Ermnistan Servisi/Aran Agentliyi
Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına dair protokollarla bağlı erməni lobbisini məlumatlandırmaq üçün “ümumerməni turnesi”nə çıxan prezident Serj Sərkisyanın işləri yaxşı getmir. Parisdə lax yumurta atəşlərinə məruz qalaraq döyülməkdən canını qurtarıb birtəhər qaçan Sərkisyan, ABŞ-da da etirazla qarşılanıb. Məlumatlara görə, Sərkisyanın ABŞ-dakı erməni lobbisi ilə iki şəhərdə - Nyu Yorkda və Los-Ancelesdə görüşləri nəzərdə tutulmuşdu.Əvvəlcə onun Nyu Yorka gedəcəyi xəbər verilirdi, ancaq dünən məlum olub ki, Ermənistan prezidenti ABŞ səfərini Los Ancelesdən başlayıb. Eyni zamanda bu ştatdakı erməni icması Sərkisyanın gəlişi ilə bağlı etiraz nümayişi təşkil edərək ondan Türkiyə ilə protokolların imzalanmamasını tələb etməyə hazırlaşırdı. “Los Angeles Times” qəzeti yazıb ki, Amerikadakı erməni lobbisi protokolların imzalanmasına qarşıdır və öz etirazlarını Sərkisyana çatdırmaq üçün hazırlıq görüb.
Qəzet yazır ki, ermənilər Los- Anceles şəhərində əvvəlcə Sərkisyanın qaldığı otelin qarşısına toplaşaraq mitinq keçirməyə hazırlaşırdı. Sərkisyanın dünən bu şəhərə gəlməsi və erməni icmasının təmsilçiləri ilə görüşməsi gözlənilirdi. Mitinqin təşkilatçıları deyiblər ki, onlar Sərkisyandan protokolların imzalanmasını təxirə salmağı tələb edəcəklər. Amerika ermənilərinin fikrincə, bu protokollar Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə zərbə olacaq. Qəzet Amerika erməniləri ilə yanaşı bu ölkədə yaşayan türklərin də protokolların imzalanmasına qarşı çıxdıqlarını yazıb. Amerikadakı türk icmaları bildirir ki, Türkiyə hökuməti Ermənistanla münasibətlərdə birtərəfli güzəştlərə gedərək milli maraqları arxa plana keçirib. Los Anceles universitetinin tələbəsi, Amerikanın Qərb ştatlarındakı Erməni Gəncləri Federasiyasının sədri, mitinqə qatılmağa hazırlaşan Arek Santikyan deyib ki, onlar Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı deyillər: “Biz sülh istəyirik. Ancaq sülh üçün şərtlər var, Türkiyə soyqırımı etiraf etməlidir”. Santikyana görə protokollarda “soyqırım” məsələsini araşdırmaq üçün nəzərdə tutulan birgə tarix komissiyası “soyqırım”ın baş verdiyini şübhə altına ala bilər. “Biz narahatıq ki, belə də olacaq. Ona görə də Türkiyə ilə soyqırım faktını şübhə altına alan heç bir anlaşma imzalana bilməz, bu məsələdə sual işarəsi yolverilməzdir”, deyə o bildirib.
Qəzetin yazdığına görə, Amerika erməniləri hesab edir ki, bu protokollar Türkiyəyə “qədim erməni torpaqlarını” öz nəzarətində saxlamağa imkan yaradacaq. Ermənilər bu anlaşmalardan sonra Dağlıq Qarabağın da gələcəyinin şübhə altında qalacağını deyirlər. Amerika Erməni Gəncləri Federasiyasının rəhbərlərindən biri Kasper Civelecyan da deyib ki, protokollar proporsional deyil. “Bu, türklərin maraqlarına cavab verən sənəddir”, deyə o bildirib. Lakin Amerikadakı türk icmalarının nümayəndələri deyirlər ki, sənəd ermənilərin maraqlarına uyğun hazırlanıb və Türkiyə tərəfindən birtərəfli güzəştləri nəzərdə tutur. “Türkiyə bu sənədlərlə Ermənistana həddən artıq güzəşt edir, əvəzində isə çox az şey alır”, deyə Amerika Türk Assosiasiyasının Qərb ştatları üzrə təmsilçisi Erhun Kırlıkovalı bildirib. O deyib ki, Türkiyə hökuməti bu protokolları imzalamaqla Azərbaycanı da satır. Belə ki, Ermənistanla münasibətlərin qurulması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli şərti aradan qalxır. Kırlıkovalı deyib ki, Türkiyə hökumətinin ermənilərin müntəzəm olaraq irəli sürdükləri “soyqırım” iddialarından yorulduğu hiss olunur. Onun fikrincə, tarix komissiyası “soyqırım” məsələsi ilə bağlı “apolitik qərar” çıxara bilər, erməniləri də narahat edən budur.
Qeyd edək ki, Sərkisyan Amerikadakı görüşlərini başa vuraraq Livana, oradan isə Rusiyanın Rostov şəhərinə getməlidir. Ermənistan prezidentinin Parisdə Avropa erməni təşkilatlarının təmsilçiləri ilə keçirdiyi görüş barədə xəbərlərə görə Sərkisyan erməni diasporuna Türkiyə ilə münasibətlərə dair siyasətini əsaslandırmaqda çətinlik çəkib. Bir çox hallarda Sərkisyan ermənilərin sualları qarşısında aciz qalıb və inandırıcı cavablar verə bilməyib. Gözlənilir ki, bu gün İsveçrə Xarici İşlər Nazirliyi tərəflərə protokolların imzalanması tarixi ilə bağlı rəsmən dəvət göndərəcək. Mərasimin oktyabrın 10-da Sürix şəhərində keçirilməsi gözlənilir.