Təkrar dövlət qeydiyyatından keçmək üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə (DQİDK) müraciət edən dini icmaların sayı 100-dən artıqdır
Azərbaycan Servisi/Aran Agentliyi
Təkrar dövlət qeydiyyatından keçmək üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə (DQİDK) müraciət edən dini icmaların sayı 100-dən artıqdır. Bu barədə Lent.az-a Komitənin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov məlumat verib. Onun sözlərinə görə, hələlik Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) başqa heç bir dini icma təkrar dövlət qeydiyyatına alınmayıb. Yaxın vaxtlarda təkrar qeydiyyata alınan icmaların adları açıqlanacaq.
“Fatimeyi-Zəhra məscidi” dini icmasının rəhbərliyi icmanın dövlət qeydiyyatına alınmasından ötrü lazımi sənədləri toplayaraq DQİDK əməkdaşlarından məsləhət istəyib. Komitə təmsilçiləri onlara lazımi izahatı verəndən sonra İslam təmayüllü dini icmaların sənədlərini QMİ-yə təqdim etməli olduqlarını izah edib. Bunu da G.İsmayılov bildirib. “Komitədə “Fatimeyi-Zəhra məscidi” dini icmasının nümayəndələrinə bildirilib ki, sənədləri toplayaraq QMİ-yə təqdim edin. Daha sonra QMİ-nin təqdimatı əsasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində həmin icmanın dövlət qeydiyyatına alınmasına baxıla bilər” – deyə, G.İsmayılov bildirib.
Müvafiq qanunvericiliyə əsasən, İslam təmayüllü dini icmalar sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) təqdim etməlidir. QMİ isə həmin sənədlər əsasında icma haqqında təqdimat yazır. Daha sonra təqdimat və sənədlər DQİDK-yə təqdim olunur. Bundan sonra Komitə müvafiq qərar qəbul edir.
“Dini etiqad azadlığı haqqında” qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2010-cu il yanvarın 1-dək təkrar qeydiyyata alınmayan dini icmaların ləğv olunması üçün məhkəməyə müraciət edə bilər.
Dini icmalar yalnız qeydiyyatdan keçdiyi hüquqi ünvanda fəaliyyət göstərə bilər. Həmin hüquqi ünvanlar isə məscidlər olmalıdır.
Təkrar dövlət qeydiyyatından keçməkdən ötrü Qafqaz Müsəlmanları İdarəsinə müraciət edən İslam təmayüllü dini icmaların sayı 200-dən çoxdur.
“Yeni Şərq”