Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı ilə “Beynəlxalq Qüds Günü”nə, həmçinin Qarabağın işğalına həsr olunmuş tədbir keçirildi.
AZB sədri Eldəniz Quliyev deyib ki, bu gün hər bir mütərəqqi düşüncəli insan millətindən, dinindən və irqindən asılı olmayaraq, təcavüzkar siyasətə qarşı mübarizəyə qalxmalıdır. Eldəniz Quliyev çıxışında həmçinin İsrail dövlətini tənqid edib: “Biz müharibə dəhşətlərinə sinə gərmişik, təcavüzün, işğal kabusunun nə olduğunu bilirik. Bu gün “Beytül-Müqəddəs” əsarətdədir, Qarabağ işğal altındadır. İraqda, Əfqanıstanda, Fələstində hələ də məzlum insanların qanı axıdılır. Biz buna qarşı öz etiraz səsimizi ucaltmalı və bu “doydum” deməyən təpəgözə “dur” deməyi bacarmalıyıq”.
Tədbirdə Azərbaycan İslam Partiyasının sabiq sədri Hacıağa Nuri də çıxış edib. O bildirib ki, Allah İmam Xomeyniyə rəhmət eləsin ki bele bir günü elan edib: “İmam Xomeyni hələ sağlığında demişdi ki, qara günlər Əfqanıstanı, Azərbaycanı da gözləyir. Onun dediyi kimi də oldu”.
Tədbirdə iştirak edən Birlik partiyasının sədri Hacı Xudu Xuduyev də Qüds Gününün əhəmiyyəti və İsrailin cinayətlərindən danışıb.
Tədbirdə iştirak edən Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan da sionizmi tənqid etdi: “Qüdsün işğalı məsələsi yarandığı gündən yəhudi - ərəb qarşıdurması yox, sırf İslama təcavüz faktı olub”
Tədbirdə, “Azəri” İctimai Birliyi, “Mənəviyyat” İctimai Birliyi, “Odar” İctimai Birliyi, “Doğruluq” İctimai Birliyi və “Ahıl Ziyalılar” İctimai Birliyi rəhbər və nümayəndələri, KİV mənsubları iştirak ediblər.
Tədbirdəki digər çıxışçılar da İsraili və ABŞ-ı kəskin tənqid ediblər. Sonda bəyanat qəbul olunub. birlik.az