Mübarək Ramazan ayının son cüməsində nəzərdə tutulmuş bir tarix var ki, sanki bu ayın mübarək fəlsəfəsini özündə əks etdirir. Bu tarix – özlüyündə xüsusi nemət səciyyəsi daşıyır
Azərbaycan Servisi/Aran Agentliyi
Deyerler.org Mübarək Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Bu, işğal olunmuş ərazilərlə həmrəylik simvolu olaraq keşirilən, məzluma dəstək, zalıma etiraz səciyyəsi daşıyan bir tarixdir.
Azərbaycanımızda da bu tarixin qeyd edilməsi – artıq ictimaiyyətdə oturuşmuş bir ənənə xarakteri alıb. Erməni faşistlərinin tapdağı altında Qarabağı inləyən bir millətə, sionizmin onminlərlə qurban hesabına zəbt etdiyi, bütün dünya müsəlmanlarının and yeri, ilk qibləsi olan Qüdslə bağlı hisslər çox tanışdır.
İçərişəhər “Cümə” məscidinin dini icması bu münasibətdə “Qarabağı və Qüdsü unutma!” mövzusunda konfrans keçirmişdir. Ənənəvi olaraq, tədbir Qurani-Kərimin tilavəti və Dövlət Himninin cəmlə oxunması ilə başlandı. Konfransı giriş sözü ilə açan ilayiyyatçı-filosof, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu, bu tarixin kökündə duran fəlsəfədən danışdı: “Mübarək Ramazan ayının son cüməsində nəzərdə tutulmuş bir tarix var ki, sanki bu ayın mübarək fəlsəfəsini özündə əks etdirir. Bu tarix – özlüyündə xüsusi nemət səciyyəsi daşıyır. Axı, mahiyyət etibarilə, insanın digər insanlarla münasibəti, məhəbbət, mehribançılıq, səmimilik kimi dəyərlərin tətbiqi - onların həqiqi durumu ilə bağlıdır. Bu gün – Qüds Günüdür. Qüds günü dostu-düşməni tanımaq günüdür. Qüds günü yalnız bir coğrafi anlama aid deyil. Qüds günü – Vətən günüdür. Qüds günü – bütün işğal olunmuş torpaqların bir rəmzidir.
Hər şey öz yerinə qayıdacaq. Bir gün Qüds də müsəlmanlara qayıdacaq. Bir gün Qarabağ da müsəlmanlara qayıdacaq. Bu, birmənalıdır. Nə vaxt qayıdacaq? Bu, bizlərdən asılıdır. Bunun üçün biz gərək ağılla, dərrakə ilə, düşüncə ilə, Allaha bəndəliyə yönəlik nəzərlərlə üzərimizə düşən vəzifələri yerinə yetirək”.
Konfransda bir çox məruzələr səsləndirildi. Çıxışçılar daşnak və sionist faşizminin iç üzünü açan, Qarabağın və Fələstinin işğal tarixçəsini bəlli edən, vətənpərvərlik, insanpərvərlik, xeyirxahlıq kimi hissləri tərənnüm edən materialları tədbirə cəm olanların nəzərə çatdırdılar.
Çıxışçılar arasında N.Mikayıloğlunun “Bizlərə yaxın müsibət”, M.Həmzəlinin “Qüds – bir meyardır”, G.Hüseynlinin “Mən – Qüdsəm”, M.Fərəcin “Zühurdan öncəki durum”, Ş.Qurbanovun “Məna nədir ömr etməkdə”, B.Əzimovanın “Qüds Günü – özümüzə qayıdışımızdır”, T.Ağamirzəzadənin “Gəmidəkilərin aqibəti”, L.Abbasovanın “Sionizm – yəhudilik demək deyil” mövzularında məruzələri dinləyicilərin xüsusi diqqətini cəlb etmişdir.
Konfransda iştirak edən “Əhli-beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupu hazırladıqları “Qarabağ və Fələstin dərdi” və “Sənsiz dövran gör necədir!” kompozisiyalarını təqdim etmişlər.
Konfransın sonunda “Viranələr” video-təqdimatının nümayişi olmuşdur.Deyerler.org