Tarix : 2009 Oct 07
Kod 14366

VASİF TALIBOVDAN SENSASİON BƏYANAT

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə muxtar respublikanın daxili işlər və milli təhlükəsizlik nazirliklərinin 7-8 yüksək rütbəli əməkdaşı cəzalandırılıb.
Azərbaycan Servisi/Aran Agentliyi
“Məni öldürsələr, qanım batacaq”
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə muxtar respublikanın daxili işlər və milli təhlükəsizlik nazirliklərinin 7-8 yüksək rütbəli əməkdaşı cəzalandırılıb. Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbə bildirib ki, V.Talıbovun hüquq-mühafizə orqanlarına qəzəblənməsinin çox ciddi səbəbləri var. Qaynağın bildirdiyinə görə, bir neçə gün öncə “Prado” markalı bir avtomobil V.Talıbovun avtomobilini vurub. Həmin vaxt avtomobilin içərisində olan Naxçıvan xanı işdən evə qayıdırmış. Hər iki avtomobil, xüsusən də V.Talıbovun maşını ciddi zədə alsa da, yaralanan olmayıb. Hadisə baş verən kimi qarışıqlıq yaranıb və V.Talıbovun maşınını vuran “Prado” aradan çıxıb.Ali Məclisin sədri dərhal həmin şəxsin tapılması göstərişini verib. Amma hadisənin üstündən 3 gün keçsə də, “Prado” və onun sahibi tapılmayıb. Bundan bərk qəzəblənən V.Talıbov Naxçıvan daxili işlər və milli təhlükəsizlik nazirliklərinin təxminən 7-8 yüksək vəzifəli zabitinin cəzalandırılması barədə göstəriş verilib. Həmin şəxslər dərhal işdən azad olunublar.
Xanın maşınını vuran “Prado” sürücüsü isə təsadüf nəticəsində tapılıb. Mənbə həmin şəxsin iş adamı olduğunu və hadisədən sonra qorxudan qaçıb gizləndiyini deyib: “Sahibkar bir neçə gün gizləndikdən sonra Naxçıvanın MTN-də işləyən bir qohumuna zəng edərək başına gələn hadisəni danışıb və onu İrana keçirməsini xahiş edib. MTN zabiti isə dərhal bu barədə yuxarı məlumat verib və keçirilən əməliyyat nəticəsində həmin şəxs İrana keçmək istəyərkən tutulub. Həmin şəxsin sonrakı taleyi dəqiq məlum olmasa da, Vasif Talıbovun kiminsə xahişi ilə onu bağışladığı deyilir”.
Mənbə bildirib ki, maşınını vuran şəxs tutulandan sonra V.Talıbov dərhal naxçıvanın hüquq-mühafizə orqanlarının rəhbər şəxslərini yanına çağıraraq onları möhkəm danlayıb və orda sensasiyalı bəyanatlar verib. Qaynağın sözlərinə görə, bütövlükdə ölkənin hüquq-mühafizə orqanlarının işini sərt şəkildə tənqid edən V.Talıbov bunları deyib: “Məni ağrıdan və qəzəbləndirən maşınımın vurulması deyil. Bu hamının başına gələ bilər. Məni o ağrıdır ki, bu respublikada mənim avtomobilimi vururlar, sonra da çox rahatlıqla qaçıb gizlənə bilirlər. Bu o deməkdir ki, sabah məni öldürsələr, o biriləri kimi qanım batacaq”.
Mənbə bildirib ki, V.Talıbov daha sonra son illər ölkədə baş verən, hələ də üstü açılmayan səs-küylü qətllər barədə danışıb və buna görə hüquq-mühafizə orqanlarının məsuliyyət daşıdığını deyib.
Bu məlumat redaksiyamıza dünən axşam saatlarında daxil olduğundan, əlaqədar rəsmi qurumlarla hər hansı dəqiqləşdirmə apara bilmədik. Xəbərin operativliyini nəzərə alaraq onu dərc etdik və bu gün məlumatla bağlı hər hansı rəsmi mövqe öyrənmək cəhdlərimizi davam etdirəcəyik.
  • Yazılıb
  • da (də) 2009 Oct 07