Tarix : 2009 Sep 30
Kod 14260

RUSİYA QƏBƏLƏ RLS-dən İRAN RAKETLƏRİNİ İZLƏDİ

Rusiyanın Raket Hücumlarından Xəbərdarlıq Sistemi Azərbaycan ərazisindəki Qəbələ RLS vasitəsilə İranın ötən gecə buraxdığı ballistik raketlərin uçuşunu izləyib
Rusıya Servisi/Aran Agentliyi
Rusiyanın Raket Hücumlarından Xəbərdarlıq Sistemi Azərbaycan ərazisindəki Qəbələ RLS vasitəsilə İranın ötən gecə buraxdığı ballistik raketlərin uçuşunu izləyib. Bu barədə “İnterfaks”a Raket Hücumlarından Xəbərdarlıq Sisteminin keçmiş komandanı, general-leytenant Nikolay Radionov məlumat verib. Bildirilir ki, Radionov bugünlərdə Qəbələ RLS-in döyüş növbəsinə qaytarılmasına rəhbərlik edib.Rusiya stansiyada yeni güclü transformatorlar quraşdırıb və bununla da Qəbələ RLS tam gücündə işləyərək yer kürəsinin bütün Cənub yarımkürəsində beysbol topu və ondan böyük həcmlərdə bütün uçan obyektləri izləməyə qadir olub. Radionov deyib ki, İranın bundan əvvəl də buraxdığı ballistik raketlər Rusiyanın Raket Hücumlarından Xəbərdarlıq Sistemi tərəfindən ştat rejimində izlənilirdi: “Bunu Qəbələ RLS təmin edir. Həmin stansiyadan İranın buraxdığı kiçik və orta mənzilli raketləri qeydə almaq mümkündür. Stansiyadan əldə edilən məlumatlara görə, İran sentyabrın 28-nə keçən gecə Rusiyanın cənubundakı Saratov şəhərinə çata bilən ballistik raketlər sınaqdan keçirib”. Radionov deyib ki, Rusiyanın cənubundakı Armavir radar stansiyası hələlik döyüş növbəsində deyil, bu stansiya işə salınsa da təcrübə-sınaq mərhələsindədir.
Rusiyanın Qəbələ RLS-dən İran raketlərini izlədiyini açıqlaması ABŞ-ın raketdən müdafiə sistemləri planlarında dəyişiklik etməsindən az sonraya təsadüf edir. Məlum olduğu kimi, ABŞ raket sipəri elementlərinin Polşa və Çexiyada yerləşdirilməsindən imtina edib. Bununla da Rusiya ilə ABŞ arasında Qəbələ RLS-dən birgə istifadənin mümkünlüyü yenidən gündəmə gəlib. Belə ki, Rusiya stansiyadan birgə istifadəyə hazır idi, ancaq tələb edirdi ki, raket sipəri elementləri Şərqi Avropada yerləşdirilməsin. Ekspertlərə görə, ABŞ-ın öz planlarında dəyişiklik etməsindən sonra Qəbələ RLS-dən birgə istifadəyə dair danışıqlar yenidən başlaya bilər. Bu arada Rusiya hərbi komandanlığı Qəbələ RLS-dən İranın son raket sınaqlarını izlədiyini açıqlamaqla stansiyanın tam döyüş qabiliyyətində olduğunu nümayiş etdirir. İstisna deyil ki, Rusiya tərəfi stansiyanın imkanlarını nümayiş etdirmək üçün İran raketlərinin uçuş trayektoriyasına dair toplanan bütün məlumatları Amerika tərəfinə ötürəcək.
  • Yazılıb
  • da (də) 2009 Sep 30