Tarix : 2009 Oct 12
Kod 14471

BAKI KƏNDLƏRİNDƏ “İŞIQ QİYAMI”

“Bakıelektrikşəbəkə”nin camaatı işıqsız qoyması qəsəbəni ayağa qaldırdı; polis kütləvi həbslər aparıb
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində sakinlərlə “Bakıelektrikşəbəkə” əməkdaşları arasında kütləvi dava olub. Redaksiyamıza axşam saatlarında daxil olan məlumata görə, “Bakıelektrikşəbəkə” əməkdaşlarının qəsəbə sakinlərinin işığını kütləvi şəkildə kəsməsi narazılığa səbəb olub. Məlumatda deyilir ki, işıq sahəsinə məsul olan məmurlar sakinlərdən “Bakıelektrikşəbəkə”yə olan borclarını dərhal ödəməyi tələb edib. Onlar isə pulu hissə-hissə ödədiklərini desələr də, buna əhəmiyyət verilməyib.20-dən çox evin işığı kəsiləndən sonra növbə kənddəki idman klubuna çatıb. Klubun da işıqları kəsilib və orada məşq edən idmançılarla işıqları kəsən şəxslər arasında bu zəmində mübahisə yaranıb. Mübahisəyə yerli sakinlər də qoşulub. İşıqları kəsən şəxslərin özlərini qaba aparması son nəticədə mübahisənin əlbəyaxa davaya keçməsinə gətirib çıxarıb.
Hadisə yerinə çağırılan polis isə sakinləri və davaya yol açmış “Bakıelektrikşəbəkə” əməkdaşlarını maşınlara doldurub və Sabunçu Rayon Polis İdarəsi (RPİ) 15-ci polis bölməsinə aparıb. Qəsəbəyə əlavə polis qüvvələri cəlb olunub.
Qəzetimiz çapa hazırlanarkən qəsəbə ağsaqqallarının sakinlərlə birgə 15-ci polis bölməsinin qarşısına toplaşdığını öyrəndik. Ağsaqqallar saxlanılan 20-yə yaxın qəsəbə sakininin azad edilməsini tələb edirdilər.
Məsələ ilə bağlı Sabunçu RPİ 15-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən faktı təsdiq edərək əlavə məlumat verməkdən imtina etdilər. Son anda saxlanılan Pirşağı qəsəbə sakinlərindən birinin adını öyrənə bildik. Aldığımız xəbərdə deyilir ki, “Bakıelektrikşəbəkə” əməkdaşlarının işığını kəsdiyi idman klubunda məşq edən Həsən adlı idmançı da polisin tutduğu şəxslər arasındadır.
Onu da qeyd edək ki, Pirşağı qəsəbəsinin bağlar ərazisində işıqların kəsilməsinə 15-20 gün əvvəldən start verilib. İşığının kəsilməsini istəməyənlərdən köhnə borcu ödəmək adı ilə 300-500 manat pul tələb olunur. Tələb olunan məbləği ödəməyənlərin isə işığı kəsilir. Hazırda bağlarda yaşayanların şəhərə köçmələri səbəbindən həmin ərazidə işıqlar kəsilərkən kütləvi etirazlar olmayıb.
“Bakıelektrikşəbəkə” əməkdaşlarının Pirşağı qəsəbəsinin mərkəzində eyni qayda ilə hərəkət etmələrinin nəticəsi isə göz qabağındadır. Mövzunu davam etdirəcəyik.
  • Yazılıb
  • da (də) 2009 Oct 12