Generalın qohumları terrorçu hörgütü təbliğ edir
Rayonda Öcalanın müdafiəsi üçün təşkil olunan yürüş son anda təxirə salınıb; aksiyada Türkiyə əleyhinə şüarlar səslənəcəkmiş...
Azərbaycan Servisi/Aran Agentliyi
“Göygöl rayonunun Şəhriyar kəndində terror təşkilatı PKK-nın rəmzi sayılan qartal formasında pansionat inşa edilir”. Bu barədə məlumat redaksiyamıza etibarlı mənbədən daxil olub. Mənbənin dediyinə görə, pansionat prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun qohumlarına məxsusdur. Generalın yeznəsi Simnar Şahverdiyev Şəhriyar və Kərəmli kəndləri üzrə icra nümayəndəsidir. Tikilən pansionatın isə S. Şahverdiyevin Həmid adlı kürəkəninə məxsus olduğu bildirilir. Həmid nümayişkaranə şəkildə ətrafındakılara deyirmiş: “qartal çox yaxın zamanlarda qanadlanıb uçacaq”. Mənbənin sözlərinə görə, tikintiyə kürd əsilli Nadir adlı şəxs rəhbərlik edir. İnşaatda istifadə olunan texnika isə “Azəryolsevis”ə məxsusdur. Bundan əlavə, B. Əyyubovun qohumları ərazidə balıq yetişdirmək üçün 3 göl inşa ediblər. İnşa edilən obyektlər xüsusi şəxslər tərəfindən ciddi şəkildə mühafizə olunur və əraziyə kənar şəxslərin daxil olmasına imkan verilmir.
S.Şahverdiyev və kürəkəni Şəhriyar kəndin ətrafındakı torpaq sahələrini də kütləvi şəkildə alırlar. Mənbə deyir ki, kürd əsilli şəxslər yalnız rayonun iqtisadi sferasını ələ keçirməklə məşğul deyillər. Eyni zamanda ölkəmizdə PKK-nın mənafeyini müdafiə edirlər. Məlumatlara görə, bir müddət öncə Şəhriyar kəndindən rayon mərkəzinə yürüş edilməsi qərara alınıbmış və yürüşdə terrorbaşı Öcalanın şəkillərinin qaldırılması, Türkiyə əleyhinə şüarlar səslənməsi nəzərdə tutulubmuş. Rayonda yaşayan kürd əsilli şəxslər arasında yürüşlə bağlı ciddi təbliğat da aparılıb. Lakin Türkiyənin millət vəkillərinin Azərbaycana səfəri üzündən yürüş təxirə salınıb.
Xatırladaq ki, qəzetimizin bu 26 iyul tarixli (bu ilki) sayında Göygöl rayonunda gəlmə kürdlər üçün qəsəbənin inşa edilməsi barədə məqalə dərc edilmişdi. O zaman rayonun Şəhriyar kəndində ezamiyyətdə olan əməkdaşımız həqiqətən də ərazidə yeni qəsəbənin salındığının şahidi olub. Göygöldə jurnalist araşdırması aparan əməkdaşımız, rayon ərazisində xeyli sayda gəlmə kürd ailələrinin məskunlaşdığını müəyyən etmişdi.
Yerli sakinlərin əməkdaşımıza verdikləri məlumata görə, gəlmə kürdlərin qadınları rayon ərazisində pərakəndə ticarətlə məşğul olur. Kişiləri isə əsasən B. Əyyubovun Göygöl qoruğunda yerləşən qoyun sürülərində çobanlıq edirlər. Həmin ailələr üçün Toğana kəndi yaxınlığında 2 qəsəbənin inşa edilməsi üçün torpaq sahələrinin alındığı söylənilir.
Rayon sakinlərinin bildirdiyinə görə, son illər ərzində Əyyubovlar klanı rayonun bütün iqtisadi sahələrində nəzarəti ələ alıblar. Hazırda rayondakı şərab zavodları, digər sənaye müəssisələri tamamilə Əyyubovların nəzarəti altındadır. Göygöl sakinləri əməkdaşımıza rayonun rəhbər vəzifələrinin general B. Əyyubovun adamları arasında bölüşdürüldüyünü də söyləyiblər. Generalın bacısı əri olan S Şahverdiyevin oğlu Mail rayonun hərbi komissarıdır. 30 yaşlı M.Şahverdiyev hərbi təhsil almasa da, artıq polkovnik-leytenant rütbəsindədir. B.Əyyubovun digər bacısı oğlu Azər Şahverdiyev Göygöl Rayon Polis Şöbəsində çalışır. A.Şahverdiyev polis çavuşu olsa da, əslində rayon polisinə rəhbərlik edir. İcra başçısı Arif Seyidovun da Əyyubovların adamı olduğu deyilir.