Tarix : 2009 Oct 12
Kod 14472

TÜRKİYƏ DİPLOMATİYASI ÜÇÜN BÖYÜK RÜSVAYÇILIQ

Birtərəfli güzəştlərdən şirniklənən erməni tərəfi Sürixdə öz şərtlərini diktə edib; imzalanmadan dərhal sonra Ermənistan mövqeyini sərtləşdirdi
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin qurulmasına dair protokolların imzalanma mərasimində yaranan böhranın pərdəarxası məqamları çıxır. Məlum olub ki, erməni tərəfinin etirazına səbəb Türkiyənin xarici işlər nazirinin imzaların atılmasından sonra oxuyacağı çıxış mətnində yer alan, Dağlıq Qarabağ münaqişəsinə dair üstüörtülü ifadələr olub. Əvvəlcədən nəzərdə tutulduğu kimi, nazirlər protokolları, imzaladıqdan sonra yekun bəyanatı ilə çıxış etməli idilər.Hüquqi qüvvəyə malik olmasa da bu bəyanatların mətnində Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı ifadənin yer almamasında erməni tərəfi israr edib.  Nazirlərin çıxışlarının mətni imza mərasimindən əvvəl qarşılıqlı olaraq Ermənistan və Türkiyə heyətlərinə təqdim olunub. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu imza mərasiminin keçirildiyi Sürix universitetinin binasında gözləyərkən məlum olub ki, Ermənistan xarici işlər naziri onun çıxışının mətni ilə razı deyil və protokolları imzalamaq istəmir. Davudoğlunun çıxışının mətnində isə Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasının Cənubi Qafqaz regionunda sülhün və stabilliyin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Türkiyə mətbuatının diplomatik qaynaqlara istinadən yaydığı məlumata görə, erməni tərəfi bu ifadələrlə üstüörtülü olaraq Dağlıq Qarabağ münaqişəsinin nəzərdə tutulduğunu bildirərək onların mətndən çıxarılmasını tələb edib. Nalbəndyan bildirib ki, Türkiyə-Ermənistan münasibətləri ilə Dağlıq Qarabağ məsələsi arasında birbaşa və ya dolayısı bağlılığa işarə edən hər hansı ifadəni qəbul etməyəcək.
Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Hillari Klintonun müdaxiləsi ilə böhran aradan qalxıb. Lakin bir şərtlə ki, nazirlərin nəzərdə tutulan çıxışları olmasın. Bildirilir ki, erməni tərəfinin “Cənubi Qafqazda sülhün və stabilliyin yaranmasına dəstək” barədə ifadəyə etiraz etməsindən sonra Türkiyə tərəfi də Nalbəndyanın çıxışının mətnindəki İrəvanla Ankara arasında münasibətlərin “heç bir ilkin şərt olmadan” qurulmasının vacibliyi haqda ifadəyə etiraz edib. Nəticədə hər iki tərəf qarşılıqlı olaraq çıxışlardan imtina ediblər. Məlumata görə, çıxışlardan imtina formulu Türkiyə tərəfindən irəli sürülüb. Bu formul isveçrəli diplomatlar vasitəsilə erməni tərəfinə çatdırılıb və ABŞ dövlət katibinin müdaxiləsi ilə Nalbəndyan həmin formula razılıq verib. Nalbəndyan isə yaranmış vəziyyətlə bağlı prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla əlaqə yaradaraq onları məlumatlandırıb. Ermənistan prezidenti administrasiyasının rəhbərinin müavini Vigen Sarqsyan isə dünənki açıqlamasında deyib ki, Türkiyə tərəfi imza mərasimindəki çıxışında “danışıqlar prosesi və protokollarla uzlaşmayan” ifadələr işlətmək istəyib, lakin erməni tərəfinin təzyiqləri ilə geri çəkilməli olub.
Sürix böhranı göstərir ki, Ermənistanla münasibətlərin qurulması üçün Qarabağ şərtindən imtina edən Türkiyə diplomatiyası biabırçı duruma düşüb. Birincisi, xarici işlər naziri Davudoğlu hamıdan əvvəl imza salonuna gələrək gözləməli olub. Digər tərəfdən Türkiyədən indiyədək qopardıqları birtərəfli güzəştlərdən şirniklənən erməni tərəfi Davudoğlunun çıxışının mətnini də diqtə etmək cəsarəti nümayiş etdirib. Bu mətndə nəinki Dağlıq Qarabağ münaqişəsindən birbaşa bəhs olunmasına, eyni zamanda ona eyham vurulmasına belə imkan verilməyib. Xatırladaq ki, Nalbəndyan öz ölkəsinin parlamenti qarşısında protokolların mətnini bütünlüklə erməni tərəfinin yazdığını, Türkiyə tərəfinin isə onlara cüzi düzəlişlər etdikdən sonra parafladığını demişdi. Bu da onu göstərir ki, Ermənistanla barış prosesində təşəbbüs Türkiyədə deyil və bu ölkənin diplomatiyası dünyanın böyük dövlətlərinin, habelə ermənilərin qoyduqları şərtlər əsasında əksər hallarda birtərəfli qaydada öz mövqeyindən geri çəkilməklə hərəkət edir. Türkiyə rəhbərləri hər dəfə bəyan edir ki, Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması Qarabağ şərtinə bağlıdır. Lakin bu cür bəyanatlar Azərbaycan və Türkiyə ictimai rəyinə hesablanaraq verilir, ermənilərin və onların himayəçilərinin hüzurunda isə Sürixdə baş verənlərdən göründüyü kimi Türkiyə diplomatiyası Qarabağın nəinki adını çəkə, heç ona eyham da vura bilmir. Əslində Sürixdəki mərasimdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çağırışların olması normal qarşılanmalı idi. Çünki mərasimdə Minsk Qrupuna həmsədrlik edən ölkələr də təmsil olunurdu və ən azından bu fakt əsas verirdi ki, Ermənistan-Türkiyə münasibətlərindən çıxış edərək Qarabağ münaqişəsinə də heç olmasa şifahi bəyanatlarda toxunulsun.
