Tarix : 2009 Sep 30
Kod 14261

RASİZADƏDƏN TÜRKİYƏ PARLAMENT HEYƏTİNƏ SƏRT MESAJLAR

Baş nazir Ankaranın Ermənistanla yaxInlaşmasIna görə Azərbaycana təzyiqlərin artdığını deyib
Azərbaycan Servisi/Aran Agentliyi
Baş nazir Artur Rasizadə türkdilli ölkələrin Parlament Assambleyasının toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyə parlament heyəti ilə görüşdə bu ölkə iqtidarının Ermənistanla yaxınlaşma siyasətini kəskin tənqid edib. Əldə etdiyimiz məlumata görə, baş nazir Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin və onu müşayiət edən millət vəkilləri ilə görüşün mətbuata açıq olmayan hissəsində deyib ki, Ankaranın Ermənistanla münasibətləri normallaşdırmağa qərar verməsi üzündən Qarabağ məsələsində Azərbaycana təzyiqlər artıb. Rasizadə bu təzyiqlərin daha da artacağını da deyib. O bildirib ki, Türkiyənin siyasəti üzündən Qərb Azərbaycan Qarabağ məsələsində ağır güzəştlərə sövq etməyə çalışır. Daha sonra Rasizadə məsələnin mənəvi tərəfi haqda danışaraq deyib ki, Azərbaycan Türkiyə hökumətinin Ermənistanla anlaşmaya dair siyasi qərar verməsindən çox məyus olub. Məlumatı verən mənbənin bildirdiyinə görə, baş nazir görüşdə türk heyətinə belə deyib: “Bizi ən çox üzən odur ki, Türkiyə Qarabağ məsələsi həll olunmadan Ermənistanla anlaşmaya hazır olduğunu göstərib,  protokolları paraflamaqla nümayiş etdirib ki, orada yazılanlarla razıdır. Sizin həmin protokolları nə zaman həyata keçirib-keçirməyəcəyinizin isə artıq heç bir önəmi qalmır. Bu məsələ türk olaraq bizə mənəvi baxımdan çox ağır gəlir”.
Xəbər verildiyi kimi Mehmet Əli Şahin Bakıda keçirdiyi görüşlərdə bildirib ki, Türkiyə Qarabağ işğaldan azad olunmadan Ermənistanla sərhədləri açmayacaq və Azərbaycanı heç vaxt tək qoymayacaq. Şahin öz adından deyib ki, Qarabağ işğaldan azad edilmədən protokolların parlamentdə ratifikasiyası baş verməyəcək. Lakin Azərbaycan iqtidarının bu şifahi vədlərdən qane olmadığını baş nazirin mövqeyi də göstərir. Artur Rasizadə ilk dəfə deyil ki, Türkiyə təmsilçilərinə Ermənistanla yaxınlaşmaya görə bu cür sərt mövqe nümayiş etdirir. Bu ilin fevralında Türkiyənin o vaxtkı xarici işlər naziri Əli Babacan da Bakıya səfəri zamanı Rasizadənin kəskin ifadələri ilə üzləşmişdi. Baş nazirin Babacanla görüşdə necə sərt danışdığı haqda o vaxt Türkiyənin “Hürriyət” qəzeti də manşet xəbəri yayıb. Bildirilirdi ki, Rasizadə Türkiyənin Azərbaycanın maraqlarını nəzərə alacağına inandırmağa çalışan Babacana sərt ifadələrlə cavab verib və Ankaranın apardığı siyasətin Azərbaycanın milli maraqlarına zərbə vurduğunu açıq şəkildə bildirib. Bütün bunlar baş nazirin barəsində formalaşan  rusdilli və milli məsələlərə o qədər də həssas olmayan adam təfəkkürünü alt-üst edir.
Doğrudan da Türkiyənin sərhədləri bir il gec, yaxud tez açmasının artıq o qədər də siyasi önəmi qalmır. Çünki Ankara Ermənistanla münasibətlərin və sərhədlərin açılmasının Qarabağ məsələsindən ayrı olduğunu rəsmən imzası ilə təsdiq edir. Bu da Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda Ermənistanın mövqelərini gücləndirən hadisədir. Digər tərəfdən Türkiyənin davranışları Qərbi Azərbaycana qarşı təzyiqlərə də sövq edir, yəni Azərbaycan təklənir və ağır güzəştlərə məcbur edilir. Bu zaman Ankaranın Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyi, sərhədlərin ərazilər işğaldan azad edilməyənə qədər açılmayacağı haqda şifahi bəyənatlarının o qədər də köməyi olmur. Əksinə, Qərbdən Azərbaycana təzyiqlər edilir ki, Türkiyənin Ermənistanla normal münasibətlər qurmasına əngəl yaratmasın.
 
  • Yazılıb
  • da (də) 2009 Sep 30