valideynlərini yaşadırlar. Halbuki bəziləri valideynlərinə sağlığında heç lazımınca baxmayıblar. Allah bunların hamısını görür”. A.Paşazadə qızıl-gümüşdən olan məbədləri Allah-təalanın məqbul saymadığını vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri yas mərasimlərində israfçılığa yol verilməsi məsələsinə də toxunub. “30 ildir buna qarşı mübarizə aparıram” deyən şeyxülislam bəzən cümə axşamı mərasimlərinin yığışdırılması təklifinin də səsləndiyini qeyd edib. Şeyx bu təklifi bəyənmədiyini bildirib: “Cümə axşamını prezident və ya şeyxülislam yaratmayıb. Bu, Allah-təalanın hökmüylə olan bir məsələdir. Allah-təala yeddi gün yaradıb və onlardan cümə axşamını müsəlmanlar üçün müqəddəs elan edib. Xristianlarda isə bazar və şənbə günləri müqəddəs sayılır”. Şeyx qeyd edib ki, cümə axşamından fərqli olaraq ehsan verilməsi ənənəsi sonradan ortaya çıxıb. O, ehsanın imkansız insanlara verilməsinin daha düzgün olduğunu və bunun üçün «Təzəpir» məscidində lazımi yerlərin düzəldildiyini söyləyib. Yas mərasimlərindəki israfçılıqla bağlı narazılıqları təkcə dini idarəyə, mollalara ünvanlamağı doğru saymayan A.Paşazadənin fikrincə, bu israfçılıqda ziyalılar, imkanlı şəxslər, məmurlar da məsuliyyət daşıyırlar: “Yetim-yesirin ehsan verəndə israfçılıq etməyə imkanı yoxdur. Onlar bir qab bozbaşla ehsan verirlər. Bəs bunu edənlər kimlərdir? Bunu edən ziyalılar, imkanlı adamlar, dövlət məmurlarıdır”. A.Paşazadə ziyalıların hüzr mərasimlərindəki israfçılığa qarşı çıxmamasını xüsusilə tənqid edib: “Ziyalılar, məmurlar hər yerdə bu israfçılığın qarşısını almaq üçün təbliğat aparmalıdırlar. Niyə bu mövzuda bir konfrans keçirilmir? Mən keçirəndə adını qoyurlar ki, bu, molla konfransıdır. Sovet dövründən isə molla adına mənfi münasibət formalaşıb və bu yanaşma indiyədək qalır. Amma ziyalılar yas mərasimlərindəki israfçılığa qarşı tədbirlər, konfranslar keçirsələr, biz onlara qoşularıq. Bu gün bu məsələdə ziyalı sözünə ehtiyac var. Onlar kömək etsələr, problemin öhdəsindən gələ bilərik. Özü də bunu etmək çox vacibdir. Amma təəssüf ki, ziyalılar bu işə qarışmırlar”.
  • Yazılıb
  • da (də) 2009 Sep 17