Tarix : 2009 Sep 17
Kod 14071

Gürcü keşişi: “Faxralı qədim gürcü kəndidir, buradakı məsciddən kilsə kimi istifadə edəcəyik”

Bolnisi rayonunun Faxralı kəndində məscidlə bağlı insidentin nəticəsi olaraq, dünən kəndə gələn keşişlər məscidin həyətinə buraxılmayıblar
Gürcüstan Servisi/Aran Agentliyi
Bolnisi rayonunun Faxralı kəndində məscidlə bağlı insidentin nəticəsi olaraq, dünən kəndə gələn keşişlər məscidin həyətinə buraxılmayıblar.
Bu gün səhər 12 keşiş yenə Faxralı kənd məscidinin bərpasının dayandırılmasını tələb etmək üçün kəndə gəlib. Sakinlərin müraciətindən sonra Bolnisi rayon İcra Hakimiyyətinin başçısı İosif Loliaşvili Faxralıya gələrək 10 keşişi rayon mərkəzinə aparıb. İ.Loliaşvili kənd sakinlərinə bildirib ki, məscidin tikintisinin davam etdirilməsi məsələsi bir həftədən sonra yenidən müzakirə olunacaq.

Keşiş Meone Yeprim isə Faxralı kənd sakinlərinə bildirib ki, bura qədim gürcü kəndidir: "Faxralı qədim gürcü kəndidir, buradakı məsciddən isə biz kilsə kimi istifadə edəcəyik".

Sakinlərin sözlərinə görə, dünən gecə keşiş və xristian dindarların bir neçəsi məscidin yaxınlığında gecələyiblər. İndi kənddə 2 keşiş və bir polis nəfəri var. Onlar məscidin bərpasının davam etdirilməsinə imkan verməmək üçün kənddə qalıblar.

Qeyd edək ki, bir neçə ay əvvəl Bolnisi rayonunun Faxralı kəndində əsası 1905-ci ildə qoyulmuş kənd məscidinin bərpasına başlanıb. Aprel ayında bu münasibətlə keçirilən tədbirdə Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov, Bolnisi rayon İcra Hakimiyyətinin başçısının müavini Ramin Əsədov və SOCAR-ın Kvemo-Kartli üzrə meneceri Arif Əliyev də iştirak edib. Kvemo-Kartli qubernatorunun müavini bildirib ki, məscidin bərpasına razılığı birbaşa Gürcüstan prezidentinin özü verib. Yusifov kənd sakinlərinin nəzərinə çatdırıb ki, bərpadan sonra prezident məscidə baş çəkəcək. apa.az
 
  • Yazılıb
  • da (də) 2009 Sep 17