Festival Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutub
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin ölkə mediasına istinadən verdiyi məlumata görə, İslam mətbəxi üzrə festival dünyada ilk dəfə olaraq Bakıda keçirildi. 15 ölkənin qatıldığı yarışın keçirilməsində əsas məqsəd İslam mətbəxini və mədəniyyətini dünya ölkələrinə tanıtmaqdır. Festivala islam ölkələri ilə yanaşı MDB və Avropadan da aşbazlar qatılıb. 3 gün ərzində keçirilən yarışmanın şərtlərinə görə, aşbazlar öz məharətlərini nümayiş etdirməklə yanaşı, yarış zamanı yalnız halal məhsullardan istifadə etməlidir. Festivalda iştirak etmək üçün Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilyan, həmçinin Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar Bakıya gəlib. Açılış mərasimində iştirakçı ölkələrdən Türkiyə, Belarus, Özbəkistan, İran, eləcə də Azərbaycan kulinarlarının müxtəlif ərzaq məhsullarından, meyvələrdən hazırlanmış maraqlı fiqurlar tədbir iştirakçılarına təqdim olundu.
Oktyabrın 10-na kimi davam edəcək festival çərçivəsində iştirakçı komandalar arasında müxtəlif yarışlar təşkil olunacaq. Eyni zamanda qonaqların iştirakı ilə “Kulinariyanın cəmiyyətdə rolu: inkişaf perspektivləri” adı altında dəyirmi masanın da təşkil olunması nəzərdə tutulur. Festivalda qalib gələn komandaların adı oktyabrın 9-da açıqlanacaq və qalib komandalar mükafatlandırılacaq.