Zəminə Dünyamalıyeva ACP-dən çıxarıldı; yeni sədrin adı məlumdur
Sabiq müşavirin öz tərəfdarları ilə yeni partiya yaradacağı gözlənilir
Azərbaycan Servisi/Aran Agentliyi
Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası nəhayət, öz Ali Məclisinin sessiyasını keçirə bilib. Srağagün KXCP qərargahında baş tutan sessiyada bir sıra kadr təyinatları olub və seçkilər olub. (Yüni Müsavat) Akif Şahbazovun ACP sədrliyindən getməsindən sonra onu müvəqqəti əvəz edən Ali Məclis sədri Vaqif Mahmudov partiyanın sədri seçilib. Dayandur Qəmbərov isə ACP Ali Məclisinin sədri seçilib.Ali Məclisdə Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva iştirak etməsə də, onun əleyhinə çıxışlar təşkil edilib və ACP üzvlüyündən çıxarılması məsələsi qaldırılıb. Rəsul Quliyevin də bu addımın tərəfdarı olduğu haqda məlumat verildikdən sonra Zəminə Dünyamalıyeva ACP-dən xaric edilib. Səbəb kimi isə Z.Dünyamalıyevanın partiyada pozuculuq fəaliyyəti ilə məşğul olması göstərilib. Bəzi məlumatlarda isə deyilir ki, Dünyamalıyevanın partiyadan çıxarılması təklifini şəxsən Rəsul Quliyev verib. Sabiq spikerin yaxın adamı kimi qəbul edilən jurnalist Elnur Məhərrəmlinin isə yaxın günlərdə yeni sədrin təyinatı ilə partiyada yüksək vəzifə tutacağı bildirilir. Onun təyinatı məsələsini isə Rəsul Quliyev tapşırıb və artıq bunun üçün heç bir maneə qalmadığı söylənilir. Bir vaxtlar R.Quliyevin dəstəyi ilə lBakı-Zaman» qəzetini nəşr edən E.Məhərrəmovun eks-spikerdən siyasi dəstək aldığı söylənir. Yeni sədr Vaqif Mahmudovla Elnur Məhərrəmovun bir aydan sonra Amerikaya səfər edəcəyi və orada ACP lideri ilə görüşəcəyi haqda da xəbər yayılıb.
Ali Məclis ACP-nin bələdiyyə seçkilərində iştirak etməməsi haqda qərar verib. Yeni sədr deyib ki, ACP-nin siyasi kursunda heç bir dəyişiklik olmayacaq.
Partiyadan uzaqlaşdırılmasına və Ali Məclisdə verilən qərarlara münasibətini öyrənmək üçün dünən Zəminə Dünyamalıyeva ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı. Ailə üzvlərindən biri onun evdə olmadığını söylədi. Cib telefonuna dəfələrlə etdiyimiz zənglərə isə cavab verilmədi.
Xatırladaq ki, Z.Dünyamalıyeva ACP-nin yaranmasında müstəsna xidmətləri olmuş şəxslərdən biri kimi tanınır. O, 1999-cu ildə YAP-ın deputatı olaraq istefa verib Rəsul Quliyevin tərəfinə keçən bir neçə şəxsdən biridir. 2007-ci ilin aprelinədək Rəsul Quliyevin sədrlik etdiyi ADP-də müxtəlif vəzifələrdə olub. Eks-spikeri müdafiə etdiyi üçün həbs edilib. 2007-ci ilin aprelində ACP-nin yaranmasında əsas təşkilatçılardan biri olub. Partiyanın Bakı rəhbərliyinin fəaliyyətindən narazılıq etməsi, mətbuatda ACP-nin rəhbərliyini fəaliyyətsizliyə görə tənqid eləməsi onu hədəfə çıxarmışdı. Dünyamalıyeva Vaqif Mahmudovu da partiyanın sədri olmaq imkanından xaric şəxs kimi xarakterizə edirdi. Ali Məclisin sessiyasından bir həftə əvvəl isə ACP-nin ölü quruma çevrildiyini əsas göstərərək, özünə hörmət edən şəxslərin belə bir qurumun fəaliyyətinə xitam verilməsinin tərəfdarı kimi çıxış etmələrinin vacibliyini söyləyirdi. Bəyan etmişdi ki, partiyanın fəaliyyətinə xitam verilməsə, özü könüllü olaraq istefaya gedəcək: “ACP-nin Ali Məclisin iclasında partiyanın fəaliyyətinə xitam verilməlidir. Mənim mövqeyim hamıya aydındır. Bu mövqe keçməsə, Vaqif Mahmudovun sədr olduğu fəaliyyətsiz bir partiyada Zəminə Dünyamalıyeva olmayacaq. Mən ACP-dəki fəaliyyətimə son qoyacağam”.
Görünür, Zəminə xanım ona qarşı bu cür sərt addımın atılacağını gözləmirmiş. Yoxsa, iclasdan əvvəl partiyadan istefa verdiyini bəyan edərdi ki, əleyhdarlarının əli ilə çıxarılmasın. O da istisna deyil ki, Dünyamalıyevanı aldadaraq nələrdənsə arxayın salıblar.
Dünən mia.az saytı məlumat yayıb ki, Z.Dünyamalıyeva Ali Məclisin qərarı ilə razılaşmayaraq, daha sərt addımlar atacaq: “ACP-də Zəminə xanıma yaxın olan partiya fəallarından birinin verdiyi məlumata görə, Dünyamalıyeva ACP-dəki tərəfdarlarını başına toplayaraq, yeni partiya yaratmağı da planlaşdırır”.