Türkiyə Servisi/Aran Agentliyi
"Türkiyə-Ermənistan" protokolunun imzalanması tarixi barədə rəsmi qərar bu gün İsveçrədə açıqlanacaq. İmzalanma tarixi barədə Türkiyə və Ermənistan tərəfi yazılı bəyanat verəcək.
Qeyd edək ki, protokolların oktyabrın 10-da İsveçrədə imzalanması gözlənilir. Protokolların İsveçrədə imzalanmasına səbəb, rəsmi Bernin Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasına vasitəçi olmasıdır. İmzalanma mərasiminə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan qatılacaq.
İmzalanma mərasimindən sonra hər iki protokol Türkiyə Nazirlər Kabinetinə göndəriləcək. Qurumda müzakirələrdən və Nazirlər Kabineti təsdiq edildikdən sonra sənədlər "beynəlxalq razılaşma" kimi parlamentə göndəriləcək. Protokolların nə vaxt parlamentin gündəminə gələcəyi və parlamentdə nə vaxt səsə qoyulacağı isə məlum deyil.
Xatırladaq ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, hər iki ölkədə siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır. Tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər.