Tarix : 2009 Sep 21
Kod 14127

Səfər Əbiyev 30 general və zabiti işdən çıxardı

Azərbaycan Ordudsunda ciddi ixtisarlar başladı
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin (MN) Hərbi Elm Mərkəzinin 30-dan artıq general və böyük zabiti işdən azad olunub. “MilAz” İnformasiya Agentliyinin hərbi mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, ixtisar prosesi MN-in mərkəzi aparatında aparılan islahatlar (NATO standartlarına keçid) çərçivəsində həyata keçirilib.Məlumata görə, MN Şəxsi Heyət İdarəsinin rəis əvəzi, general-leytenant Çingiz Məmmədov Hərbi Elm Mərkəzinin binasına gələrək ixtisar olunan şəxsi heyəti sıraya düzüb və onlara bildirib ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifələri ixtisara düşüb. Onların yeni ştatlara uyğun başqa vəzifələrə təyin edilməsi imkanları isə məhduddur. İxtisar olunanlara deyilib ki, hər kəs özünə ordudan kənarda başqa işlər axtara bilər.
“MilAz” işdən azad edilmiş general və zabitlərin bir qisminin siyahısını da dərc edib. Onlar aşağıdakılardır: general-mayor Dadaş Rzayev (sabiq müdafiə naziri, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri), general-mayor Tacəddin Mehdiyev (sabiq müdafiə naziri), general-mayor Məmməd Sarıyev (müdafiə nazirinin sabiq müavini), general-mayor Aleksandr Vasyak (Müdafiə Nazirliyinin sabiq idarə rəisi), polkovnik Əli Məmmədov (müdafiə nazirinin sabiq müavini), 1-ci dərəcəli kapitan Qasım Əhmədov (Hərbi Dəniz Qüvvələri komandanının sabiq müavini), polkovnik Yavər Məcidov (MN-in sabiq şöbə rəisi), polkovnik Həsən Əmirov (Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini).
MN mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu agentliyə açıqlamasında adları siyahıda göstərilənlərin ehtiyata göndərildiyini təsdiq edib: “Təqaüddə olan bu şəxslər Müdafiə Nazirliyinin yeni ştat strukturuna keçidi ilə əlaqədar ehtiyata göndəriliblər. Onların vəzifələri ixtisara düşüb”.
MN rəsmisi bu barədə məlumatın təqdimolunma formasına etirazını da bildirib. O, işdən azad olunan şəxslərin ümumi sayı ilə bağlı məlumatlı olmadığını da deyib.
Xatırladaq ki, təxminən bir ay öncə Azərbaycan Silahlı Qüvvələrinin iki generalı - Talıb və Qabil Məmmədovlar öz xahişləri ilə ehtiyata göndərilmişdi. Yayılan məlumatda o da qeyd olunur ki, artıq MN mərkəzi aparatında və Silahlı Qüvvələrin Baş Qərargahında həyata keçirilmiş ştat-struktur islahatları tamamlanıb. Məlum olub ki, islahatlar nəticəsində MN Əməliyyat İdarəsi böyüdülərək Baş Əməliyyat İdarəsinə çevrilib və oraya indiyədək nazirlik daxilində ayrı-ayrılıqda fəaliyyət göstərmiş bir sıra idarə, şöbə, bölmə və xidmətlər daxil edilib. Bundan başqa, yeni idarə - Şəxsi Heyət İdarəsi yaradılıb ki, bura kadrlar idarəsi, tərbiyəvi işlər idarəsi, təşkilat-səfərbərlik idarəsi və s. daxil edilib.
İslahatlar nəticəsində MN Beynəlxalq Əlaqələr və Avroatlantik İnteqrasiya İdarəsinin adı dəyişdirilərək Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi olub. MN bəyan edib ki, həyata keçirilən islahatlar Silahlı Qüvvələrin daha çevik şəkildə idarə olunmasına səbəb olacaq.

Hərbi ekspert Üzeyir Cəfərov bu addımı normal qarşıladığını söylədi: “Əslində bu, çoxdan atılmalı addım idi. Çünki dövlət büdcəsindən xeyli vəsait təyinatı üzrə istifadə olunmurdu. Bu zabitlər digər vətəndaşlarla müqayisədə 5-6 qat artıq təqaüd alırdı və özləri üçün kifayət qədər normal şərait yaradıblar. Ancaq onların təcrübəsindən digər sahələrdə istifadə etmək olar. Hesab edirəm ki, rəhbərliyin addımı normaldır və istərdim ki, onun davamı olsun”.//Musavat

  • Yazılıb
  • da (də) 2009 Sep 21