Tarix : 2009 Oct 14
Kod 14492

TÜRKİYƏDƏ SƏRKİSYANA KABAB QONAQLIĞI VERƏCƏKLƏR

Ermənistanla imzalanan protokollar oktyabrın 21-də TBMM-də müzakirəyə çıxarılacaq
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolların imzalanması yalnız bu iki ölkənin gündəmini müəyyən edən başlıca mövzu olaraq qalmır. Bu məsələyə dünyanın nüfuzlu nəşrləri tərəfindən də geniş yer ayrılır. ABŞ-ın “The Wall Street Journal” qəzeti Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların işləməsi üçün ciddi maneələrin olduğunu, Dağlıq Qarabağ mövzusunda isə gizli bir sövdələşmənin ola biləcəyini yazıb.
Qəzet Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıdakı bəyanatlarını xatırladaraq Ankaranın Qarabağ şərtindən imtina etməsinə İrəvanda şübhələr olduğunu bildirib. Xəbərdə Ərdoğanın “Bakıdan gələn ciddi təzyiqlə qarşı-qarşıya olduğu” qeyd edilib. Qəzet separatçı Dağlıq Qarabağ rejimi “prezidenti”nin mətbuat katibi David Babayanın “Protokollarda rəsmi olaraq Qarabağdan danışılmır. Amma bəziləri gizli bir müqavilə hazırlandığını düşünür” sözlərini də sitat gətirib.
Qəzet Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin bu ilin sonuna qədər açılması ehtimalı barədə dediklərini də xatırladıb: “Hər şey mümkündür. Bu, tərəflərin əldə edilən razılaşmalara hörmət etmələrinə və bu istiqamətdə irəliləmələrinə bağlıdır”.
Yeri gəlmişkən, Ermənistanın müxalifət partiyalarından biri ölkə qanunvericiliyini pozduğuna görə xarici işlər naziri Edvard Nalbəndyanı məhkəməyə vermək niyyətindədir. “İnsan haqları - 96" partiyasının mətbuat xidmətindən bildiriblər ki, xarici işlər naziri erməni-türk protokollarını imzalamaqla Ermənistan Respublikasının ”Beynəlxalq müqavilələr haqqında" qanun müddəasını kobud şəkildə pozub. Bununla əlaqədar olaraq partiya məhkəməyə müraciət etmək üçün iddia hazırlayır.
Ermənistan Milli Konqresi (EMK) isə protokolların imzalanması ilə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, sənədlərin hər iki ölkə parlamentində təsdiq edilib-edilməməsindən asılı olmayaraq Türkiyə istədiyini alıb: “Çünki Türkiyə tərəfi protokolların imzalanmasından sonra da sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ problemi ilə bağlamaqda davam edir”.
Qondarma “soyqırım”la bağlı komissiyanın yaradılması məsələsinə gəldikdə isə bəyanatda bildirilir ki, Ermənistan prezidenti Serj Sərkisyanın bu razılığından sonra Dağlıq Qarabağ problemi və erməni-türk münasibətləri bir qovluğa daxil ediləcək. EMK həmçinin qeyd edir ki, öz xalqı arasında dəstək qazanmayan və bunu beynəlxalq ictimaiyyət arasında axtarmağa cəhd göstərən Ermənistanın hazırkı prezidenti Dağlıq Qarabağ probleminin həlli məsələsində də analoji qəbuledilməz güzəştlərə getməyə hazırlaşır.
Türkiyədə isə protokolların müzakirəsinə az qalır. Türkiyə Böyük Millət Məclisi (TBMM) onu oktyabrın 21-də müzakirə edəcək. Lent.az-ın “CNN-Turk”ə istinadən verdiyi məlumata görə, dövlət naziri Cəmil Çiçək Xarici İşlər Nazirliyinin protokolları oktyabrın 21-də müvafiq məlumatlarla bir yerdə parlamentə təqdim edəcəyini deyib. Cəmil Çiçək onu da qeyd edib ki, xarici işlər naziri Əhməd Davudoğlu protokolların imzalanmasından öncə Azərbaycan tərəfi ilə danışıqlar aparıb və o, bu danışıqları davam etdirmək üçün gələn həftə Bakıya səfər edəcək.
Ərdoğan “Sarı gəlin”ə yiyə durmadı
TBMM Ermənistan-Türkiyə protokollarını ratifikasiya etmək üçün Azərbaycan-Ermənistan münaqişəsindəki irəliləyişləri nəzərə alacaq. Bunu dünən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib: “Ermənistanla imzalanmış protokolları qarşıdan gələn həftədə TBMM-ə göndərəcəyik. Amma parlamentimiz protokolları ratifikasiya etmək üçün Azərbaycan-Ermənistan münaqişəsindəki irəliləyişləri nəzərə alacaq”.
