Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı qəbul etdiyi iki qərarı elan edib
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərinölkə mediasına istinadən verdiyi məlumata görə, Təbiəti Mühafizə İctimai Birliyinin Azərbaycana qarşı qərarında şikayətçinin Avropa Konvensiyası ilə qorunan ədalətli məhkəmə araşdırması hüququ və birləşmək azadlığı hüququnun pozulduğu təsdiqlənib. Azərbaycan hökuməti qeyd olunan pozuntuları aradan qaldırmalı və şikayətçiyə 8 min avro məbləğində təzminat ödəməlidir. Əlavə olaraq 2000 avo yerli məhkəmə xərclərinin, 850 avro isə Avropa Məhkəməsi xərclərinin ödənilməsi də təmin olunmalıdır. Rahib Mənsimovun şikayəti ilə bağlı çıxarılan qərarda isə Mənsimovun ədalətli mühakimə olunmaq hüququnun pozulduğu bildirilir. Məhkəmə qərara alıb ki, iddiaçının şikayətinə kassasiya formasında baxılmalıdır. Rahib Şaval oğlu Mənsimov 1994-cü ildə Bakı metropolitenində törədilən terror aktında iştirakına görə ömürlük azadlıqdan məhrum edilib və hazırda cəzasını Qobustan həbsxanasında çəkir. O, "Sadval" terror təşkilatının üzvü olub. 1998-cı ildə məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilən Mənsimovun cəzası bir müddət sonra ömürlük həbs cəzası ilə əvəzlənib.
Avropa İnsan Haqları Məhkəməsi Mənsimovun şikayətini bir dəfə rədd edib. Şikayətin icraata götürülməməsinə səbəb kimi cinayətin 2002-ci ildən əvvəl törədildiyi göstərilmişdi. Belə ki, Azərbaycan Avropa Şurasına 2002-ci ildə üzv olub və həmin il Avropa Konvensiyasına qoşulub. Bakı Metropolitenində törədilmiş terror aktlarında təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Mənsimov isə cinayəti 1994-cü ildə törədib. Azərbaycan dövlətinin Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə "Trend"-ə bildirib ki, hazırda Azərbaycan dövləti ilə Avropa Məhkəməsi arasında 60 şikayət üzrə kommunikasiya aparılır. Avropa Məhkəməsi Azərbaycana qarşı indiyədək 18 qərar qəbul edib