Türkiyə müxalifətinin “xain protokollar”adlandırdığı sənəd oktyabrın 10-da imzalanacaq
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin qurulmasına və sərhədlərin açılmasına dair protokollar oktyabrın 10-da imzalanacaq. Türkiyədə nəşr edilən “Radikal” qəzetinin diplomatik mənbələrə istinadən yazdığına görə, protokolların İsveçrənin Sürix, yaxud Bern şəhərində imzalanacağı gözlənilir. Sənədlərin altına xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbəndyan imza atacaqlar.İndiyədək aparılmış danışıqlara vasitəçilik edən İsveçrənin xarici işlər naziri Mişelin Kalmi Rey isə müşahidəçi kimi yer alacaq. Lakin protokolların imzalanması ilə Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması baş verməyəcək. Məlum olduğu kimi, hər iki tərəf protokolların parlamentlərdə ratifikasiya olunandan sonra qüvvəyə minməsi barədə öhdəlik götürüb. Qəzetin yazdığına görə, hər iki tərəf imza mərasimindən dərhal sonra ratifikasiya prosesini başlatmağı nəzərdə tutur.
Xəbər verildiyi kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda jurnalistlərlə söhbətində deyib ki, Ankara protokolların parlamentə təqdim olunmasını ləngitməycək və bu, ən geci oktyabrın 11-də baş verəcək. Lakin sənədlərin parlamentdə səsverməyə çıxarılması və ratifikasiya olunması Dağlıq Qarabağ münaqişəsinin həllində baş verəcək irəliləyişlərdən asılı olacaq.
Qəzet yazır ki, Türkiyə konstitusiyası hökumətə səlahiyyət verir ki, parlamentdə müzakirə etmədən hansısa xarici ölkə ilə diplomatik münasibətlər qursun və sərhədləri açsın. Lakin hər iki tərəf sənədin parlamentlərdə müzakirəsində israrlıdır. Bunun iki məqsədi var. Birincisi, sənədin ictimaiyyət və parlamentdə müzakirə olunandan sonra təsdiqlənməsidir. İkincisi də hökumətlərin anlaşmanın tarixi məsuliyyətini parlamentlərlə bölüşmək istəməsidir. Həm Ankara, həm İrəvan sənədlərin imzalanmasından sonra nə baş verə biləcəyini təxmin etmir. Bu səbəbdən Ərdoğan və Sərkisyan tarixdə öz ölkələrini hansısa qəfil anlaşmaya gətirən şəxslər olaraq qalmaq istəmirlər. Ermənistan parlamentində çoxluq Sərkisyana bağlıdır və protokolların səsvermədən keçməsi çətinlik törətməz. Lakin Türkiyədə vəziyyət bir qədər fərqlidir. Doğrudur, Türkiyə parlamentində də çoxluq AKP-nin əlindədir. Lakin 2003-cü ildə parlamentdəki AKP çoxluğu hökumətin Amerika qoşunlarının ölkə ərazisindən İraqa keçməsinə icazə verən qətnaməsini təsdiq etməmişdi.
Bildirilir ki, Ərdoğan Ermənistanla münasibətlərin qurulması yönündə kifayət qədər həssas sayılan qərarın parlamentdə rədd edilməsini istəmir. Belə ki, hazırda Ermənistanla münasibətlərin Azərbaycan ərazilərinin işğaldan azad edilməyənə qədər qurulub-qurulmayacağı haqda suallar təkcə müxalifətdə deyil, hökumət daxilində də səslənir. Yəni AKP də heç də Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılmasına tərəfdar deyil. Bu səbəbdən Ərdoğan hökuməti ehtiyatla hərəkət edir və protokolların parlamentdə səsverməyə çıxarılması halında onun rədd edilməsini görmək istəmir. Ancaq AKP hökuməti vaxt məhdudiyyəti ilə üz-üzədir. Qəzet yazır ki, prezident Abdullah Gül Ermənistanla problemlərin həlli üçün bu ilin kritik fürsət olduğunu boş yerə deməyib. 2010-cu ildə Türkiyə, Ermənistan və Azərbaycan seçki atmosferinə girəcək. Seçkilərin yaxınlaşdığı bir vaxtda bu cür strateji məsələlərlə bağlı qərarlar vermək mümkün olmur. Digər tərəfdən seçkilərlə siyasi balansın necə dəyişəcəyi də məlum deyil. Eyni zamanda erməni lobbisi gələn ildən “soyqırımın 100 ili” münasibətilə böyük kampaniya başlamağa hazırlaşır. Bu kampaniyanın getdiyi bir vaxtda Türkiyə və Ermənistan liderlərinin anlaşması çətin görünür. Deməli, Ermənistanda da ciddi problem var.
