Türkiyə Servisi/Aran Agentliyi
Məlum olduğu kimi, Türkiyə Ermənistanla imzalanacaq protokolla bağlı daxili siyasi məsləhətləşmələr aparır. Bu məqsədlə ölkənin xarici işlər naziri Əhməd Davudoğlu partiya liderləri ilə görüşüb. Müxalifət liderləri ilə görüşlər zamanı Davudoğlu bir daha bəyan edib ki, Ermənistanla münasibətlər qurulması prosesində Azərbaycanın maraqları hökmən nəzərə alınacaq. Nazirin sözlərinə görə, protokol imzalanacaq. Lakin onun parlamentdə ratifikasiyası yalnız Ermənistan Azərbaycan ərazilərini azad etməyə başladıqdan, yəni işğala son verəndən sonra gerçəkləşə bilər. Amma Türkiyə müxalifəti anlaşmanın həyata keçirilməsinin Qarabağ şərtinə bağlı olacağı haqda hökumətin verdiyi bəyanatları inandırıcı hesab etmir. Maraqlıdır, Rəcəb Tayyib Ərdoğan hakimiyyətin İrəvanla anlaşma siyasətini tənqid edən müxalifətin mövqeyini səmimi qəbul etmək olarmı? Politoloq Zərdüşt Əlizadə ilə söhbətimiz də bu barədədir.
Z.Əlizadə əvvəlcə bütün ölkələrdə müxalifətin iqtidarın siyasətini tənqid etdyini və bunun bir çox hallarda gələcək seçkilərdə daha çox seçicinin səsini qazanmağa hesablandığını ifadə etdi. Onun fikrincə, bəzən hakimiyyət dövlət üçün faydalı işlər görəndə belə, müxalifət bunu tənqid edir: "Rəsmi Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq cəhdləri Turkiyə dövlətinin xeyrinədir. Bütövlükdə bu, yaxın və uzaq gələcəkdə regiondakı münaqişələrin həllinə də müsbət təsir göstərə biləcək bir amildir. Ərdoğan hökumətinin mövcud siyasəti müxalifət tərəfindən qısqanclıqla qarşılansa da, Azərbaycana xəyanət kimi qiymətləndirsələr də, hakim dairə, həmçinin əhali buna çox soyuqqanlı yanaşır".
Bununla belə, siyasətin səmimilikdən uzaq olduğunu dilə gətirən politoloqun sözlərindən belə anlaşıldı ki, Türkiyə müxalifəti tərəfindən Ermənistan anlaşmasının tənqidi Azərbaycana canyanalıqdan deyil, daha çox partiyalarının gələcək maraqlarından irəli gəlir.
Bir müddət öncə Azərbaycan hökumətinin Türkiyə-Ermənistan münasibətlərinin bərpa olunması istiqamətində atılan addımlara ciddi etiraz etdyini xatırladan Z.Əlizadə artıq bunun qapandığını düşünür: "Rəsmi Ankara məsələ ilə bağlı detalları izah etdikdən sonra Azərbaycan hökuməti kifayət qədər loyallaşıb və yumşaq davranır".
Digərilərindən fərqli olaraq Zərdüşt bəy düşünmür ki, Türkiyə İrəvanla münasibətləri hansısa təzyiqlər altında normallaşdırmağa sövq edilib: "Məncə, heç bir qüvvə bu ölkəyə təzyiq göstərmək iqtidarında deyil. Türkiyə yetərincə güclü və müstəqil dövlətdir. Sadəcə son illər hakimiyyətin yürütdüyü siyasət dövlət maraqlarını təmin etməyə yönəlib. Ölkə daxilində gedən proseslər də məhz bu maraqların yenidən düşünülməsi, təhlil edilməsi, qiymətləndirilməsi və ifadə edilməsi istiqamətində cərəyan edir. Bir sözlə, Türkiyə qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq, çətinlikləri, anlaşılmazlıqları aradan götürmək siyasətini həyata keçirir. Bu isə çox gözəl ideyadır".
Söhbət əsnasında Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqdan, qarşılıqlı əlaqələrdən, dini-mədəni köklərin bağlılığından söz açan müsahibimiz bütün hallarda iki ölkə arasında münasibətlərin pozulacağına inanmadığını ifadə etdi.