Tarix : 2009 Sep 30
Kod 14258

BAKIDA KÜRD DEPUTATLA DAVA DÜŞDÜ

Asim Mollazadə türkiyəli həmkarı Sırrı Sakıkı müdafiə edib; PKK simpatizanı “bunlara baxanda Türkiyədəki milliyyətçilərə qurban olum...” deyib
Azərbaycan Servisi/Aran Agentliyi
Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahini Bakıya səfər zamanı müşayiət edən kürd partiyası DTP-dən olan millət vəkili Sırrı Sakıkla azərbaycanlı bəzi deputatlar arasında kəskin mübahisə baş verib. Redaksiyamıza məlum olub ki, insident Bakıda türkdilli ölkələrin parlament təmsilçilərinin şərəfinə təşkil olunan rəsmi ziyafət zamanı yaşanıb.Ziyafət zamanı azərbaycanlı deputatlarla Türkiyə heyəti arasında kürd və erməni açılımları ilə bağlı polemika olub. Polemikanın detalları haqda məlumatımız olmasa da, əldə etdiyimiz bilgilərə görə,  Sırrı Sakıkın fikirləri azərbaycanlı deputatlardan bəzilərini qəzəbləndirib və ona sərt cavablar verilib. Hətta mərasimdə iştirak edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bir sıra ağır sözlərdən sonra Sakıka barmaq da silkələyib. Maraqlı məqamlardan biri də odur ki, mərasimdə iştirak edən deputat Asim Mollazadə Sakıkın mövqeyini müdafiə edib.
Mübahisə yatırıldıqdan sonra Sakık mərasim iştirakçılarının yanında ona qarşı milli məsələlərlə bağlı sərt çıxan azərbaycanlı deputatlarla müqayisədə türkiyəli millətçilərə şükür oxuduğunu deyib. Sakık nümayəndə heyətinə daxil olan MHP millət vəkili Atilla Kayaya belə deyib: “Bunlara baxanda sizə qurban olmaq lazımdır, bunların əlinə düşsək bizim qafamızı üzərlər”.
Qeyd edək ki, Sırrı Sakık Türkiyə parlamenti sədrini xarici səfərlərdə müşayiət edən ilk DTP-li millət vəkilidir. Bundan əvvəl DTP təmsilçiləri heç vaxt parlament rəhbərliyini xarici səfərlərdə müşayiət edən nümayəndə heyətinin tərkibinə daxil edilməyib. Bu səbəbdən Mehmet Əli Şahinin Sakıkı özü ilə Bakıya gətirməsi Türkiyə mediasında da suallarla qarşılanmışdı. Sakık PKK-nın vaxtilə ikinci adamı olmuş terrorçu Şəmdin Sakıkın yaxın qohumudur. O da daxil olmaqla DTP-nin parlamentdəki təmsilçilərinin hazırda PKK ilə sıx bağları var. DTP millət vəkilləri arasında Abdullah Öcalanın vəkilləri, habelə əri hazırda İraqın Şimalında terror dəstələrindən birinin komandiri olan qadın da var. Sakık və digərləri hesab edir ki, Türkiyə dövləti kürd məsələsini həll etmək üçün Öcalanla və PKK ilə  anlaşmalıdır.
  • Yazılıb
  • da (də) 2009 Sep 30