Azərbaycanın Hacıqabul, Neftçala rayonları və Şirvan şəhəri ərazisində təbii fəlakət baş verib. İpək yolunun Hacıqabul rayonundan keçən ərazisini tamamilə su basıb
Azərbaycan Servisi/Aran Agentliyi
Faktxeberin verdiyi məlumata görə, bu gün saat 15.20 radələrində Hacıqabul rayonunun Nəvahi və Rəncbər kəndləri ərazisinə yağan güclü sel yağışları nəticəsində Nəvahi kəndinin ərazisində 300-dən çox ev və Hacıqabul rayon mərkəzinin ərazisi su altında qalıb. Sel sularının axın məcrası istiqamətində yaranmış su axını kiçik avtomobilləri və yolüstündəki əşyaları apara bilir.
Rayon ərazisinin ətrafında dəmir yollarının relsləri və elektrik xətləri uçub. Yüzlərlə ev heyvanları tələf olub. Rayon sakinlərinin ev əşyaları, şəxsi avtomobillər suyun altında qalıb, bir neçə ev uçub.
Rayona külli miqdarda maddi ziyan dəyib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası təbii fəlakətin aradan qaldırılması üçün rayona səfərbər edilib.
Təbii fəlakətin fəsadlarını aradan qaldırması üçün operativ qərargah yaradılıb.
Hazırda dağlardan gələn suyun axını səngiməyib. Ətraf rayonlardan da əlavə texnika gətirilir.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov bildirib ki, saat 15.20 radələrində yağan güclü leysan yağış suları Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsini basıb. Nəticədə avtomobillərin hərəkəti dayanıb və yolda böyük tıxac yaranıb. Rayonun Rəncbər kəndinin bir hissəsi və ərazidən keçən dəmir yolu magistralı da suyun altında qalıb. Kəndin ərazisindən güclü sel suları axır. Rayon rəhbərliyi hadisə yerində təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün tədbirlər görür.
Görülmüş tədbirlər nəticəsində magistral yolu saat 16.30 radələrində açmaq mümkün olub. / apa/