Rayonda evlərə çox ziyan dəyməsinə səbəb, onların çiy kərpicdən tikilməsi olub
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən əvvəl düşən leysan yağışları Neftçala rayonunun da bir neçə yaşayış məskəninə ziyan vurub. Fəsadlar daha çox rayonun Bankə qəsəbəsində qeydə alınıb. Həyətlərın əksəriyyətini su basıb, bir evin divarının suvağı uçub.
Neftçala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bankə qəsəbəsinin bir hissəsində kanalizasiya xətti olmadığından yığılan suyun çəkilməsi problemlərlə müşayət olunub. Bir gün əvvəl yağan güclü yağışdan sonra məhz bu səbəbdən bir neçə həyətdə fəsadlar törənib.
“Ərazidə güclü su qalxma müşahidə edilib, lakin ölkə rəhbərliyinin təşəbbüsü ilə qəsəbənin bir neçə hissəsində kanalizasiya işləri çəkildiyinə görə fəlakət o hissələrdə təcili aradan götürülüb. Kanalizasiya çəkilməyən yerlərdə müəyyən problemlər qalmaqdadır. Bunların hamısı həll olunacaq”, - deyə Bankə kənd qəsəbəsinin icra nümayəndəsi Vaqif Cəlilov bildirib.
Mərkəzi Aran rayonlarında yaşanan sel fəlakəti ölkənin şimal istiqamətinə də sirayət edib. Axşam saatlarında yağan güclü leysan Xaçmaz rayonu ərazisində xeyli fəsadlar yaradıb. Güclü sel rayonun 5 kəndini və Xudat-Xaçmaz yolunu basıb. Məlumata görə, sel sularının daha çox rayonun Nərəcan kəndinə yönəldiyi məlum olub. Güclü sel həm magistral yola, həm də kənddəki evlərin bir hissəsinə dolub.
Leysan yağışları Qusardan da yan keçməyib
Ötən gün şimal bölgəyə də yağan yağış Qusar rayonunda 3 kəndə ciddi ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağan yağış Qusarın Hiloba, Yasaboba və Əmiroba kəndlərində ciddi fəsadlar a gətirib çıxarıb.
Sel suları evləri tam yararsız vəziyyətə salıb, kəndlərdə olan yarı tikililər, hasarlar uçub. Hazırda ərazidə hadisə ilə bağlı Fövqəladə Hallar Kommisiyası işləyir.
Qusarın Yasaboba kəndi hadisə nəticəsində bir gün işıqsız qalıb. Hiloba kəndində bir ev, Əmiroba kəndində isə üç ev tamamilə yarasız vəziyyətə düşüb. Kəndlərə dəymiş ziyanla əlaqədar əhali kompensasiyanın ödənilməsini tələb edir. Qəfil baş verən hadisə əhali arasında xof yaradıb.
Qeyd edək ki, rayon icra hakimiyyətinin sədri, Fövqəladə Hallar Kommisiaysının birinci müavini Alis Məmmədov da hadisə yerinə gəlib. O, əhaliyə kompensasiyanın ödəniləcəyinə dair vəd verib.
İpək yolunun kənarındakı meşəni su basıb
Sentyabrın 20-də saat 15:30 radələrində Hacıqabul rayonuna yağan güclü yağış İpək yolunun kənarındakı meşə massivinə ciddi ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bir saat davam edən yağış və Mişovdağdan gələn leysan suları əsasən rayonun Nəvahi, Pirsaat, Rəncbər və Qubalı Baloğlan yaşayış məntəqələrinə ziyan vurub. Nəvahi qəsəbəsi istiqamətində magistral yol bir saata yaxın bağlı qalıb.
Hacıqabul rayonu ərazisindəki 110 kv elektrik yarımstansiyası sel nəticəsində sıradan çıxıb.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ANS PRESS-in bölgə müxbirinə açıqlamasında ərazidə fəsadların aradan qaldırılması işlərinə 20-dən yuxarı yanğınsöndürən maşının, onlarla nasosun, 200-ə yaxın canlı qüvvənin cəlb edildiyini bildirib. Onun sözlərinə görə, həyətlərə və evlərə dolan yağış suları tədricən texnikalar vasitəsilə çəkilir. Nazir müavini dəyən ziyanın məbləğinin komissiya tərəfindən müəyyənləşdiriləcəyini bildirib. Qəzalı vəziyyətə düşən və o cümlədən uçan evlərin sakinlərinə kompensasiya verilməsi barədə hələlik dəqiq məlumat yoxdur.
APA-nın məlumatına görə, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, “Azərenerji” ASC-nin rəhbəri Etibar Priverdiyev, həmçinin Daxili Qoşunların Komandanı Zakir Həsənov Hacıqabul rayonunda olublar.
Dəmiryollarında qatarların hərəkəti dayanıb
Sentyabrın 20-də təxminən saat 14.00 radələrində yağan güclü yağış nəticəsində sel suları Pirsaat-Hacıqabul yolunun 524-523-cü kilometrində cüt yolun 0,8 km (800 metr) yol yatağını yuyub aparıb. Həmçinin Şirvan-Qaragünə yolunun 37-ci kilometrində tək yolda 0,2 kilometr (200 metr) yol yatağını sel basıb.
Bunu lent.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. O bildirib ki, Nəvahi – Pirsaat və Hacıqabul – Şirvan mənzillərində yol təsərrüfatı, texniki qurğular, işarəvermə və rabitə sistemi sıradan çıxıb, kontak şəbəkəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Dəmir yolunun digər təsərrüfatlarına da güclü ziyan dəydiyini bildirən mətbuat xidməti rəhbəri rabitə əlaqəsinin tamam kəsildiyini vurğulayıb.
Amma təbii fəlakətin ziyan vurduğu ərazilərdə hərəkət tam dayanmayıb, yük və sərnişin qatarlarının göndərilməsi müəyyən məhdudiyyətlərlə həyata keçirilib.
Təbii fəlakətin nəticələrini aradan tam qaldırmaq üçün «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin bütün təsərrüfatlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
N.Əzməmmədov deyib ki, şimal istiqamətində də qatarların hərəkətində problemlər yaranıb. Bu istiqamətdə yağan güclü leysan nəticəsində qatarların hərəkətində fasilələr yaranıb, bu istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkəti dayandırılıb.
Belə ki, 374-373 saylı Tümen –Bakı və 32-31 saylı Kiyev –Bakı sərnişin qatarları Şimali Qafqaz Dəmir Yolunun Qızılyurd stansiyasında, 373-374 saylı Bakı-Tümen qatarı isə Şimali Qafqaz Dəmir Yolunun Mahaçqala stansiyasında dayanıb.
Şimali Qafqaz Dəmir Yolu rəhbərliyinin təklifinə əsasən Bakıdan Tümenə gedən və Mahaçqala stansiyasında dayanan 373-374 saylı Bakı-Tümen sərnişin qatarının sərnişinləri avtobuslarla Qızılyurt stansiyasına, orada dayanan 374-373 saylı Tümen –Bakı və 32-31 saylı Kiyev –Bakı sərnişin qatarlarının sərnişinləri isə avtobusla Mahaçqala stansiyasına gətiriləcək və oradan sərnişin qatarları ilə təyinatı üzrə mənzil başına çatdırılacaq.