Yazı müəllifi hesab edir ki, hazırda Sərkisyan iki cəbhədə döyüşür. Daxildə protokollara qarşı çıxan müxalifət, xaricdə isə güclü diaspor var. Bu səbəbdən Sərkisyan erməni lobbisi ilə anlaşa bilmək üçün gələn aydan ermənilərin sıx yaşadığı şəhərlərə səfər edəcək. Həmin səfərlərdən dönəndən dərhal sonra Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparacaq. Bu sammitdən əvvəl isə Abdullah Gül Naxçıvanda Əliyevlə görüşəcək. Şübhəsiz ki, bu görüşdə əsas müzakirə mövzusu Qarabağ və Ermənistanla münasibətlər olacaq. Qəzet yazır ki, oktyabr ayında Qarabağ münaqişəsi ilə bağlı digər hadisə ATƏT-in xüsusi missiyasının Laçın dəhlizinin enini ölçmək üçün bölgəyə səfəri olacaq. Bu heyətə bir türk zabit də daxildir.
Xəbər verildiyi kimi, “Erməni açılımı” Nyu Yorkda BMT Baş Assambleyasının 64-cü illik sessiyası çərçivəsində Türkiyə nümayəndə heyətinin təmaslarında da başlıca müzakirə mövzularından biridir. Bu təmaslarda son olaraq xarici işlər naziri Əhməd Davudoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla bir araya gəlib. Türkiyə mənbələrinin xəbərlərinə görə, görüş zamanı Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb. Bundan əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan da həmin mövzularda prezident Barak Obama ilə qısa təmasında danışmışdı. Davudoğlu həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Onun ermənistanlı həmkarı ilə də görüşü gözlənilirdi.
Baş nazir Ərdoğan Ermənistan və Azərbaycanla münasibətlər barədə ABŞ-a səfərinin yekunları ilə bağlı Nyu Yorkda keçirdiyi mətbuat konfransında da danışıb. O deyib ki, Obama ilə görüşündə Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üçün səyləri artırmasını istəyib. “O da təsdiq etdi ki, bu məsələyə xüsusi önəm verir və danışıqlar prosesini sürətləndirmək üçün səylər göstərilir. Eyni məsələni Rusiya prezidenti Dmitri Medvedyevlə də müzakirə etdim. Ona da dedim. Əgər Minsk Qrupu bu prosesi sürətləndirsə, inanıram ki, tezliklə nəticə əldə olunacaq. Çünki Azərbaycanla Ermənistan arasında anlaşma əldə edilsə, bu, Türkiyənin də işini asanlaşdıracaq. Ondan sonra biz Ermənistanla münasibətlər məsələsində asanlıqla qərar verə bilərik”.
Ərdoğan deyib ki, Türkiyənin Ermənistanla münasibətlər qurması üçün ön şərtləri yoxdur. Prezident Gül heç bir ilkin şərt qoymadan Ermənistan-Türkiyə futbol matçını izləməyə gedib. “Bunu etsəniz, onu etsəniz, gələrəm dedimi? Xeyr. Amma indi Sərkisyan ”sərhədlər açılsa, gələrəm" deyir. Bu cür yanaşma tərzi olarmı? Bu yanaşma onu göstərir ki, Sərkisyan daxili ictimai rəyə hesablanmış siyasət aparır. Biz İrəvan-İstanbul təyyarə reyslərinə icazə verdik. Xoş niyyət ortaya qoyduq. Vanda erməni kilsəsini bərpa etdik. Türkiyədə erməni vətəndaşlarının heç bir problemi yoxdur, üstəlik Ermənistandan nə qədər gələn var, biz onları geri göndərmirik". Türkiyənin baş naziri əlavə edib ki. Ermənistanla Azərbaycan arasında danışıqlarda 5 məsələ barədə anlaşma əldə edilib. Həll edilməyən məsələləri isə həll etmək mümkündür. “Bəzi bölgələrlə bağlı problemlər var, inanıram ki, bunları da həll etmək mümkün olacaq. O zaman Dağlıq Qarabağ problemi də həllini tapacaq. Lakin Minsk Qrupu daha çox səylər göstərməlidir” deyə Ərdoğan bildirib.