Tarix : 2009 Sep 30
Kod 14259

MASALLI SU ALTINDA QALDI

Bəzi məmurların bəndləri partlatmaqla süni dağıntı yaratdıqları barədə məlumatlar yayılıb; əhali şok içindədir...
Azərbaycan Servisi/Aran Agentliyi
Leysan yağışları Azərbaycanın daha bir bölgəsinə fəlakət gətirib. Dünən yağan güclü yağışlar Salyan və Masallı rayonlarında xeyli yaşayış məntəqəsinin su altında qalmasına gətirib. Fəlakətdən xüsusilə də Masallı rayonu ziyan çəkib. Rayon icra hakimiyyətindən verilən məlumata görə, çayların məcrasından çıxması nəticəsində Masallının Bambaşı, Qızılavar, Türkoba, Bədəlan, Mollaoba kəndləri, ümumilikdə 20 kəndi suya qərq olub. Adıçəkilən kəndlərdə suyun səviyyəsi 1metr - 1.20 sm-dək qalxıb.
Əhali ağır texnikanın köməyi ilə evlərindən evakuasiya olunaraq qohumlarının yanına köçürülüb. Sel suları yerli sakinlərin şəxsi təsərrüfatına ciddi ziyan vurub, yüz hektarlarla əkin sahəsi, ot tayaları, ev əşyaları su altında qalıb. Rayonun elektrik və rabitə təsərrüfatları üçün ciddi problemlər yaranıb. Çoxlu sayda elektrik dirəyi aşdığından, hazırda rayonun 5 ərazi icra nümayəndəliyinə daxil olan kəndlər işıqsız qalıb. Telefon rabitəsində də problemlər mövcuddur.
Rayon fövqəladə hallar komissiyasının nümayəndələri selin ziyan vurduğu yerlərə baxış keçiriblər. Əraziyə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün hazırda müvafiq tədbirlər görülür. APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev dünən Masallı rayonuna gələrək ötən gecə təbii fəlakətdən ziyan çəkmiş yaşayış məntəqələrinə baş çəkib. Onun göstərişi ilə evləri çiy kərpicdən olan və sel suları nəticəsində dağılan 15-dək yerli sakin üçün çadırlar qurulub. Nazirliyin əməkdaşları ilə rayon fövqəladə hallar komissiyasının üzvləri hazırda təbii fəlakətin nəticələrini aradan qaldırmağa və dəymiş ziyanın məbləğini hesablamağa səfərbər olunublar.
***
Masallı sakini, Müsavatın rayon təşkilatının sədri Ramiz Abdullanın qəzetimizə açıqlamasında dünən günün ikinci yarısında əraziyə düşən yağıntının intensivləşdiyini və Viləş çayının sağ sahilindəki Ərkivan qəsəbəsində iri su tutumu olan süni göllərdən birində qəza baş verdiyini dedi: “Əhaliyə xeyli ziyan dəyib. Ərkivanın yaxınlığında bir neçə min tonluq suyu olan başqa bir süni göldə də qəza təhlükəsi var. Həmin göldən müəyyən yerlərə su axarı olan xətlər tutulub. Üstəlik, leysan yağışları ara vermir. Orada su bəndi partlasa xeyli ev su altında qalacaq. Bu haqda kənd bələdiyyəsinə məlumat vermişik, lakin fəlakətin ərazisi o qədər genişdir ki, görünür, çatdırıb gələ bilmirlər. Elə yerlər var ki, adamların sel sularından evlərindən kənara çıxmaları mümkün deyil. Bəzi yerlərdə sel hin qarışıq toyuq-cücələri aparıb. Yolları su elə basıb ki, avtomobillərin hərəkəti çətinləşib. Bəzi kəndlərdə qaz olsa da, rayonda elektrik enerjisi kəsilib”.
