Tarix : 2009 Oct 05
Kod 14316

BAKIDA TƏHLÜKƏLİ DİNİ SEKTA YARANIR

Dünyanın onlarla ölkəsində saentologiya kilsəsi qadağan olunub
Azərbaycan Servisi/Aran Agentliyi

Yaşından xeyli gənc görünən otuzbeşyaşlı sarışın rus qadın üzünü qarşısında oturmuş ortayaşlı azərbaycanlıya tutur: «Sənə bir tapşırıq verəcəyəm, dərslərimizin gedişi onu necə yerinə yetirə bilməyindən asılıdır. İlk öncə ruhunla bədənini ayrı təsvir elə, sonra çalış bədənindən çıxaraq, bir metr arxadan özünə bax».

Əlləri ilə testerə bənzər cihazın zondlarını tutan azərbaycanlı isə bir neçə dəqiqəlik sükutdan sonra «Marina, mən bunu heç cür bacarmıram»,- deyir. Qadınsa «Sən mənə bir şey verməmisən deyə alınmır, başdan pul versəydin indi ayrı məsələ idi», - söyləyir.

Marina Mərkəzi Rusiyanın kiçik şəhərlərinin birində anadan olub. Bakıya 15 il əvvəl ailə qurduğu azərbaycanlı həyat yoldaşı ilə gəlib. Həyat yoldaşı gündüzlər yarmarkada alver etdiyindən Marina yalnızlığını internetlə sovuşdurmağa çalışıb. Elə yeni qeyri-ənənəvi dini cərəyan - saentologiya ilə də internet vasitəsilə tanış olub. Rusiyada fəaliyyət göstərən saentoloqlarla əlaqəyə girərək məktublaşıb. Ərini də saentologiya tərəfdarı edib.

Bakıda ərinin, özünün tanıdığı gənc qızlardan, tələbələrdən tərəfdar yığmağa başlayıblar. Sayları 10-15 nəfəri keçməyən həmfikirlər hərdənbir görüşərək, xüsusi prosedurlar icra edirlər. Bakı saentoloqları özlərini hələ kilsə icması saymırlar və sadəcə, maraqlılar qrupu olduqlarını deyirlər.

Dünya üzrə isə 3200-dən çox saentologiya kilsəsi, missiyaları, qrupları və sosial hərəkatı fəaliyyət göstərir. 154-dən çox ölkədə bu hərəkatın tərəfdarları var. Bu nəzəriyyənin yaradıcısı amerikalı fantastik əsərlər yazıçısı Lafayet Ronald Habbarddır. Gəncliyində dənizçi və polis olmuş Habbard sonradan universitetə daxil olub, fizika və astronomiyanı öyrənib. Daha sonra jurnalist və romançı kimi tanınıb, 130-dan çox əsər yazıb. 1970-80-ci illərdə saentologiya elmi üzrə məruzələrə başlayıb. Saentologiya tərəfdarları 1954-cü ildə dini icma - kilsə yaradıblar, yəni Ron Habbardın taleyi bir qədər Azərbaycan filosofu Asif Əfəndiyevinkinə bənzəyib.

Bu kilsənin tərəfdarları Tanrını sonsuzluq kimi qəbul edir, Onun Yüksək Varlıq və Yaradan kimi də adlandırıldığını bildirirlər. Onların fikrincə, insan əbədidir və tarix boyunca forma dəyişdirərək mövcud olur.

MDB məkanında saentologiya hərəkatı ilk dəfə 1984-cü ildə peyda olub, onda sovet rejiminin qadağalarına baxmayaraq, Leninqrada, yəni indiki Sankt-Peterburq bir qrup adam saentologiya təlimini öyrənməyə başlayıb. 1980-ci illərin sonlarında oxşar qrup Moskvada da yaranıb. 1990-cı illərin əvvəllərində bu qruplar birləşərək, Rusiyada saentologiya kilsəsi təsis ediblər. Bu kilsə bütün MDB məkanında rus dilində saentologiya ədəbiyyatı yaymaqla məşğuldur. Lakin milli dillərdə də kitablar nəşr olunur. Habbardın əsərlərinin tərcümə olunduğu 50-dən çox dil arasında Azərbaycan dilinin də adı var. Bakının çeşidli yerlərində - kitab pasajında, keçmiş Kitab evinin yanında bukinistlərdən saentologiya barədə yetərincə kitab tapmaq olar. Saentologiya həvəskarları, əsasən, tələbə-gəncliyi təmsil edirlər.

