Tarix : 2009 Sep 23
Kod 14139

ABŞ istəsə də, Qarabağ məsələsini həll edə bilməz. Qarabağı qaytarmaq üçün bu millət özü şəhidliy...

Bu gün BMT-də əsas fiqur ABŞ-dır. Amma ABŞ istəsə də, Qarabağ məsələsini həll edə bilməz
Azərbaycan Servisi/Aran Agentliyi
Deyerler.Org - BMT başa assambleyasının 64-cü sessiyası işinə başlayır. Nyu-Yorkda baş tutacaq müzakirələrə bir çox dünya ölkələrinin dövlət və hökumət başçıları qatılmışlar. O cümlədən, MDB ölkələrindən 64-cü sessiyaya Rusiya prezidenti D.Medvedev, Ukrayna prezidenti V.Yuşenko, Türkmənistan prezidenti Q. Berdiməhəmmədov, Tacikistan prezidenti İ.Rəhmon, habelə Gürcüstan prezidenti M. Saakaşvili də qatılacaqdır.

Baş Assambleyanın bu sessiyasının gündəliyinə GUAM-ın üzvü olan ölkələrin XİN rəhbərlərinin növbəti iclasının, “GUAM+ABŞ”, “GUAM+Yaponiya” və “GUAM+Polşa” formatında görüşlərin keçiriləcəyi də gözlənilir. “Yeni Musavat”ın xəbərinə görə həmçinin Azərbaycan Xarici İşlər Nazirinin sessiya çərçivəsində bir sıra ikitərəfli təmasları da planlaşdırılıb. Onun Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşməsi də istisna deyil. Nalbəndyan Nyu Yorka sentyabrın 26-da gedəcək. Ertəsi gün isə Məmmədyarov səfərini başa vurub Bakıya qayıtmalıdır. Bu baxımdan onların görüşünün sentyabrın 27-də baş tutması mümkündür. Hələlik, o məlumdur ki, ATƏT-in Minsl Qrupunun həmsədrləri də Nyu -Yorka gediblər və onlar xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb prezidentlərin gələn ay Moldovanın paytaxtı Kişinyovda baş tutması gözlənilən görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər. Fransalı Bernar Fasye, rusiyalı Yuri Merzlyakov və amerikalı yeni həmsədr Robert Bradtkenin öz aralarında məsləhətləşmələr aparacağı da bildirilir.

Biz bu mövzunun radiomuzun on-layn canlı efirində siyasi icmalçı, “Ayna-Zerkalo” qəzetinin siyasət şöbəsinin müdiri Azər Rəşidoğlu ilə davam etdirmişik.

- Azər bəy, bu sessiyadan gözləntiləriniz nədir?
- Əlbəttə ki, bu sessiyada bizi daha çox GUAM ərazisindəki münaqişələrin müzakirəsi və Azərbaycanın işğal olunmuş ərazisinin müzakirəsi narahat edir. BMT, ümumiyyətlə dünya bu problemlərin həll olunmasını istəyir. Bu problemlərin necə həll olunacağı onu az maraqlandırsa da, enerji layihələrinə maneələr törətdiyi üçün bu münaqişələrin tezliklə çözülməsini istəyir. Lakin regiona uğrunda mübarizədə bir neçə super güc olduğundan bu tipli müzakirələr lazımi effekt verə bilmir. Dünyanın özünə hörmət edən siyasi mərkəzləri BMT-dən nə isə gözləmirlər. Xüsusən də son illər ərzində BMT-nin fəaliyyəti göstərir ki, BMT nəyisə həll edə bilmir.

- Sizcə, belə sessiyalar bizə Qarabağımızı qaytara bilərmi?
- Təbii ki, yox. Məsələn, İraq məsələsinin müzakirəsi də göstərdi ki, BMT-nin istəyi heç nəyi həll eləmir. Bu gün BMT-də əsas fiqur ABŞ-dır. Amma ABŞ istəsə də, Qarabağ məsələsini həll edə bilməz. Qarabağı qaytarmaq üçün bu millət özü şəhidliyə, qanının tökülməsinə hazır olmalıdır. Onlar ən yaxşı halda bu gün hansı layihəni hazırlayırlar? Ən yaxşı halda illərlə çalışacayıq ki, indi hazırkı variant da işləsin. Bu variantı isə bizə heç vermirlər də.

- Dəyərli şərhlərə görə təşəkkür edirik -
Deyerler.Org
  • Yazılıb
  • da (də) 2009 Sep 23