Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də Kişinyovda görüşəcəklər. ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən Bakıda keçirdikləri mətbuat konfransında deyiblər ki, onlar Moldova paytaxtında keçiriləcək MDB sammiti çərçivəsində nəzərdə tutulan görüş üçün İlham Əliyev və Serj Sərkisyanın razılığını alıblar. Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, həmsədrlər danışıqların dinamikasından və Azərbaycan prezidentinin prosesi dəyərləndirməsindən razıdırlar.Amerikalı həmsədr Robert Bradtke isə «Madrid prinsipləri» adlandırılan sənəddə hər hansı təkmilləşmə və ya dəyişikliklər olduğu barədə səslənən fikirləri təsdiqləməyib. O, müzakirələrdə müəyyən irəliləyişlər olduğunu bildirib. Bununla belə, həmsədrlər Kişinyov görüşündə hansısa sənədin imzalanacağını gözləmirlər. Prezidentlər axırıncı dəfə bu il iyunun 4-də Sankt-Peterburqda görüşüblər.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Qarabağ danışıqlarının yekun mərhələyə daxil olduğunu bəyan edib. Bu bəyanat Moldova görüşündə prezidentlərin konkret irəliləyişlər əldə edə biləcəyi, yaxud pərdə arxasında mühüm qərarların qəbul olunduğu və onların ictimaiyyətlərdən gizli saxlandığı haqda fikirlərə səbəb olub. Ancaq Minsk Qrupu həmsədrləri təsdiq edir ki, bu görüşdə hansısa sənədin imzalanması gözlənilmir. Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan isə ümumiyyətlə pessimist görünür. Nalbəndyan «Frans press» agentliyinə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində irəliləyiş gözləmək lazım deyil. Danışıqlar prosesinin müəyyən vaxt tələb etdiyini söyləyən nazir bildirib ki, yaxın vaxtlarda danışıqlar prosesində sıçrayış ola biləcəyinə dair proqnozların nəyə əsaslandığı ona aydın deyil. Bundan əvvəl prezident Serj Sərkisyan da münaqişənin həllinə dair razılaşmaların çox uzaqda olduğunu, bunun üçün uzun müddətli danışıqlar və siyasi iradə tələb edildiyini demişdi.
Ermənistanlı politoloq - Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kiroqosyan da «Azadlıq» radiosuna verdiyi müsahibədə Qarabağ danışıqlarının son mərhələyə daxil olması haqda fikirlərə o qədər də inanmadığını deyir. Politoloq bildirir ki, tərəflərin mövqeləri bir-birindən çox uzaqdır: «Ermənistan sülh prosesində daha çox Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatı almaq istəyir. Azərbaycanı isə daha çox Dağlıq Qarabağın gələcək statusu məsələsinə köklənib». Kiroqosyan bu mənada Azərbaycan və Ermənistan prezidentlərinin Moldova görüşündən də çox şey gözləmir.
Erməni ekspertə görə, Türkiyə və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün danışıqlar da Qarabağ probleminin həllinə kömək etməyəcək: «Mən düşünmürəm ki, bunun ciddi köməyi ola bilər. O ki qaldı Türkiyənin baş naziri Ərdoğanın «Azərbaycan torpaqları işğaldan azad olmasa sərhədləri açmayacağıq» kimi bəyanatlarına, Türkiyə parlamentinin sədrinin «Ermənistan-Türkiyə protokolları imzalansa da, parlamentdən keçməyəcək» kimi fikirlərinə, mən düşünmürəm ki, Türkiyə rəsmiləri erməni liderləri ilə ikili, qeyir-səmimi oyun oynayır. Məncə, türkiyəli rəsmilər Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində səmimidirlər. Sadəcə, bunlar həm Türkiyədə, həm də Azərbaycanda daxili ictimai rəy üçün nəzərdə tutulmuş bəyanatlardır. Türkiyəli rəsmilər Azərbaycanın narahatlıqlarını aradan qaldırmağa, onu sakitləşdirməyə çalışırlar. Əsas olan odur ki, həm sözdə, həm də Ermənistan-Türkiyə protokollarının mətnində Dağlıq Qarabağ probleminin həlli sərhədlərin açılması məsələsində ilkin şərt kimi qeyd edilmir.
Xarici işlər nazirinin müavini Araz Əzimov isə rəsmi Bakının mövqeyini bir daha çatdırıb. Onun sözlərinə görə, Qarabağ münaqişənin həllində Azərbaycan kompromisə getməyə hazırdır: «Vəziyyət sadə deyil. Heç bir münaqişənin yüzdəyüz həlli yoxdur. Amma münaqişələrin kompromislər, qarşılıqlı əsaslarla həll edilməsi prosesi mövcuddur. Nəyi isə kompromisə gedirsiz, müqabilində nəyi isə alırsız. Bu səbəbdən Azərbaycan prinsipial mövqeyində duraraq hansısa kompromisə getməyə hazırdır. Azərbaycan bildirir ki, Dağlıq Qarabağa, orada yaşayacaq iki icmaya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli idarəetmə verməyə hazırdır. Bu o deməkdir ki, Azərbaycan artıq öz yolunu keçib və körpünün ortasında dayanıb, Ermənistan da maksimalist mövqeyindən çəkinməli və körpünün ortasına gəlməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələlərin həlli üçün razılıq bildirməlidir».