Tarix : 2009 Oct 09
Kod 14395

SƏRKİSYAN ERMƏNİ LOBBİSİNDƏN DƏSTƏK ALA BİLMƏDİ

İrəvanda protokollara od vurdular
Ermənistan Servisi/Aran Agentliyi
Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə ilə münasibətlərin qurulmasına dair protokollara qarşı çıxan erməni diasporunu yola gətirmək üçün çıxdığı «ümumerməni turnesi»ni başa vurub. Fransada, ABŞ-da və Livanda ermənilər tərəfindən söyülən, daşa, fitə basılan, «xain» elan edilən Sərkisyan son görüşünü Rostovda Rusiyadakı erməni təşkilatlarının təmsilçiləri ilə keçirib. Burada da Sərkisyan etirazla qarşılanıb.Erməni təşkilatlarının təmsilçilərindən çoxu protokolların imzalanmasına etiraz edərək Sərkisyanla görüşə gəlməyib, gələnlərin isə əksəriyyəti bildirib ki, protokolların imzalanması yolverilməzdir. Rusiyadakı erməni diasporu protokollara qarşı olduğunu Sərkisyanla görüş ərəfəsində artıq bəyan etmişdi. Bu bəyanatda qeyd olunurdu ki, Türkiyə tərəfindən «soyqırım» tanınmadan bu ölkə ilə münasibətlər qurmaq xəyanətdir. Erməni mənbələrinin məlumatlarına görə, Sərkisyan Rostovda erməni diaspor təşkilatlarının təmsilçiləri ilə görüşdə bildirib ki, İrəvana qayıdaraq Təhlükəsizlik Şurasının iclasını keçirəcək və həmin iclasda protokolların imzalanıb-imzalanmaması ilə bağlı son qərar veriləcək. Sərkisyan Rusiya ermənilərini arxayın edib ki, Ermənistanın Türkiyə ilə münasibətlər qurduqdan sonra Moskvadan uzaqlaşacağı haqda deyilənlər əsassızdır. O Rusiya ilə Ermənistan arasında münasibətləri möhkəmləndirən yeni qərarlar veriləcəyini deyib.
Məlum olub ki, Livanda səfərdə olarkən Sərkisyanın avtomobilinə hücum olub. Erməni-türk sazişlərinin əleyhdarları onun maşınına mobil telefon və daş tullayıblar (ANS).Türkiyə ilə sazişlərin əleyhinə çıxanlar Sərkisyanı elə aeroportdaca qarşılayıblar. Prezidentin avtomobilinə telefon və daş atan əleyhdarlar bununla yanaşı onun ünvanına təhqiredici sözlər də söyləyiblər. Türkiyə tərəfi protokolların sabah imzalanacağında israr edir. Mərasimin İsveçrədə keçirilməsi gözlənilir. Ancaq erməni tərəfi bu tarixlə bağlı bəyanatı tələskənlik adlandırıb. İrəvanda isə dünən Ermənistan-Türkiyə protokollarını yandırıblar. Daşnaksütun Partiyasının və «Miatsum» hərəkatının birgə aksiyası zamanı çıxış edənlər bu sənədlərin surətinə od vuraraq Türkiyə ilə münasibətlərin qurulmasına qarşı çıxıblar. Bildirilir ki, təşkilatçıları protokolların qalaq-qalaq surətlərini çıxararaq masa üzərində qoyublar və kim istəsə kağızları götürüb od vura bilərdi. «İrs» müxalifət fraksiyasından deputat Zauri Postancyan deyib ki, bu protokolların imzalanması və Qarabağ münaqişəsində «Madrid prinsipləri»nin qəbul edilməsi «erməni dövlətçiliyinə» son qoyacaq.
Fransada səfərdə olan Türkiyə prezidenti Abdullah Gül isə «Le Figaro» qəzetinə müsahibəsində deyib ki, «erməni soyqırımı» protokolların imzalanmasından sonra ortaq tarix komissiyasında baxılacaq. Onun sözlərinə görə, 1915- ci il hadisələri zamanı faciəli hallar baş verib, ancaq bu hər iki tərəfə aiddir. «Biz tarixçilərdən ibarət komissiya yaratmaq istəyirik ki, tarixi faktları təhlil edib nəticəyə gəlsinlər» deyə, o bildirib.
Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl də Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı son dövrlər baş verənləri şərh edib. O deyib ki, Türkiyə, SSRİ dağılandan sonra Ermənistanı tanıyıb. Dəmirəl özünün də o dövrdə baş nazir olduğunu xatırladıb. Ermənistanın bir müddət sonra Azərbaycanın rayonlarını işğal etdiyini deyən keçmiş prezident Türkiyənin məhz buna görə Ermənistanla sərhədlərini bağladığını deyib: ‘’Türkiyədə, Ermənistanla münasibətlərin düzəlməsini istəməyən yoxdur. Lakin bu sərhədlərin bağlanmasının səbəbinə baxmaq lazımdır. Bağlanma səbəbi ortadan qalxıb ki? Xeyr, amma bir müddət sonra qalxar" dedikdə isə Azərbaycan dövlətinə və xalqına qarşı verdiyimiz sözlər var. Parlamentlərinə gedib verdiyimiz sözlər var. Bu sözlərin üstündə durmasaq, onlar inciyərlər. Rəsmi şəxslərin bunu necə nizamlayacaqlarını bilmirəm. Sənədlər imzalandıqdan sonra, parlament təsdiq etməsə, yenə sərhədlər açılmayacaq. Protokollar imzalanıb deyə siyasi manevr edə bilərlər, amma sərhədlər açılmamış olaraq qalacaq. Sərhədlərin açılması ilə bağlı isə beynəlxalq ictimaiyyətə vəd verilib. Beynəlxalq ictimaiyyət gözləməkdədir". (ANS)
  • Yazılıb
  • da (də) 2009 Oct 09