Tarix : 2009 Oct 09
Kod 14393

Bayraq həqarəti ilə bağlı mətbuatın sorğusuna Hacı İlqar İbrahimoğlunun açıqlaması

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İibrahimoğlu azeri.irib.ir saytında dövlət bayrağımızı təhqirlə bağlı açıqlama verib
Azərbaycan Servisi/Aran Agentliyi
İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İibrahimoğlu azeri.irib.ir saytında dövlət bayrağımızı təhqirlə bağlı açıqlama verib. Burada bildirilir: “azeri.irib.ir saytında dövlət bayrağımızın təhqiri bizi çox sarsıtdı. Bununla bağlı öz narahatçılığımızı həm İİR-in Bakıdakı səfirliyinə, həm də bilavasitə saytın nümayəndələrinə bildirmişik. Azərbaycanın bayrağı – müsəlman insanının bayrağıdır. Bu bayraq, özündə, o cümlədən, islami kimliyi əks etdirən bir rəmzdir. İki müstəqilliyimizi özündə ehtiva edən bir simvoldur. Bu bayraq – onminlərlə şəhidin qanını özündə həkk etdirən nişanədir.

Qeyd etməliyik ki, bu həqarət – ilk növbədə İran İslam Cümhuriyyətinin bəyan etdiyi müqəddəs İslam prinsipləri ilə ziddiyyət təşkil edir və əlaqədar məsullar onun fərqinə varmalıdırlar ki, dünyada son illərdə baş alıb gedən müqəddəsata qarşı həqarətlərin xoşagəlməz analoqu kimi səciyyələndirilə bilər. Hər zaman İsrail rejiminin bəşəri cinayətlərini həm nəzəri baxımdan, həm əmələn ən qətiyyətli surətdə pisləyən, sionizmin bu gün Qəzzada törətdiklərini müasir faşizm kimi dəyərləndirən bir insan kimi deyə bilərəm ki, izzət və nuraniyyətlə yoğrulmuş bayrağımızın mərkəzində sionizmin embleminin təsvirinin əks elətdirilməsi – Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) aşiqi olan inanclı insanlarımızın qəlblərini qəhərlə doldurdu. Və hesab edirik ki, bayrağa olan həqarətin saytdan tez bir zamanda yığışdırılması – bunun yanlış olmasının fərqinə varmasına dəlalət edir. Bu əlaqədə, həqarətə yol vermiş icraçıların cəzalandırılmasını gözləyirik.

Sonda bir daha baş verən həqarətə qəti etirazımız bildirərək, inanmaq istərdik ki, baş vermiş olay – kütləvi informasiya agentliyinin apardığı məqsədyönlü əməlin tərkib hissəsi deyil, əksinə, hansısa icraçının bəsirətsizliyinin məhsuludur”.
 
  • Yazılıb
  • da (də) 2009 Oct 09