Tarix : 2009 Sep 23
Kod 14141

Gəncənin 37 saylı məktəbində hicab problemi həllini tapdı. Amma bəzi tədris müəssisələrində hicab...

Keçən illərə nisbətdə hicabla bağlı insan haqlarının pozulması halları ölkə üzrə xeyli azalsa da, hələ də bəzi məmurlar yerlərdə anlaşılmaz mövqe tuturlar
Azərbaycan Servisi/Aran Agentliyi
Hacı İlqar: "Keçən illərə nisbətdə hicabla bağlı insan haqlarının pozulması halları ölkə üzrə xeyli azalsa da, hələ də bəzi məmurlar yerlərdə anlaşılmaz mövqe tuturlar"

Deyerler.Org - Sentyabr ayının 15-də yeni dərs ilinin başlanılması ilə Azərbaycanın bəzi orta məktəblərində yenidən baş örtüyü ilə bağlı problemlər yaşanmaqdadır. İlk gündə Gəncədə, Salyanda, Cəlilabadda, Yevlaxda və Bakı şəhərinin Hövsan qəsəbəsində, Suraxanı rayonununda təhsil alan şagirdlərin valideyinlərindən DEVAMM-a – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinə şikayətlər daxil olmağa başlamışdır. Valideyinlər bildirirdilər ki, məktəb direktorları dərsə gələn hicablı qızlarına məktəbə başörtüsü ilə gəlməmələri barədə göstərişlər vermişlər və məktəbə buraxmayacaqları barədə təhdid etmişlər.

Hər il olduğu kimi, yeni dərs ilinin başlanması ilə ölkənin müxtəlif orta məktəblərində bəzi məmurlar hicabla bağlı çətinliklər törədirlər. Yaranmış vəziyyətlə bağlı DEVAMM, insan haqlarının ayrılmaz hissəsi olan dini etiqad və vicdan azadlıqlarının adı çəkilən məktəblərdə monitorinqinə başlamışdır.

Sentyabr ayının 23-ü keçirilən monitorinqdən əldə edilən məlumata əsasən, müvafiq maarifləndirmə işlərinin nəticəsi olaraq Gəncədə və Bakının adı çəkilən məktəb direktorları başörtüklü şagirdlərin dərslərdə iştirak etmələrinə heç bir maneə törətməmişlər və şagirdlər sərbəst surətdə dərslərdə iştirak edirlər. Lakin, bununla yanaşı Yevlax şəhərinin 4 saylı orta məktəbinin direktoru İmanova Mehriban 4-cü sinif şagirdini hicabla dərsə gəldiyinə görə dərsə buraxmamış və DEVAMM-a bildirmişdir ki, şagirdi hicabda dərsə buraxmamaqda israrlıdır. Baxmayaraq ki, məktəb direktoruna yeni qəbul edilmiş təhsil haqqında qanunda heç bir qadağanedici müddəanın olmaması və ölkə qanunvericiliyində tədris müəssisələrində hicabla bağlı heç bir qadağanın olmaması çatdırılsa da, M.İmanova israrla buraxmayacağını bildirdi. Həmçinin, eyni israrla Cəlilabad rayonunun Göytəpə şəhərinin 1 saylı orta məktəbinin direktoru Bəxtiyar Cəfərov çıxış edərək, başı örtüklü müəllimə və şagirdləri dərsə buraxmır. Səlyan rayonunun eyni adlı şəhərində 2 saylı orta məktəbin direktoru Məmmədov Firudin də öz növbəsində insan haqlarını məhdudlaşdıran direktorlar sırasındadır. Belə ki, həmin direkotor da sentyabr ayının 15-dən etibarən hicablı şagirdlərin dərslərdə iştirakına qadağa qoymuşdur.
Vəziyyəti şərh edən DEVAMM sədri İlqar İbrahimoğlu baş verənlərin ciddi qanun pozuntusu, o cümlədən, insan haqlarının kobud surətdə məhdudulaşdırılması kimi qiymətləndirdi: "Təəssüflər olsun ki, hər yeni dərs ilinin başlanması bəzi məktəblərdə hicablı müəllimə və şagirdlərin hüquqlarının pozulması ilə müşayiət olunur. Faktiki olaraq, fərqli baxışlara qarşı dözümsüzlüklə səciyyələnən Sovet dönəminə xas məfkurəsinin daşıyıcıları olan bəzi məmurların yerlərdə özbaşınalığı nəticəsində vicdan azadlığı ilə yanaşı, şagirdıərin təhsil hüququ, müəllimələrin iş hüququ kobud surətdə pozulur".
DEVAMM sədri onu da qeyd etdi ki, keçən illərə nisbətdə insan haqlarının pozulması halları əhəmiyyətli dərəcədə azalsa da, bəzi məktəblərdə hələ də problemlər yaşanmaqdadır: "Keçən illərə nisbətdə hicabla bağlı insan haqlarının pozulması halları ölkə üzrə xeyli azalsa da, hələ də bəzi məmurlar yerlərdə anlaşılmaz mövqe tuturlar. Baxmayaraq ki, qüvvədə olan qanunvericilik dini etiqad azadlığına, o cümlədən, hicablı olaraq təhsil almağa tam təminat verir, bəzi məmurlar özlərini sanki qanunun fövqündə hesab edirlərmiş kimi aparırlar. Təəccüblüsü odur ki, təhsilin səviyyəsinin yüksəldilməsinə, məktəblərin təminatının gücləndirilməsinə yönəldilməli olan məmur enerjisi, nə üçünsə insanlara problem yaratmağa yönəlir".
Hacı İlqar onu da vurguladı ki, aparılan maarifləndirmə işləri nəticəsində və sağlam zəkanın üstünlük təşkil etməsi sayəsində problem öz həllini tam olaraq tapacaqdır.
DEVAMM onu da bildirir ki, öncə hicabla bağlı məhdudiyyət yaşanan bəzi təhsil müəssisələrində, o cümlədən, Gəncə şəhəri 37 saylı məktəbdə hicab problemi öz həllini tapmışdır. Artıq hicablı şagird və müəllimələr burada maneəsiz olaraq məktəbə gələ bilərlər.Deyerler.Org
  • Yazılıb
  • da (də) 2009 Sep 23