Bu protokollar bizə qurulmuş tələdir və Türkiyənin Naxçıvana qarantiyasını tanımır
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla paraflanmış protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində Səadət Partiyasının lideri Numan Qurtulmuşdan sonra ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalla görüşüb.APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, D.Baykal jurnalistlərə açıqlamasında görüşdə Qafqazdakı vəziyyət, enerji məsələsi və Kipr problemini müzakirə etdiklərini deyib: “Bu mövzularda cərəyan edən hadisələrlə bağlı xarici işlər nazirinin açıqlamalarını dinlədik. Təşəkkür edirik. Bu açıqlamalar bizim düşüncələrimizin haqlı olduğunu göstərdi”.
D.Baykal Qafqazda 4 fundamental problem olduğunu bəyan edib. Onun fikrincə, 1-ci problem hüquqi qeyri-müəyyənlikdir, yəni ölkələr arasındakı münasibətlərin hüquqi çərçivəsi bəlli deyil: “Türkiyə-Ermənistan münasibətlərini konkretləşdirən başlıca hüquqi sənəd Qars müqaviləsidir. Bu müqavilə həm sərhədi müəyyənləşdirir, həm Türkiyənin suverenliyini təminat altına alır, həm də Türkiyənin Azərbaycanın Naxçıvan Muxtar Respublikası üzərində qarantorluq hüququnu təsbit edir. Ancaq Ermənistan bütün bunları rədd edir və tanımır”.
D.Baykal 2-ci problem kimi Qafqazdakı işğalı göstərib: “Ermənistan Azərbaycan torpaqlarının beşdə birini işğal edib. Bu, Qafqazdakı qeyri-sabitliyin təməl səbəbidir. Qafqazda sülhə nail olmaq üçün bu məsələnin həlli tapılmalıdır”.
Cümhuriyyət Xalq Partiyasının lideri 3-cü təməl problem kimi Ermənistanın soyqırım iddiaları ilə Türkiyəyə qarşı düşmənçilik siyasəti aparmasını göstərib: “Bu, iki dövlətin əməkdaşlıq etməsini əngəlləyən əsas məsələlərdən biridir”.
D.Baykal 4-cü məsələ kimi sərhəd məsələsini qeyd edərək protokollarda yalnız sərhədlərin açılması ilə bağlı konkretlik olduğunu və buna dair təqvimin (sərhədlərin ratifikasiyadan 2 ay sonra açılması) əksini tapdığını vurğulayıb: “Sərhədin açılması məsələsi mərhələlər göstərilməklə çox yaxşı hazırlanaraq ortaya qoyulub. Ancaq digər 3 məsələ haqqında bu cür konkretlik yoxdur. Qars anlaşmasının qüvvədə olduğu söylənilmir, Türkiyənin Naxçıvan üzərində qarantorluq hüququ təminat altına alınmır. Tarixçilərdən ibarət komissiya yaradılacağı qeyd olunur, amma bu komissiyaya kimlərin hansı səlahiyyətlə qatılacağı və hansı qərarların qəbul ediləcəyi qeyri-müəyyəndir. İşğala son qoyulacağına dair bir kəlmə də yoxdur”.
D.Baykal protokolları Türkiyəyə qurulmuş tələ adlandırıb: “24 aprel yaxınlaşanda bizə deyəcəklər ki, protokolları təsdiqləyin, yoxsa soyqırım tanınacaq. Azərbaycan həm Türkiyə, həm də Avropa üçün çox önəmli ölkədir. Sadəcə, bizə dost və qardaş ölkə deyil, neft-qaz ixracatçısı olaraq da fövqəladə əhəmiyyətə malik bir dövlətdir. Azərbaycanın Türkiyə və Avropa Birliyi ilə yaxınlığı çox önəmlidir. Azərbaycanı incidən, kənara itələyən qərarlar qəbul edilərsə, bu, Türkiyəyə də, Avropa Birliyinə də çox ciddi ziyan vurar. İndi Azərbaycan sükunətlə prosesləri izləyir”.
Ə.Davudoğlu isə görüşün çox faydalı olduğunu söyləyərək D.Baykala təşəkkür edib.
APA