Ərdoğan bildirib ki, Türkiyə Ermənistanla normal münasibətlərin qurulması üçün əlindən gələni edəcək. Baş nazir protokollarla bağlı TBMM-i məlumatlandırmaq üçün çıxış edəcəyini qeyd edib: “Biz ermənilərlə yüz illərlə bir yerdə yaşamışıq, qonşu olmuşuq, ortaq tarixi paylaşmışıq. Aramızda hələ də erməni sənətkarlarının yetişdirdiyi sənətkarlar var. Bütün bu həqiqətləri bilirik. Bir ortaq gələcəyi birlikdə formalaşdırmaq, dostcasına əlaqələr qurmaq, ölkələrimizin rifahı üçün bölgədə sülh siyasəti yürütmək qarşılıqlı olaraq bizim əlimizdədir”.
Baş nazir “Sarı gəlin” mahnısı barədə də danışıb. O, bu mahnının azərbaycanlılara, ermənilərə və türklərə aid olmasının heç bir önəminin olmadığını qeyd edib: “Bu mübahisələr son dərəcə lazımsızdır. ”Sarı gəlin"i dinlədikdə hamımız duyğulanırıq. Gözlərimiz yaşarır. Sözləri fərqli olsa da musiqisi ilə hamımız eyni mənaya dalırıq".
Dövlət Baxçalı: “Azəri qardaşlarımızın könlünü necə alacağıq?”
Dünən Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı partiyasının qrup toplantısında protokolların imzalanması ilə bağlı hökuməti sərt tənqid edib. D.Baxçalı deyib ki, Sürixdə imzalanan protokollar supergüclərin Türkiyəyə diqtəsinin nəticəsidir. O, protokollarda Qarabağ şərtinin yer almamasını pisləyərək “Azəri qardaşlarımızın könlünü necə alacağıq” - deyə sual edib.
D.Baxçalı Bursada bu gün oynanılacaq Türkiyə-Ermənistan matçına Sərkisyana xoş gəlmək üçün Azərbaycan bayraqlarının buraxılmamasını da sərt tənqid edib: “Erməniləri üzməmək üçün Azərbaycan bayrağını Türkiyəyə buraxmırsınız. Amma Azərbaycan bayrağı Böyük Millət Məclisindədir”.
Türkiyənin “Sabah” qəzeti isə yazır ki, Türkiyənin rəsmi şəxsləri bu gün Ermənistan prezidentini kababa və qızardılmış şabalıda qonaq etməyi planlaşdırırlar. Türkiyə rəsmiləri bir daha əmin ediblər ki, polis təhlükəsizlik tədbirlərini gücləndirəcək və türkiyəli azarkeşlərin başqa dövlətlərin bayraqları ilə stadiona daxil olmasına icazə verməyəcək.
Qarabağın Azərbaycanlı İcması narahatdır
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin iclasında 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması, diplomatik əlaqələrin yaradılmasına dair protokolların imzalanması ilə bağlı qardaş ölkənin ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” protokolların imzalanması xəbərini dərin narahatlıqla qarşılayıb. Biz Türkiyə Cümhuriyyətinin qonşu Ermənistanla öz tarixi problemlərinin həllinə və beləliklə də, bu ölkə ilə münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərinin böyük əhəmiyyətə malik olduğunu anlayırıq. Lakin bununla yanaşı, bildiririk ki, hazırkı şəraitdə Türkiyə və Ermənistan arasında sərhədlərin açılması həm Türkiyə, həm də ona yaxın olan qardaş Azərbaycan vətəndaşları üçün kəskin nəticələrə gətirib çıxara bilər".
Dağlıq Qarabağın Azərbaycanlı İcması Türkiyə ictimaiyyətindən xahiş edib ki, sərhədlərin Ermənistanın üzünə açılmasına imkan verməsin: “Azərbaycan ərazilərinin işğaldan azad olunması və didərgin düşmüş bütün azərbaycanlıların, o cümlədən bizim Dağlıq Qarabağ da daxil olmaqla, öz torpaqlarımıza qayıtmağımız naminə sizə üz tutub müraciət edirik ki, sərhədlərin Ermənistanın üzünə açılmasına və işğalçının haqsız təşviq edilməsinə yol verməyəsiniz. Türkiyənin Ermənistanla əlaqələrinin normallaşdırılmasına yönəlmiş səyləri Ermənistanın Azərbaycana qarşı işğalı bitməyincə uğurla nəticələnə bilməz. Regionda Türkiyənin marağında olduğu sülh və təhlükəsizliyin bərpa edilməsi Ermənistanla Azərbaycan arasında olan münaqişənin həllindən bilavasitə asılıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən zorla qovulmuş azərbaycanlıların icması inanır ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir, regionun gələcəyi məhz iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığından asılıdır”.
  • Yazılıb
  • da (də) 2009 Oct 14