Bakı vaxtı ilə saat 23.30 radələrində protokolların imzalanmasından sonra İsveçrə tərəfi mərasimə qatılan xarici işlər nazirlərinin şərəfinə ziyafət verib. Həmin ziyafət zamanı Davudoğlu ilə Nalbəndyan yanaşı oturaraq söhbət ediblər və məlumata görə, prezident Serj Sərkisyanın Türkiyəyə səfəri ilə bağlı müzakirələr aparıblar. Digər iştirakçılar isə anlaşmanın mühüm əhəmiyyət kəsb etdiyi haqda açıqlamalar verərək tərəfləri protokolları ratifikasiya edərək daha da irəli getməyə çağırıblar.
 ABŞ dövlət katibi Hillari Klinton İsveçrə paytaxtından Londona yola düşüb. O, təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Türkiyə və Ermənistan protokolları imzalamağı bacardı.
Hillari Klinton deyib ki, Ağ Ev protokolların uğuru üçün əlindən gələn hər şeyi edəcək. ABŞ dövlət katibi protokolların imzalanması ilə bağlı özünü çox xoşbəxt hiss etdiyini də bildirib. Xanım Klintonun sözlərinə görə, protokolların imzalanması mərasiminin üç saat ləngiməsinin səbəbi həm Türkiyə, həm də Ermənistan tərəfinin narahatlıqları olub.
“Rusiya Türkiyə ilə Ermənistan arasında tarixi protokolların imzalanmasına şaddır”. Bunu isə Sürixdə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, həm Türkiyə, həm də Ermənistan Rusiya üçün dost ölkələrdir: “Protokolların imzalanması yalnız ilk addımdır. İndi sənədlərin sürətlə ratifikasiya edilməsi və praktiki reallaşdırılması lazımdır”. Sergey Lavrov deyib ki, protokollar tərəflərin dövlətlərarası əlaqələrinin tam həcmdə normallaşdırılması istiqamətində fəaliyyətini müəyyənləşdirir. Rusiyalı nazir hesab edir ki, sənədlərin imzalanması ticari-iqtisadi əlaqələrin canlanmasına səbəb olacaq, həm Türkiyə, həm də Ermənistanın sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək: “Rusiya Federasiyası Ermənistan və Türkiyə ilə əməkdaşlıq layihələrini reallaşdırmaqla prosesi dəstəkləyəcək. Bu ilk növbədə elektrik enerjisi və nəqliyyat-kommunikasiya sahələrinə aiddir. ”Rusiya dəmir yolları" ASC iki ölkə arasında Doğuqapı-Axuryan sərhəd məntəqəsi vasitəsilə fasiləsiz dəmir yolu əlaqəsini təmin etməyə hazırdır". Sergey Lavrovun sözlərinə görə, insanların gündəlik həyatına müsbət təsir edə biləcək digər layihələr də var.
Rusiyanın xarici işlər naziri bildirib ki, Ermənistan və Türkiyə arasında mehriban qonşuluq əlaqələrinin qurulması bölgədə sülh və təhlükəsizliyin möhkəmlənməsinə səbəb ola bilər.
Avropa İttifaqının Ali nümayəndəsi Havyer Solana, İsveçrə xarici işlər naziri Mişelin Kalmi Rey, Fransa xarici işlər naziri Bernar Kuşner də analoji bəyanatlar veriblər.  Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə dünən TRT telekanalının suallarını cavablandırıb. Jurnalistin “Protokolun imzalanması ilə Türkiyə Azərbaycanı yalnız buraxdımı” sualına xarici işlər naziri Əhməd Davudoğlu bunun müzakirə mövzusu belə olmadığını deyib.
Davudoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. O bildirib ki, Azərbaycanın taleyi ilə Türkiyənin taleyi ayrılmaz şəkildə bir-birinə bağlıdır. “Bizim heç bir şərtlə Azərbaycanı tək buraxmamızdan söhbət belə gedə bilməz. Keçmişdə olmadığı kimi, bu gün də deyil, gələcəkdə də olmayacaq. Bizim Azərbaycanın maraqlarına zərbə vurmamız, Azərbaycanı tək buraxmamız ola bilməz. Bizim siyasətimiz 2007-ci ildən başlayıb. Fevral ayından etibarən isə ictimaiyyət məlumatlandırılmağa başlanılıb. İctimaiyyət Türkiyə və Ermənistan arasındakı ikitərəfli görüşlərdən xəbərdar oldu. O gündən bu yana Sərkisyan və hörmətli Əliyev beş dəfə görüşdülər. 17 il içində neçə dəfə görüşdülər bir ona da baxaq. 6 - 7 ay içində 5 dəfə görüşmək niyə baş verdi, bölgədə nə dəyişdi? Yeni bir vəziyyətmi ortaya çıxdı? Dəyişən Türkiyənin həyata keçirdiyi diplomatik həmlələrdir. Bu baxımdan biz hərtərəfli barışıq deyərkən Azərbaycanın işğal altındakı torpaqlarını əhatə edən bir tənzimləmənin işarələrini veririk”, deyə Davudoğlu bəyan edib.
BMT-nin baş katibi Pan Ki Mun isə dünənki bəyanatında protokolların imzalanmasını alqışlayaraq tərəfləri onları mümkün qədər tez müddətdə ratifikasiya etməyə çağırıb. Baş katib hesab edir ki, bu anlaşma Cənubi Qafqaz regionunda sülhə və stabilliyə dəstək olacaq. Ermənistan prezidenti, protokollara görə erməni diasporunun “xain” elan etdiyi Serj Sərkisyan isə Sürixdəki imza mərasimindən sonra televiziya ilə xalqa müraciətində bildirib ki, Türkiyə ilə ilkin şərtlər irəli sürmədən münasibətlər qurmağın alternativi yox idi. Sərkisyana görə, imzalanan protokollar “soyqırım həqiqəti”ni heç vaxt inkar edə bilməz, “erməni soyqırımı” faktdır və tanınmalıdır. Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin də Türkiyə ilə münasibətlərdən tamamilə ayrı proses olduğunu qeyd edib. Sərkisyan deyib ki, əgər Türkiyə protokolları nəzərdə tutulan vaxtda ratifikasiya etməsə, o zaman Ermənistan da beynəlxalq qanunlara görə malik olduğu hüquqlarından istifadə edərək lazım olan addımları atacaq.
Protokolların imzalanması, gözlənildiyi kimi, beynəlxalq mətbuatda geniş rezonansa səbəb olub. Bu hadisə ilə bağlı çoxsaylı təhlillər və mülahizələr irəli sürülür.  Əsas diqqət isə protokolların ratifikasiyasının nə dərəcədə asan başa gələcəyi barədədir. Ekspertlərə görə, protokolların imzalanması Ermənistanda müxalifətin güclənməsinə gətirib çıxaracaq, çünki ictimai rəy və diaspor buna qarşıdır. Nəticədə qarşıdakı aylarda diasporun də güclü dəstəyi ilə Ermənistanda siyasi müxalifət güclənərək Sərkisyanın hakimiyyəti üçün ciddi problemə çevrilə bilər. Lakin belə görünür ki, böyük dövlətlər tərəfindən Sərkisyanın, eləcə də Türkiyədə AKP-nin hakimiyyətlərinə dəstək sözü də verilib. Bəyanatlardan da göründüyü kimi, protokolların imzalanmasından dərhal sonra onun ratifikasiyası haqda çağırışlar edilir. Bu çağırışlar daha çox sənədlərin Qarabağ problemi həll olunmadan parlamentdən keçməyəcəyini deyən Türkiyə rəhbərliyinə aiddir. İstisna deyil ki, Türkiyə tərəfi ratifikasiya prosesini bir neçə ay ləngidəcək, lakin sonda təzyiqlər qarşısında növbəti geri addım ataraq ratifikasiyanı yekunlaşdıracaq.
Amerika mətbuatı isə yazır ki, imzalanan protokollara görə gələn il üçün Nobel sülh mükafatını Abdullah Güllə Serj Sərkisyanın öz aralarında bölüşdürməsi ehtimalı kifayət qədər yüksəkdir. İstirahət gününə təsadüf etdiyi üçün Türkiyə müxalifəti liderlərinin Sürixdə baş verənlərlə bağlı mövqelərinə rast gəlinmir, lakin MHP və CHP-dən partiya funksionerləri artıq protokolların imzalanmasını tənqid ediblər. Bu həftə məsələnin Türkiyə siyasi gündəmində əsas yer tutacağı şübhə doğurmur. Mətbuat isə Azərbaycanda artmaqda olan etirazlar haqda yazır. Mövzu ilə bağlı xəbərlərdə  Türkiyənin aparıcı KİV-ləri tez-tez “Yeni Müsavat” qəzetinə istinadlar edirlər.
  • Yazılıb
  • da (də) 2009 Oct 12