Partiya sədrlərinin və millət vəkilinin qatıldığı piketin polis tərəfindən dağıdılmasına cəhd göstərildi; üç nəfər saxlanıldı
Azərbaycan Servisi/Aran Agentliyi
Beş müxalifət partiyasının birləşdiyi Demokratiya Uğrunda İttifaq (DUİ) dünən saat 12:00-da Xarici İşlər Nazirliyinin (XİN) qarşısında piket keçirdi. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə vermədiyi üçün saat 12:00-dan əvvəl XİN-in qarşısına təxminən 15-20 nəfərlik polis dəstəsi yerləşdirilmişdi.DUİ-yə daxil olan partiyaların rəhbərliyindən millət vəkili Pənah Hüseyn, BAP sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu, baş bayraqdar Elman Türkoğlu aksiyaçıların önündə idilər. Aksiyaçılar XİN-in qarşısına yaxınlaşanda polis onların qarşısını kəsdi. Polis piketin razılaşdırılmamış olduğunu əsas göstərərək aksiya iştirakçılarına dağılışmaq əmrini verdi. DUİ üzvləri əmrə tabe olmayaraq sərbəst toplaşmaq hüquqlarından istifadə etdiklərini deyib XİN-in qarşısına qədər irəlilədilər.
Bu zaman Elman Türkoğlu və daha iki nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanıldı və post-patrul xidmətinin avtomobillərinə əyləşdirilərək aparıldılar. Yoldan keçən insanların aksiya keçirilən əraziyə toplanması kütləviliyi nəzərəçarpacaq dərəcədə artırdı. Polis qüvvələrinin aqressivlik nümayiş etdirməməsi XİN-in qarşısına toplaşan vətəndaşların sayının getdikcə artması ilə nəticələndi.
Bunu görən polis qəfildən hərəkətə keçdi. İnsanlara qarşı kobudluq etmək cəhdləri isə aksiyada iştirak eləyən millət vəkili Pənah Hüseynin etirazına səbəb oldu. Pənah Hüseynlə Yasamal Rayon Polis İdarəsinin əməkdaşı olan polis mayoru arasında mübahisə düşdü.
Nəhayət, polis aksiyanın qətnaməsinin XİN-ə təqdim olunmasına çətinliklə də olsa razılıq verdi. Qətnaməni nazirliyə KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu təqdim etdi. O, nazirliyin binasından geri dönənədək aksiya iştirakçıları dağılışmayıb gözlədilər. X.Teyyublu təxminən 10 dəqiqədən sonra geri döndü və həm aksiya iştirakçılarına, həm də media təmsilçilərinə qətnaməni XİN-in ümumi şöbəsinin əməkdaşı Rəşad Qarayevə təqdim etdiyi haqda məlumat verdi. KXCP rəsmisi onu nazirlikdə yaxşı qarşıladıqlarını və hətta XİN-dən piket iştirakçılarına salam göndərildiyini dedi.
Qətnamədə Dağlıq Qarabağ üzərində hakimiyyətin bərpası üçün Azərbaycan iqtidarının əməli addımlar atması, Madrid prinsipləri çərçivəsində danışıqlardan imtina edilməsi tələb olunur. Qətnamədə piket iştirakçılarının Ermənistan-Türkiyə sərhədlərinin açılmasına etiraz etdikləri də qeyd olunur.
Aksiya iştirakçıları «Qarabağ», «Rədd olsun Madrid prinsipləri», «Ümid sənədir, Azərbaycan əsgəri» şüarlarını səsləndirdikdən sonra dağıldılar. Aksiya iştirakçıları dağılan anda polis məlumat verdi ki, saxlanılanlar sərbəst buraxılıb.
Millət vəkili Pənah Hüseyn media təmsilçilərinə bildirdi ki, piketin məqsədi Demokratiya Uğrunda İttifaq və Qarabağ Azadlıq Təşkilatının tələblərini XİN-ə çatdırmaq idi: «Biz öz mövqeyimizi ifadə etdik. Hesab edirik ki, Qarabağın azad edilməsi üçün real tədbirlərin vaxtı çatıb. Ya torpaqlar işğaldan azad olunmalı, ya da hakimiyyət bunu bacarmadığına görə istefaya getməlidir».