Milyonlarla səhm nominal dəyərlə bankın rəhbərliyinə çatır; banka çatası pullar onun işçilərinin cibinə axır
Azərbaycan Servisi/Aran Agentliyi
Bu ilin iyul ayında Azərbaycan Beynəlxalq Bankının (ABB ASC) səhmlərinin satışı üzrə Bakı Fond Birjasında (BFB) keçirilmiş hərrac ətrafındakı qalmaqalın yeni ilğinc təfərrüatları məlum olub. Bank rəhbərliyinin tapşırığı ilə həmin hərraca kənar investorların, o cümlədən kiçik səhmdarların buraxmamasının hansı narazılıqları yaratması haqqında mətbuatda artıq yazılıb.
Belə ki, qanunsuzluqlarla bağlı ABB və ona broker xidmətləri göstərən “İnterneyşnl Tranzakşn Sistem” şirkətinə qarşı birinci instansiya məhkəməsinə səhmdarların biri tərəfindən iddia ərizəsi verilib. Eyni zamanda, müvafiq şikayət əsasında məsələyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qarışaraq araşdırmaya başlayır. Komitə problemin mahiyyətini açıqlamayıb və qanunu pozanları cəzalandırmasa da araşdırma nəticəsində işlə bağlı üzə bir sıra yeni maraqlı faktlar çıxıb.
“Çelsi Kapital” müştərini aldadıbmış
Səhm emissiyasına birbaşa xidmət göstərən “İnterneyşnl Tranzakşn Sistem” bazardan səhm alışı üçün sifarişlərini götürməkdən imtina etdiyi üçün hərrac ərəfəsində ABB-nin səhmdarlarından biri - Anar Xanbəyli müqaviləsi olan digər broker “Çelsi Kapital”a müraciət edib. Burada ona bildirdilər ki, ABB-nin səhmlərini hərracda almaq şansları yoxdur və sifariş verməkdən çəkindirməyə çalışıblar. Onun israr etdiyini görən şirkət nümayəndələri alış tapşırığını götürməli olublar. Lakin bu sifariş BFB-nin ticarət sisteminə daxil edilməyərək hərrac zamanı təmin olunmadı. Sonradan “Çelsi Kapital”ın rəhbəri İntiqam Səfərəliyev sifarişin təmin olunmamasını müxtəlif subyektiv arqumentlərlə izah etməyə çalışdı, o cümlədən guya birja buna icazə vermədiyini demişdi.
Lakin QKDK araşdırması göstərdi ki, broker bilərəkdən tapşırıqda səhv məlumatlar verib, bu isə onun hərracda qarşılanmasını mümkünsüz edib. Görünür, İ.Səfərəliyev tapşırığa səhv məlumatları daxil etməklə şəxsi maraqlar güdüb və ya bəlkə də ona ABB-dən təzyiq göstərilib. Hər halda belə hərəkət onun rəhbərlik etdiyi “Çelsi Kapital”ın işgüzar nüfuzuna kölgə salır.
QKDK Beynəlxalq Banka bata bilmir, yoxsa bunu istəmir?
Səhmdarın şikayətini araşdıran QKDK ABB rəhbərliyinin saymazlığı ilə üzləşib. Bank dövlət qurumu ilə əməkdaşlıq etməkdən boyun qaçırır, Komitə tərəfindən ona göndərilmiş tələbnaməni cavabsız qoyaraq qanunvericilikdə nəzərdə tutulmuş sənədləri səhmdara təqdim etməkdən imtina edib. Komitənin hüquq departamenti isə ərköyün övladla rəftar edirmiş kimi, banka yeni tələbnamənin göndəriləcəyini A.Xanbəyliyə bildirib. Halbuki qanunla QKDK onun tələbnaməsini icra etməyən istənilən səhmdar cəmiyyətin rəhbərliyinə qarşı inzibati cəza tədbiri görə bilər. Bankın baş kürsülərində oturanlar da nə etdiklərini yaxşı hesablayıb. Komitə birbaşa onlara deyil, uzaqbaşı hüquqi şəxs kimi banka və dolayısı ilə hüquqları pozulmuş səhmdarlara kiçik məbləğdə çərimə kəsməyə cürət edə bilər.