Saentologiyanın geniş yayılmasına baxmayaraq tərəfdarı azdır, dünya üzrə toplam sayları 8 milyondan çox deyil. Lakin buna baxmayaraq, zaman-zaman dünyanın bir çox ölkələrində artıq saentoloqlara qarşı radikal addımlar atılır və kilsələri bağlanılır.

Belə addımlardan biri 2007-ci il dekabrın 7-də Almaniyada atılıb. Bu ölkənin hakimiyyət orqanları saentologiya kilsəsinin hakimiyyətdən kənar olduğunu bildiriblər.

Avropanın totalitar sektalar üzrə ekspertləri bu qurumun bütün qitəboyu geniş ekspansiya təhlükəsindən bəhs etməyə başlayıblar. Onlar təşkilatın Avropa üzrə strateji məqsədlərini əhatə edən məruzəni ələ keçirərək açıqlayıblar. Məruzədə Avropa planları baxımından Berlinə xüsusi önəm verilir.

Ekspertləri qorxudan əsas amil Habbard tərəfindən təqdim edilən əqli çatışmazlıqlar və onların müalicə metodlarıdır. Habbardın nəzəriyyəsinə görə, insan ruhi varlıqdır və bacarıqları düşündüyündən qat-qat yüksəkdir; öz problemlərini özü həll edə bilər və istənilən arzusunu gerçəkləşdirə bilər.

1960-cı ildə Habbardın açıqladığı bəyanata görə, insan 75 milyon il əvvəl qalaktikanın zalım hökmdarı Ksen tərəfindən Yerə qovulmuş ruh dəstələrindən ibarətdir. Saentologiyanın banisi «tetan» adlandırdığı bu ruhların çək-çevir edilməsini vacib görürdü.

Bunun üçün xüsusi prosedurlar təklif edirdi və həmin prosedurları «auditinq», yəni ruh təmizləmə adlandırırdı. Saentologiya kilsəsində həyata keçirilən auditinqin başlıca məqsədi psixoterapevtik yolla xəstə saydıqları insanlara keçmişlərini xatırlatmaqdır. Bunun üçün Habbard «E-metr» adlandırdığı bir qurğu da icad edib. Bu, əslində, iki zondu olan sadə voltmetrdir və Habbard onu sadə quruluşlu «yalan detektoru» adlandırırdı. Yəni ruh təmizləmə vaxtı dəri qatının müqavimətini ölçməklə insanın keçmişinin vacib çalarlarını müəyyən etməyi mümkün sayırdı.

Yetərincə fantastik olmasına baxmayaraq, əksər ekspertlər müəllifin bu iddialarında heç bir yenilik görmürlər, onun prosedurlarını dəyişdirilmiş freydizmlə və hipnotizm dövrünün yaxşı anlaşılmayan reqressiya təcrübələrinin qarışığı sayırlar.

Saentoloqlar isə həmin təcrübələr zamanı özlərinin min illər əvvəlki keçmişlərini xatırladıqlarını iddia edirlər. Özü də tetanın təmizlik dərəcəsi yüksəldikcə, yaddaş daha əvvəlki dövrlərə aparır. Məsələn, buzovnalı Marinanın dediyinə görə, onunla internet əlaqəsində olan bir moskvalı qadın 20 milyon il əvvəlki həyatını xatırlayırmış: «Onda mən kiborq (kibernetik varlıq - red.) idim, yuxarıdan bizə əmr gəlmişdi ki, Yer üzündə bütün insanları məhv etməliyik. Mən buna etiraz etdim və əmrə tabe olmadım. Buna görə məni cəzalandıraraq, məhv etdilər».

Saentoloqlar ara söhbətlərində Habbardın özünün astral səyahət etdiyini, bədəni qapalı otaqda ola-ola ruhunun Yerin müxtəlif sahələrini, müxtəlif planetləri gəzdiyini iddia edirlər. Lakin bu məsələ yalnız şifahi söhbətlər zamanı bildirilir, yazılı məlumatlarda isə bu barədə heç nə deyilmir.

Bu prosesə insanın təmizlənməsi deyirlər və ingiliscə «klir», yəni təmiz adlandırdıqları insanın intellektinin orta insanın intellektindən yüksək olduğunu sayırlar. Sonra isə yeni auditinq dövrü başlayır və insanın həyatının ilkin çağlarına qaytarıldığını deyrilər. Bəzi pasiyentlər, hətta doğuş vaxtı həkimin və ya anasının dediyi sözləri xatırladığını bildirirlər.