Qeyd edək ki, dünən gün ərzində əməkdaşımız doğulduğu Mollaoba kəndi ilə heç mobil telefonu vasitəsilə də əlaqə yarada bilmədi. Onu da bildirək ki, qeyri-rəsmi mənbələrdən verilən məlumata görə, Masallıda yerləşən iri su tutumu olan süni göldə yaranan qəza təbii fəlakətin yox, təxribatın nəticəsidir. Mənbənin iddiasına görə, eyni hadisə Hacıqabul rayonunda, Nəvahidə baş verib: “Görünür, bu cür təxribatlar bəzi yerli məmurların təbii fəlakətdən yararlanması üçün əlverişli vasitədir. Bu yolla kimlərsə varlanmaq niyyəti güdür. Onlar ən azı belə vəziyyətlərin yaranmasında maraqlıdırlar. Çünki dövlətin müəyyən məbləğdə vəsaitlərini silmək və bu zaman özləri də qazanmaq şansı bulurlar. Onsuz da camaata dəyən maddi ziyan heç vaxt bütünlüklə ödənmir”. Bu ehtimal rəsmi təsdiqlənməsə də araşdırmamızı davam etdirəcəyik. 
***
Dünən Hacıqabul rayonu ilə də telefon əlaqəsi yaratdıq. Rayon sakini Zahidağa Səmədbəylinin dediyinə görə, ötən həftə ərazidə əsasən Nəvahi-Pirsaat istiqamətində sel sularının törətdiyi daşqınların vurduğu zərərin nəticələri hələ də qalmaqdadır: “Hacıqabula hələ də qaz verilmir. Bir neçə küçədə hasarlar aşıb qaz xəttini yararsız hala salıb və bunu səbəb gətirib 30 min əhalini qazsız qoyublar. Eşitdiyimizə görə, bu məsələnin həlli Neft Şirkətindən verilən sərəncamla bağlıdır. Nəvahidə 30 ev uçub. Nəvahi-Pirsaat dəmir yolu ərazisində bəzi evlər hələ də yararsız vəziyyətdədir. Bir neçə ailə çadır qurub orada yaşayır. Telekanallarda elə göstərilir ki, guya əhaliyə yardım edilir. Lakin belə çətin vəziyyətdə bizimlə maraqlanan yoxdur. Əhaliyə pul yardımı edilməyib”.
Salyan rayon sakini Mirzəağa Axundun bildirdiyinə görə isə srağagün bir neçə saatlıq leysan yağışları Kür çayına yaxın ərazilərdə olan evləri su altında qoyub: “Həyətlərə dolmuş lilli sular bu gün çəkilib. Hazırda burada küləkli günəşli hava var, yağış kəsib. Əgər aramsız leysan yağışları yağmaqda davam etsə, tələfat olacaq. Rayonun mərkəzində əvvəlki illərdən qalan çökəkliklərə dolmuş sular hələ çəkilməyib. Bəzi evlərin zirzəmisi hələ də su ilə doludur”.
***
Bu arada lent.az Tovuz rayonunda da güclü yağışlar yağdığı barədə məlumat verib. Nəticədə Tovuz çayında suyun səviyyəsi qalxıb. Bu səbəbdən çayın suyuna nəzarət gücləndirilib. Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mayıl Qasımovun məlumatına görə, uzun illərdir ermənilər çayın suyunun qarşısını müəyyən qədər kəsirdilər. İndi həmin bənd tam açılsa, təhlükə yarana bilər. Tovuz çayının kənarında 10 kənd yerləşir.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) isə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin məlumatına görə, yaxın üç gün ərzində Azərbaycanın bəzi bölgələrində leysan yağışları intensiv xarakter alacaq: “Sabah (bu gün - red.) Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimal olunur. Gündüz yağış tədricən kəsəcək, günün ikinci yarısında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 11-13 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq.
Sentyabrın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 20-23 dərəcə isti olacaq. Oktyabrın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 29-da yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s-lə əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 16-20 dərəcə, dağlarda gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.
Sentyabrın 30-da, oktyabrın 1-də yağış yağacağı gözlənilir. Sentyabrın 30-da gecə bəzi şərq rayonlarında yağışın intensiv olacağı ehtimalı var, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcək, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 1-də axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq".
  • Yazılıb
  • da (də) 2009 Sep 30