Əslində heç QKDK-nın özü də bir minoritar səhmdarların hüquqlarının keşiyində durmağa can atmır. A.Xanbəylinin bildirdiyinə görə, şikayətinin verilməsindən ay yarım keçsə də ABB rəhbərliyinin onu hərraca nə üçün buraxmadığı haqqında komitə bir şey öyrənməyib və ya öyrənmək istəməyib.
“Məsələ təkcə mənim şikayətimdə deyil. Əslində QKDK-da gözəl bilirlər ki, Beynəlxalq Bank minoritar səhmdarları ilə hesablaşmır. Son 15 ildə bankın Müşahidə Şurası səhmdarların ümumi yığıncağını bir dəfə də çağırmayıb. Mülki Məcəllənin müddəalarına görə isə məhz ümumi yığıncaq bankın idarəetmə orqanlarının seçməli, səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı mühüm əhəmiyyətli qərarlara münasibət bildirməlidir. Müvafiq olaraq bankın səhmdarlar adından qəbul etdiyi bütün qərarların hüquqi əsası yoxdur. Hətta idarəetmə orqanların üzvlərinin, o cümlədən idarə heyətinin sədrinin, səlahiyyətləri şübhəlidir, onların imzaladığı sənədlər qanunsuzdur. Axı bu insanlar vəzifələrinə necə və nə vaxt ”seçildikləri" səhmdarlara məlum deyil" - deyir A.Xanbəyli.
ABB rəhbərliyi bankı ələ keçirir?
Maraqlıdır ki, ABB-nin səhmlərini almaq istəyənlərin məhdudlaşdırılması ilə bağlı ilk narazılıqlar hələ 2006-cı ildə yaranmışdı. O zaman bir qrup investor mətbuat konfransı keçirərək bankın səhmlərini bazar qiyməti ilə almaq niyyətində olduqlarını, lakin hərraca buraxılmadıqlarını bildirmişdi. Bəs səhm satışı ətrafında yaranan qalmaqallar ABB rəhbərliyinə niyə təsir etmir? Onlar niyə bu barədə açıqlamalar vermir?
Qəribə səslənsə də bank məmurları susmaqla məsələnin yayılmasının qarşısını almaq istəyir. Hazırda bankın səhmlərinin birja vasitəsilə alınması mexanizmindən xəbəri olanlar 5-10 nəfərdir. Hər dəfə ABB-nin səhmlərinin satışı üzrə hərrac keçiriləndə onların bəzilərinə 4-5 min səhm nominal qiymətlə satılır. Milyonlarla səhm isə yenə də rəqabətsiz şəkildə, nominal dəyərlə bank rəhbərliyinə çatır. Müvafiq olaraq banka çatası pullar bank işçilərinin cibinə axır. Belə ki, hərrac zamanı nominal dəyərlə, yəni 20 qəpiyə əldə olunmuş səhmlər sonradan bankın çoxbilmişləri tərəfindən nominalın 4-5 qat baha açıq bazarda satılır. Satış zamanı vasitəçi rolunu yenə də bankın brokeri “İnterneyşnl Tranzakşn Sistem” oynayır.
A.Xanbəylinin etirafına görə, razılaşma variantı ABB tərəfindən onun özünə də təklif olunub: “Mənə dedilər ki, məsələni şişirtmək gərək deyil. Sənə də bir miqdar səhm verək, dur kənarda, onsuz da ayrı yolla heç nə əldə edə bilməyəcəksən. Üstəlik, sənin özünə də sərf edər ki, səhmləri nominal qiymətə alasan”.
Beləliklə, Azərbaycanın qiymətlər bazarında korporativ tələblərə riayət edən nümunəvi səhmdar cəmiyyət kimi qələmə verilən, yüksək beynəlxalq reytinqə malik olan ABB-nin özbaşınalığı davam edir. Dövlət qurumları isə buna göz yummaqda davam edir. Mülkiyyət baxımından qurum dövlət bankı sayılsa da bankın rəhbərləri onu istədiyi kimi “fırladaraq” asta-asta iri səhmdarlara çevrilirlər. Bu gün təkcə ABB İdarə Heyətində təmsil olunanların hər birinin bankın rəsmən 1,5-2 milyon ədəd səhmi var. Kim bilir, onların qohum-əqrəbalarının, dost-tanışlarının payı da nəzərə alınsa, bank bəlkə həqiqətən də dövlətin deyil...