Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Azərbaycan R-da ən müxtəlif səviyyələrdə, əsasən də dindar kəsim tərəfindən məscidlərin sökülməsi kampaniyasına etiraz edilir. Amma deyəsən əlaqədar dövlət strukturları, ayrı-ayrı şəxslər məsələnin fərqinə varmaq niyyətində deyil. Əksinə, «qanunsuz tikili» adı altında bir sıra məscidləri sökməkdə israrlıdırlar. İbadətgahların darmadığın edilməsinə bəraət qazandırmağa çalışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə «ibadət etmək üçün məscidin olması vacib deyil» deyərək, daha orijinal fikirlər səsləndirib. Belə ki, xanım deputat az qala dini hökm çıxararaq, «ətrafında çox sıx yaşayış evləri, böyük müəssisələr olan yerlərdə məscid tikmək olmaz(?)» deyir. Şəriətə görə, məscidin hökmü nədən ibarətdir və ibadətgahların sökülməsi əslində nə ilə bağlıdır? Bu və digər suallara Azərbaycan İslam Partiyası (AİP) sədrinin elm və maarif məsələləri üzrə müavini Hacı Elçin Manafovla aydınlıq gətirməyə çalışdıq.
E.Manafov düşünür ki, qeyri-qanuni tikildiyini, yaxud yararsız olduğunu iddia edib hər hansı ibadət ocağını sökmək, yaxud uzun müddətə bağlamaq əsassız fikir və yanlış addımdır. AİP funksionerinin fikrincə, məscidlərin darmadağın edilməsi insanların dini-mənəvi kökünə qayıdışının, İlahi dəyərlərin fövqündə inkişafının qarşısının alınmasına xidmət edir: «Görünür, Azərbaycan xalqının Allaha doğru irəliləməsi, doğrunu dərk edib, haqqı tələb etməsi kimlərəsə sərf etmir. İslama qarşı yönələn bu cür yad münasibətlərdən açıq-aşkar hiss olunur ki, baş verənlər Azərbaycanla bağlı düşmən siyasətin tərkib hissəsidir». Müsahibim indiyədək qeyri-müsəlman ölkələrində məscidlərin sökülməsi faktına təsadüf olunmadığını, hətta buna cəsarət belə edilmədiyini diqqətə çatdırdı. Bu baxımdan müsəlman Azərbaycan məmləkətində məscidlərin sökülməsini, xalqın minillik dəyərlərinin tapdalanmasını analoqu olmayan hadisə kimi qiymətləndirdi: «Dəfələrlə bəyan edilib ki, hər hansı məscid qanunsuz tikilibsə, yaxud fəaliyyət üçün yararsızdırsa, bu heç də onun sökülməsini zəruri etmir. Əksinə, onu Allah evi, mənəvi bir ocaq kimi dəyərləndirib sənədlərini qaydaya salmaq, əsaslı təmir etmək ən sadə işdir. Mövcud Azərbaycan reallığında heç kim özbaşına hansısa tikili ucalda bilməz. Bu baxımdan sözügedən məscid sahiblərinin əlində tikintiyə icazə verən qurumların imzaladığı müvafiq sənədlər var. Amma təəssüf ki, məhkəmələrdə həmin sənədlərə əhəmiyyət verilmir».
«Yerin, göyün yaradıcısı Allah-Təaladır. Məhz bu danılmaz həqiqət nəinki Azərbaycanın, dünyanın istənilən yerində Allah evinin ucaldılması üçün kifayətdir», deyən Hacı Elçin R. Aslanovanın fikirlərinə münasibət bildirərkən bunları söylədi: «Millət vəkilinə görə, məscidlərin sökülməsi kampaniya xarakteri daşımır və bunu dindarlara qarşı təzyiq kimi qiymətləndirmək doğru deyil. Onda maraqlıdır, ibadətgahların bir-birinin ardınca sökülməsi dindarların, bütövlükdə müsəlman bir cəmiyyətin dini-mənəvi dəyərlərinə təzyiq deyil, bəs nədir? Belə davam etsə, inanclı insanlar namaz qılmaq, digər dini ritualları həyata keçirmək üçün hansısa dövlət qurumundan icazə almalı, qeydiyyatdan keçməlidirlər».
Şərqin, müsəlman aləminin şəhərsalma tarixindən söz açan AİP funksioneri o vaxt insanların ilk öncə məscid, bazar, daha sonra ictimai obyektlər tikdiyini söylədi: «Məscid Allahın evi, müsəlmanın ibadətgahı, İslamın simvoludur. Bu gün dinin siyasətdən ayrı olduğunu deyənlər özləri İlahi tövsiyələrə müdaxilə edir, bilərəkdən, ya da bilməyərəkdən dini, dindarları siyasi çəkişmələrə çəkir, məscid haqda hökm çıxarırlar. Halbuki, İslamın konstitusiyası Qurani-Kərimdir. Və yalnız bu müqəddəs Kitab məscidin hökmünü təyin edir. Mənə elə gəlir ki, istər evlərin, müəssisələrin sıx, istərsə də seyrək olduğu yerlərdə məscidlərin inşası, onların fəaliyyəti heç bir əngəl törətmir. Çünki Azərbaycan İslam ölkəsidir, burda yaşayan əhalinin 97 faizi müsəlmandır, onların ibadət etdikləri, haqqa tapındıqları məkan isə məsciddir».
Sonda daha bir məsələyə toxunan Hacı Elçin hesab etdiyini bildirdi ki, məscidlərə qarşı amansız hücuma keçən qüvvələr xalqın dini, milli-mənəvi dəyərlərinə, İslam Konfransı Təşkilatının üzvü olan Azərbaycanın imicinə ciddi zərbə vurmağa çalışırlar.