Tarix : 2009 Oct 10
Kod 14435

Hər gün ömrünün azaldığına görə heyrətlənməyən kəs təəccübə layiqdir

Hər gün ömrün və canın azaldığını görən və bununla belə heyrət etməyə kəsə təəccüb edirəm
Azərbaycan Servisi/Aran Agentliyi

“Təqva bizim bu dünyadakı təhlükəsizlik kəmərimizdir”


25 sentyabr 2009-cu il tarixdə İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi.

“Mübarək Ramazan ayının geridə qoyduq. O imkanlar ki, bu ayda var idi, növbəti aylarda onlar olmadığından bu aydan sonra bizi vücudi baxımdan daha çətin günlər gözləyir. Əmirəlmöminin (ə) buyurur: “Hər gün ömrün və canın azaldığını görən və bununla belə heyrət etməyə kəsə təəccüb edirəm”.

Mövzunun davamında Hacı İlqar dedi: “Bu mövzunu hər birimiz unuda, diqqətdən qaçıra bilərik. Amma heç kimi inkar etmir ki, ömrü azalmağa doğru gedir. Bunu inkar etmək mümkün deyil. Elə şeytan (lən.) də bunu unutdurmağa çalışır. Əgər biz bu azalmanın fərqinə varsaq - bir cür olarıq, yox əgər varmasaq, bir ayrı cür olarıq. Ona görə də Həzrət Əli (ə) deyir ki, baxın bu azalan ömürdən necə istifadə edirsiniz. Bəzən böyük insanlar belə mövcudiyyətlərinin müvəqqətiliyini unudanda, çox ciddi pis aqibətlə üzləşirlər. İndi görün bizim durumumuz necədir?!”.

Cümə xətibi bildirdi ki, məada inamla da bağlı məsələ bu cürdür: “Əgər burada bir əməlimiz yoxdursa, o dünyamızda da yoxdur. Zira, hər iki dünya vardır. Önəmli olan mövzu isə, son mənzilə necə durumda yetişməkdir. Necə insan bir yerə səfər zamanı uçuşun təhlükəsizliyini təmin etmək üçün kəmərlərdən istifadə edir, təqva da bizim bu dünyadakı təhlükəsizlik kəmərimizdir. Əmirəlmöminin (ə) dili isə desək, dünya hər gün özünü təqdim etməkdədir. Nəhayət etibarı ilə təqva ilə yaşasaq, aqibətimiz xeyirli olar. Odur ki, Həzrət Əli (ə) bizi xəbərdar edir”.

Xütbənin ikinci hissəsində ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etmişdir.

“Mübarək ayı geridə qoyduq. Mübarək ay artıq bitib, amma Allah dərgahında olmaq bitmir. Necə ola bilər ki, hər günümüzü yaşayaq, amma nurani deyil, günlərimiz yola vermək halında yaşansın”.

“Son mübarək Ramazan ayı məscidlərlə yadda qalan oldu. Sonda məscidlər sökülür. Məsciddən qabaq mühitin dindarları sökülür, mənəvi durum, insan haqları sökülür”.

Xətib hicabla bağlı problemlərin əhəmiyyətli dərəcədə azalmasını vurğuladı: “Hicabla bağlı problemlər bu il xeyli azalıb. Bu il problemlər ötən ilkindən 10 dəfə azdır. Bu il belə nümunələr bir qədər az vardır. Amma ötən il belə hal tək Bakıda onlarla idi. Gəncədə onlarla olardı, bu il isə tək-tükdür. Yevlaxda hələ də narahatlıqlar qalır. Bəzi direktorlar deyir ki, bilirəm ki, “qeyri-qanuni edirəm. Amma mən qoymuram”. İnşəallah, bu da düzələr”.

“Diqqətli olmalıyıq ki, məscid və hicabla bağlı narahatlıqlar qismən səngisə də, İslami işlər, vəzifələr dayanmır, qurtarmır. Bunların də həlli bizlərin səylərindən asılıdır. Əgər gərəkli addımlar atmasaq, maarifçiliyimizi düz qurmasaq, sabah övladlarımız, nəvələrimiz Əhli-Beyt (ə) yolçuluğundan başqa hər yola gedəcəklər. Bütün bunlar ona görə baş verir ki, bizlərin baş verənlərə münasibəti dəyişmir. Hələ də belə hesab edirik ki, kimlərsə işləri görəcək, vəziyyətimiz də yaxşılaşacaq. Allahdan duamız budur ki, aqibətimiz xeyirli etsin, bizlərə hər an Allah dərgahında olmağımızı xatırlamanı nəsib etsin!”.

Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
Xəbər xidməti

  • Yazılıb
  • da (də) 2009 Oct 10