Bunu bir neçə dəfə təkrar edərək həyatıboyu aldığı ruhi travmaları sildiklərini iddia edirlər. Yəni insan artıq hamıdan üstün olaraq uğur qazanmağa hazırdır.

Habbard «E-metr»lə aparılan bu cür prosedurlar vasitəsilə insanı korluqdan xilas etməyi, onun əqli imkanlarını və xarici görünüşünü yaxşılaşdırmağın mümkünlüyünü iddia edirdi. Bakıdakı saentoloqlar isə «E-metr» vasitəsilə ailələri sonsuzluqdan, kişiləri cinsi zəiflikdən xilas etməyi mümkün sayırlar.

Almaniya elitasını saentologiyanın məhz «ruh təmizləmə» prosedurları və cəlbedici vədləri qorxudur. Bu ölkənin «Koubrqer taqeblat» qəzeti saentologiyanın iradəcə zəif, təsir altına tez düşən insanları tora saldığını bildirir: «Təəccüblü deyil ki, xüsusilə gənc insanlar təşkilatın qurbanına çevrilirlər. Psixoloji təsir üsulları ilə insanları asılı, manipulyasiyalara uyan hala salırlar. Şübhəli üsullar istifadə edən bu yalançı din bizim demokratik cəmiyyətin əsaslarından çox uzaqdır».

Almaniyanın ailə, gənclik, qadınlar və yaşlılar üzrə naziri Ursula fon Lyayen ehtimal edir ki, saentologiya «çox vaxt insanları psixoloji və maliyyə asılılığına salır».

Azərbaycana gəldikdə isə burada hələ ki saentologiya cərəyanını təhlükəli sayanlar çox azdır. Dini İşlər Üzrə Dövlət Komitəsindən saentoloqlardan kilsə kimi qeydiyyat üçün müraciət daxil olmadığını bildirirlər. Komitənin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılov, ümumiyyətlə, bu cərəyanın Azərbaycan üçün yenilik olduğunu və ona görə də hələ ki heç bir problem doğurmadığını söyləyir.

Teoloq Elşad Miri isə saentologiyada heç bir yenilik olmadığını, onun da krişnaizm və hinduzim kimi ruhun bədəndən-bədənə ötürülməsinə inandığını bildirir.

Lakin Almaniya təcrübəsi göstərir ki, saentoloqların azsaylı olması belə onların təhlükə səviyyəsini aşağı salmır. Məsələn, Almaniyanın rəsmi dairələri ölkədə saentologiya tərəfdarlarının sayının çox az - təxminən, 6 mindən çox olmadığını, paytaxt Berlində isə 150-ni keçmədiyini bildirirlər. Lakin buna baxmayaraq, baş verənlər Almaniya kimi islamın rahat fəaliyyət göstərdiyi və yəhudilərin geri qaytarılması üçün xüsusi siyasət yürüdən, bunun üçün pul xərcləyən dini tolerant dövləti buna məcbur edib.

Bunun başlıca səbəbi saentologiyanın insanları maliyyə asılılığına salmasıdır. Çünki Habbardın təklif etdiyi ruh təmizləmə üsulları pulludur və prosedurlar inkişaf etdikcə qiyməti yüksəlir. Buna görə də Hamburqun daxili işlər komissarı Udo Naqel saentologiya kilsəsini «totalitar niyyətləri olan kommersiya müəssisəsi» adlandırır.

Rusiya Federasiyasnın Başqırdıstan vilayətində isə saentoloqlar vətəndaşlara yaddaşı möhkəmləndirən məlhəm adı altında çox baha qiymətə C, B1, B2, B6, B12 vitaminləri satırmışlar. Prokurorluq sakinlərin vitaminləri ifrat yüksək doza ilə qəbul etdiyini və buna görə də həyatlarının risk altında qaldığını bəyan etmişdi.

Təsadüfi deyil ki, Bakıdakı saentoloqlar da maddi məsələyə xüsusi önəm verirlər. Marina da bunun təşkilatın pozulmaz qaydası olduğunu deyir: «Mən bunu dəyişə bilmərəm. Hər bir prosedurunun öz haqqı var. Haqqını ödənməsə, ruhun təmizlənməsinə başlaya bilməyəcəyik».

  • Yazılıb
  • da (də) 2009 Oct 05