Azərbaycan əsilli keçmiş xəfiyyədən sensasion açıqlama
Federal Təhqiqatlar Bürosunun sabiq tərcüməçisi Sibel Edmonds Türkiyə kəşfiyyatının Amerikadakı əməliyyatlarını deşifrə edir
Azərbaycan Servisi/Aran Agentliyi
Amerika Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş tərcüməçisi, Türkiyədə anadan olmuş Azərbaycan əsilli Sibel Edmonds növbəti müsahibəsində qalmaqallı açıqlamalar verib. Öncə onu qeyd edək ki, 34 yaşlı S.Edmonds 11 sentyabr terror hücumlarından bir neçə gün sonra FTB-də fars və türk dilləri üzrə tərcüməçi kimi işə qəbul edilib. Qurumda bir il çalışdıqdan sonra işdən azad edilən S.Edmonds mətbuata ABŞ və Türkiyə kəşfiyyatının məxfi əməliyyatlarına dair sensasion məlumatlar verməyə başlayıb.Bu qadın Amerika tarixində dövlət sirlərinin açıqlanması üzrə ən amansız kampaniya aparan şəxs kimi tanınır. Onun bu günlərdə verdiyi növbəti müsahibədə də Türkiyə kəşfiyyatının Amerikadakı əməliyyatları və 11 sentyabr hadisələrindən sonra yaşanan bir çox gizli hadisələr haqda bəhs edilir. Edmondsun müsahibəsi Amerika mətbuatında dərhal bestsellerə çevrilib. Məlum olur ki, o, öz müsahibəsində Azərbaycanla bağlı da bir sıra sensasion məlumatları açıqlayıb. Onunla müsahibəni «The American Conservative» jurnalından Filip Ciroldi götürüb.
Bildirilir ki, Sibel Edmondsun FTB-dəki işi Türkiyə kəşfiyyatına işlədiyi ehtimal olunan şəxslər və onların Amerikadakı əlaqələri arasında gedən söhbətləri tərcümə etməkdən ibarət olub. Bu söhbətlər gizli şəkildə yazılırmış. Lakin 2002-ci ilin aprelində Edmonds onun şöbəsində işləyənlərdən birinin Amerika hökumət üzvlərini və konqresmenləri ələ almaqda şübhəli bilinən Türkiyə təşkilatının nümayəndəsi olması üzə çıxandan sonra işdən çıxarılıb. Məlumata görə, sözügedən şəxsin həm də narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və nüvə materiallarının yayılmasında əli olub. Maraqlıdır ki, Edmondsun açıqladığı qalmaqallı faktları indiyədək heç kim təkzib etməyib və onları araşdırmayıb.
Bu keçmiş xəfiyyə Amerika administrasiyasındakı və Konqresdəki korrupsiya faktlarına diqqəti cəlb edir. Edmondsun danışdıqlarından çoxuna inanmaq mümkün olmasa da, onun dedikləri kifayət qədər qalmaqallıdır.
Beləliklə, S.Edmonds FTB tərəfindən 1997-2001-ci illər arasında qeydə alınmış danışıqlara əsasən müsahibəsində bildirir ki, həmin danışıqlarda Amerika administrasiyasının Orta Asiya üzərindən həyata keçirdiyi gizli işlərdən söhbət gedir. Bu işlərə bin Ladenlər ailəsinin bir sıra üzvləri də cəlb edilibmiş. Keçmiş xəfiyyə iddia edir ki, FTB-nin qeydə aldığı danışıqlarda heç vaxt «əl-Qaidə» sözü işlənməyib, ancaq dəfələrlə «mücahidlər», «bin Ladenlər» sözləri yer alıb. Onun iddiasına görə, həmin danışıqlardan aydın olub ki, bin Ladenlərdən bir neçəsi özəl təyyarələrdə Tacikistana və Azərbaycana səfərlər edib.
«Türkiyənin Azərbaycandakı o vaxtkı səfiri də bu barədə məlumatlı olub. Bin Ladenlər ailəsi pakistanlıların və Səudiyyə Ərəbistanından bəzi şəxslərin vasitəsilə Amerikanın nəzarəti altında olub. Bu işləri dövlət katibinin müavini Mark Qrosman idarə edirdi. Yaraqlılar Şərqi Türküstandan Qırğızıstana, oradan Azərbaycana, Azərbaycandan isə Çeçenistana daşınırdı, bəziləri isə Bosniyaya göndərilirdi. Türkiyədə isə onlar bin Ladenlərlə birlikdə NATO təyyarələrinə mindirilirdi. Bu marşrutla bir istiqamətə silah və adamlar, digər istiqamətə pul və narkotik daşınırdı» - deyə keçmiş xəfiyyə nəql edir.
S.Edmondsun iddiasına görə, göstərilən dövrdə NATO təyyarələrində Belçikaya çoxlu miqdarda narkotik daşınıb. Sonradan narkotikin bir hissəsi Britaniyaya, oradan isə hərbi təyyarələrlə ABŞ-ın Çikaqo şəhərinə aparılıb. «Heç vaxt üzəriləri axtarılmayan türk diplomatları da çamadanlarla dolu narkotiklərlə gəlirdi» - deyə o iddia edir. S.Edmonds onu da iddia edir ki, Türkiyə kəşfiyyatı Amerikadakı lobbi qrupları vasitəsilə konqresmenləri və bəzi hökumət üzvlərini ələ ala bilib. Onun dediyinə görə, qadın konqresmenlərdən birinin lesbiyan olduğunu bilən türk kəşfiyyatı öz adamına onunla əlaqə qurmağı tapşırıb, daha sonra bu əlaqədən həmin konqresmeni şantaj edərək Türkiyənin maraqlarına işləməsini təmin etmək üçün istifadə olunub.
Qeyd edək ki, Edmondsun müsahibəsindən bu hissəni artıq Türkiyə qəzetləri də manşetlərdə dərc ediblər. Keçmiş FTB tərcüməçisinin dediklərinin nə dərəcədə doğru olduğu bilinməsə də, fakt odur ki, onun müsahibəsi Amerikada və Türkiyədə rəsmi məqamlar tərəfindən təkzib olunmur. Edmondsun müsahibəsinin tam mətnini internetdən əldə etmişik və onu növbəti saylarımızda dərc etməyə çalışacağıq.